Kriminal

Ərinin bıçaqladığı hamilə qadın doğdu

2 Avqust 2015 09:00
38 Şərh     Baxış: 6 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğuzda 29 yaşlı kişi hamilə həyat yoldaşını bıçaqlayıb.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqust ayının 1-i axşam saatlarında rayonun Bucaq kəndində baş verib. Rayonun Padar kənd sakini, 1986-cı il təvəllüdlü Teyub Aydın oğlu Atakişiyev həyat yoldaşı, 1992-ci il təvəllüdlü Röyalə Elman qızı Atakişiyeva ilə Bucaq kəndində yaşayan qaynatası Elman Qədirlinin evində ailə münaqişəsi zəminində mübahisə edib. Mübahisə zamanı 29 yaşlı Teyub Atakişiyev əlindəki bıçaqla həyat yoldaşı Röyalə Atakişiyevanın qarın boşluğuna bir bıçaq zərbəsi vurub. Röyalə Atakişiyeva aldığı bıçaq xəsarəti ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.
 
Oğuz RMX-dan APA-ya verilən məlumata görə, bədənin sol qasıq nahiyəsindən daxilə nüfuz etməyən kəsilmiş və deşilmiş bıçaq xəsarəti alan Röyalə Atakişiyevanın müayinəsi zamanı onun 8 aydan yuxarı hamilə olması da müəyyən edilib. Röyalə Atakişiyevanın yarası üzərində cərrahiyə əməliyyatı aparıldıqdan  sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra isə Röyalə Atakişiyevada doğuş sancıları baş qaldırıb. Vəziyyət nəzərə alınaraq Röyalə Atakişiyeva Şəki RMX-nın doğum şöbəsinə göndərilib.
 
Şəki RMX-nın doğum şöbəsinin növbətçi həkimi Nəzakət Hacıyevanın APA-ya verdiyi məlumata görə, Röyalə Atakişiyeva avqustun 1-i axşam saat 22 radələrində Şəki RMX-nın doğum şöbəsinə daxil olub. Röyalə Atakişiyeva doğum şöbəsinə daxil olduqdan bir saat sonra təbii yolla 36 həftəlik, çəkisi 2 kq 600 qram olan oğlan uşağı dünyaya gətirib. Doğuş zamanı Röyalə Atakişiyevanın sol qasıq nahiyəsindən aldığı bıçaq yarasında heç bir qanaxma baş verməyib, doğuş normal keçib.
 
Hadisəni törədən Teyub Atakişiyev isə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.