Kriminal

Qətlə görə tutuldu: azadlığa çıxdı

1 İyul 2016 17:52
0 Şərh     Baxış: 1 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Aleksandr Aleksandroviç İvanyukun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən bildirir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, A.İvanyukun apellyasiya şikayəti təmin edilib. Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib. Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.
Hər iki şəxs Rusiya şirkətlərindən birinin əməkdaşları olub və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin verdiyi sifarişi yerinə yetirmək üçün Bakıya gəlibmiş. Sifarişə əsasən, onlar səfirlikdə videogörüntü və mühafizə sistemlərini quraşdırmalı imiş.

İttiham aktına əsasən, hadisə 2014-cü ilin sentyabr ayının 21-də Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, 104 saylı binanın 44-cü mənzilində baş verib. Həmin ünvanda Rusiya vətəndaşları A.İvanyuk və Sergey Siçenkov arasında mübahisə yaranıb. Belə ki, S.Siçenkovun 100 manat pulu itib. Bundan sonra A.İvanyukdan şübhələndiyini bildirib. Daha sonra S.Siçenkov A.İvanyuku döyüb. Bu zaman A.İvanyuk S.Siçenkovu eyvandan aşağı atıb. Hadisə nəticəsində S.Siçenkov ölüb.

Fakt üzrə Nərimanov Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (CM) 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə A.İvanyuk barəsində cinayət işi başlanılıb.
İstintaq zamanı CM-in 124-cü maddəsi həmin məcəllənin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsinə tövsif olunub və Nərimanov Rayon Məhkəməsində A.İvanyuk barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İbtidai istintaq və məhkəmə zamanı A.İvanyuk özünü təqsirli bilməyərək göstərib ki, o, S.Siçenkovu öldürməyib. O ifadəsində bildirib ki, S.Siçenkov onu döyən zaman o, eyvanda yarı yıxılı vəziyyətdə olub. A.İvanyuk deyib ki, həmin zaman S.Siçenkovun ayaqlarından tutub saxlamağa cəhd edib, lakin mərhum arxası küçəyə olan vəziyyətdə məhəccərdə oturduğundan onu yenidən təpiklə vurmaq istəyəndə müvazinətini itirərək aşağı yıxılıb. Məlum olub ki, S.Siçenkov həmin gün spirtli içki qəbul edib. Təqsirləndirilən şəxs bildirib ki, hadisə ani baş verdiyindən o, S.Siçenkovu tutub saxlaya bilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.İvanyuk 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi Ülkər Yusifova apellyasiya şikayəti verib. Bakı Apllyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb. Daha sonra işə Ali Məhkəmədə baxılıb. Ali Məhkəmənin qərarına əsasən, A.İvanyuk barəsində Bakı Apllyasiya Məhkəməsinin qərarı ləğv edilib, cinayət işinə yenidən baxılması üçün Bakı Apllyasiya Məhkəməsinə göndərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.