Kriminal

İstanbul faciəsinin azərbaycanlı ŞAHİDİ Milli.Az-a DANIŞDI - "Anamı, az qalırdı ki, tapdalayıb öldürələr" - FOTO

2 İyul 2016 12:52
15 Şərh     Baxış: 8 289
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə iyunun 29-da daha bir terror şoku yaşadı. Atatürk Hava Limanına edilən kamikadze basqını 44 insanın həyatına son qoymaqla yanaşı, 150-dən çox şəxsin ağır yaralanması ilə gündəmi silkələdi. Axşam saatlarında həyata keçirilən terror aktı dünyada ciddi rezonans doğurdu. Ölkə başçıları baş verən faciəylə bağlı Türkiyə prezidenti Ərdoğana başsağlığı verdi, hətta məşhurlar bu dəhşətli teraktı pislədilər.

Türkiyənin dünyanın ən çox turist qəbul edən ölkələrindən biri olduğu heç kimə sirr deyil. Bu səbəbdən də Atatürk Hava Limanının xidmətindən hər gün yerli əhali ilə yanaşı kifayət qədər əcnəbilər də istifadə edir. Faciədə ölən və yaralananlar arasında başqa ölkələrin vətəndaşları da az olmayıb. Xoşbəxtlikdən ölənlər arasında həmvətənlərimiz olmayıb. Lakin bu, o demək deyil ki, həmin terakt anında Atatürk Hava Limanında azərbaycanlılar yox idi.

Milli.Az-ın araşdırması sonrası məlum oldu ki, faciə zamanı hava limanında onlarla həmyerlimiz olub. Xoş təsadüf nəticəsində onlar dəhşətli gecədən sağ çıxa biliblər. Belə həmyerlilərimizdən biri də Hacıbəyova Cənnət və onun anası Rəna xanım olub.

Dünyanı dəhşətə gətirən bu qanlı terakt anında hava limanında olan həmyerlimiz Cənnət xanım gördüklərini Milli.Az-a danışdı:

"Axşam saat 9-un yarısı olardı, hava limanına çatdıq. "Registrasiya"dan keçdik. 12-nin yarısı, 12-yə qalmış biz İstanbul-Bakı reysi ilə yola düşməli idik. Anamla oturub növbəmizi gözləyirdik. Saat haradasa təxmini 10-un yarısı olardı. Biz hava limanının 221-ci gözləmə zalında idik. Bir də pəncərədən gördüm ki, millət qaçır. Birinci başa düşmədik. Elə bu an qışqırıq səsləri eşitdik, ardınca güclü partlayış oldu. Az qala yer ayağımızın altından qaçacaqdı. Elə güclü bir partlayış idi. Camaat bir-birinə qarışdı ki, "terror baş verdi". Partlayış ardınca silah səsləri eşidilməyə başladı.

Bir tərəfdə atışma, silah səsləri, digər tərəfdə insanların fəryadı. Mən özüm də çox qorxdum. Həmin vaxt 221-in qapısı açıldı, polis işçiləri və təhlükəsizlik qüvvələri yüzlərlə insanı bizim gözlədiyimiz zala ötürüb, oradan çıxmamağımızı tapşırdılar. Camaata dedilər ki, hal-hazırda bura ən təhlükəsiz yerdir.

"Biz xəbər etməyincə buranı bir nəfər belə özbaşına tərk etməsin" söylədilər. Qapını arxadan bağladılar ki, heç kim oradan çıxmasın. Camaat qapını sındırmaq istəyirdi ki, tunellə təyyarəyə doğru qaçsınlar. Yenidən hava limanının əməkdaşları qapını açıb sərnişinlərə səbrli olmağı xahiş etdilər. Oranın işçiləri özləri belə qorxu, həyəcan içində idilər. Təyyarə də artıq yaxınlaşmışdı ki, bizdən öncəki reysin sərnişinlərini götürsün.

Deyilənə görə, təyyarənin qapısını açıb İstanbula gələn sərnişinləri hava limanına buraxmadılar.

Təyyarənin içində də xeyli insan gözləyirdi. Terrorçular 119-cu sektorda idilər. Həmin an xeyli hərbçinin bizim saxlandığımız 221-ci zala girdiyini görəndə sevindim. Çünki uşaq və yaşlı insanlar aramızda çoxluq təşkil edirdi. Mən nə qədər soyuqqanlı olsam da, çox qorxdum. Özümə görə yox, yanımda yaşlı anam var idi, ona görə çox qorxurdum. Bizə tez-tez məlumat verilirdi ki, ara sakitləşməyənə kimi bir sərnişin də qapıdan buraxılmayacaq. Ara bir az sakitləşmişdi ki, yenə güllə səsləri eşidildi. Qadınlar qaçıb saxlandığımız zalın ayaqyoluna doluşdular.

Allah şahid ki, həmin an nə hisslər keçirdim. Terrorçuların bizə yaxınlaşdığı anbaan hiss edilirdi. Atəş səslərinin getdikcə 221-ə yaxınlaşdığını hiss edən sərnişinlər isə "panika" içində nə etdiklərini belə bilmirdilər. Registrasiyayla bizim aramızdakı məsafə çox az idi. Ora 119, bizim olduğumuz sektor 221. Dedim, burada kamikadze özünü partlatsa, içimizdə sağ insan qalmayacaq. Həmin an hərbiçilər 119-dan yanımıza bir neçə sərnişin gətirdilər.

Onların bizə dediklərinə görə, terrorçular 4 nəfər olublar. Registrasiya zamanı şübhəli şəxs kimi saxlanılarkən ikisi özünü partladıb, digər ikisi isə qaçmağı bacarıb. Bunu danışan şəxsin bu sözlərindən sonra 221-dəki sərnişinlər hamısı bir-birinə qorxu dolu nəzərlərlə, şübhəli-şübhəli baxmağa başladılar. Hər kəs elə zənn edirdi ki, onlar ola bilsin, bəlkə bu an aramızdadır. İnsanda "Görəsən, aramızda o 2 terrorist hansıdır?!" kimi şübhələr yaranmağa başladı.

Artıq saat gecə 1 olardı. Ara sakitləşmişdi. O an polis əməkdaşları qapını açıb, bizi oradan çıxartmaq istədiklərini dedilər. Gizli yoldur deyirdilər, tunel idi, bizi o yolla çıxartmağa başladılar. Orada 5 reysin sərnişini var idi. Camaat hələ də qorxu, təlaş içində idilər. Hava limanını tez tərk etmək üçün hamı bir-birini əzib keçirdi. 221-dən çıxanda isə gördüklərimdən şoka düşmüşdüm. Ətraf qan içində, yerdə insan cəsədləri. Hava limanında salamat şüşə yox idi.

Hər yer güllə, qəlpə izləri idi. Çıxış qapısına çatırdıq ki, yenidən atışma başladı və birdən təsəvvür et ki, yüzlərlə insan təlaş içində geri dönərək üstümüzə doğru qaçmağa başladılar. Onda anamı itələdilər, yıxıldı. Çox qorxdum! O an nə qədər insan ayaq altda qalıb əzildi. Anamı, az qalırdı ki, tapdalayıb öldürələr. Özümü güclə ələ alıb anamı ayaq altından qaldırdım. Elə bir vəziyyət yaranmışdı ki, ana öz balasını qoyub qaçırdı. 

Amma bütün bu olanlara rəğmən çox sağolsunlar ki, daha çox insan ölümünün qarşısı alındı. Bizi qorudular. Terrorçular zərərsizləşdiriləndən sonra bizi otellərə yerləşdirdilər. Hal-hazırda anamın da, mənim də vəziyyətimiz normaldır. Bakıya qayıtmağı gözləyirik.

İyulun 2-si bizi "Asiye Gökçe" Hava Limanı ilə Bakıya yola salacaqlar.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.