Kriminal

Qızına əyin-baş alıb bəzədi, ürəyinə bıçaq vurdu - FOTO

4 Dekabr 2016 16:58
22 Şərh     Baxış: 6 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 gün əvvəl Salyan rayonunun Xurşud kənd sakini, 18 yaşlı Fərqanə Əsədovanı qətlə yetirən atası Rauf Əsədov 2-ci qrup Qarabağ əlili imiş.

Bu barədə virtualaz.org saytına məlumatı mərhum qızın yas yerində əmisi Babək Əsədov verib. B.Əsədov deyib ki, qardaşı, 1975-ci il təvəllüdlü Rauf orta məktəbdə əlaçı şagird olub. Amma sonralar təhsilini davam etdirməyib, sürücü-mexanik peşəsinə yiyələnib. Kənd təsərrüfatı texnikalarının təmiri üzrə ən yaxşı ustalardan sayılırmış.

Ailə həyatı qurub. Kiçiyi 10, böyüyü 20 yaşında olan 5 uşaq atası olub. Evləri olmadığından kənddəki istifadəsiz köhnə məktəb binası məskunlaşmaq üçün onlara verilibmiş. Elə qətl hadisəsi də burada baş verib.

Rauf Əsədov 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərin birində ağır yaralanaraq 2-ci qrup əlil olub. Elə o vaxtdan da əsəb sarsıntısı keçirdiyindən psixolji problemləri yaranıb, içkiyə və narkotikə qurşanıb. Nəticədə iki dəfəyə 10 ildən yuxarı məhkumluq həyatı yaşayıb. Bir dəfə dava-dalaş, bir dəfə isə narkotikə görə cəza çəkib.

Qardaşı deyir ki, Rauf bəzən bir həftə düzəlib "ağıllı-başlı" adam olurdu, sonra yenə aqressiv duruma düşürdü və səbəbsiz yerə dava-dalaş salırdı. Bir ay əvvəl - dörd il yarım həbs çəkəndən sonra - azadlığa çıxıbmış.

Saytımızın digər mənbələrdən əldə etdiyi məlumata görə, həbsdən qayıdan Rauf həyat yoldaşını döyüb-söyərək incitdiyindən qadın atası evinə gedibmiş. Ailədə hələ Raufun həbsindən əvvəl də münaqişə yaşanırmış və hətta Əsədovlar ailəsi münaqişəli ailə kimi polisdə qeydiyyatda imiş. Belə ki, bir neçə gün əvvəl Rauf qızı Fərqanənin üzərinə qaynar çaydan ataraq xəsarət yetirdiyinə görə polisdə araşdırma aparılırmış. Hadisədən 1 gün əvvəl isə atası Fərqanəni rayon mərkəzinə apararaq onun üçün xeyli əyin-baş alıb. Amma evə qayıdan axşamı bıçaqla vuraraq əvvəlcə yaralayıb, bir qədər keçdikdən sonra isə yaralı qızı 2-ci bıçaq zərbəsi ilə ürəyindən vuraraq qətlə yetirib.

Deyilənə görə, Rauf həmin axşam 2 şüşə araq içibmiş... Qızını öldürən sərxoş ata gecə saat 3 radələrində ağlaya-ağlaya oğlu, 17 yaşlı Əkbəri yuxudan oyadıb ki, "Fərqanəni qətlə yetirmişəm". Əkbər isə, atası həbsxanadan yenicə çıxdığından polisə gəlib və qətli üzərinə götürüb. Amma hüquq-mühafizə orqanlarının apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Əsədov qızını sinə nahiyəsindən 2 dəfə bıçaqla vuraraq qətlə yetirdiyini etiraf edib.

Onu da qeyd edək ki, Əsədovlar ailəsi çox mühafizəkardır. Belə ki, bizə göstərməyə Fərqanənin bir şəklinin belə olmadığını bildirdilər. Hətta qızın məzarındakı nişan taxtası üzərində ad və soyadı da yazılmamışdı...

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.