Kriminal

Bakıda xəstə həkimə dəhşət yaşatdı: "Başını kəsəcəyəm" - YENİLƏNİB - FOTO

7 İyul 2015 13:28
53 Şərh     Baxış: 13 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:28

Ötən gün boğazına bıçaq çəkilmiş 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyeva ölkə.az-a danışıb.

Həkim əməkdaşımızla söhbətində bildirib ki, hadisə ötən gün Binə qəsəbəsində Yeni Sahə adlanan yerdə baş verib.

Qeyd edək ki, bu barədə ilk xəbəri "Qafqazinfo" verib. Çağırış zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərərkən, xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bıçaq dirəyib. Ş.Alıyeva baş verənlər barədə bunları deyib:

"İyulun 6-da gecə 02:15-də çağırış verilib, 15 dəqiqə sonra orada olmuşuq. Elbrus Əliyevin atasına gündə bir neçə dəfə təcili yardım çağırılır. Hər dəfə də sanki sifariş verirmiş kimi "mənə filan iynələri vurmalısan" deyir. Soruşanda, müayinə etmək istəyəndə deyir, sən kimsən ki, bunu vurmalısan. Çox vaxt da çağırışı atasının adına verir, amma "xəstə" özü olur. Bu dəfə də içəri keçəndə soruşdum ki, xəstə kimdir? Qaranlıq bir otağı göstərib dedi ki, atam oradadır, gedin baxın. Dedim ki, işığı yandırın. Aqressiv şəkildə dedi ki, yandırmıram, mənim atamdır deyə, gec gəlmisiniz. Özüm işığı yandırıb xəstəni müayinə etdim. Təzyiqi var idi. Başımı qaldırıb tibb bacısına söz demək istəyəndə bıçağı boğazıma dirədi. Bıçağı boğazıma sürtə-sürtə deyir ki, sənin başını kəsəcəyəm. Neçə dəqiqə bıçağı boğazımda saxladı. Boğazımda izlər də var. Mən də susub dayanmışam. Bir neçə dəqiqə evdən çıxmağa imkan olmadı, polisə xəbər verə bilmədik. Bir neçə dəqiqədən sonra mənə kinayə ilə bildirdi ki, rəngin qaçdı, qorxdun. Ona görə sənin başını kəsmirəm. Deyə-deyə də bıçağı boğazıma sürtür. Çox qorxdum... Sonra birtəhər tibb bacısına işarə elədim ki, get maşından dərman gətir. Qız otaqdan çıxanda bu bıçağı mənim boğazımdan çəkib digər otağa keçdi. Həmin otaqda stolun üstündəki qəndqabını, nəlbəkini mənim üstümə atmağa. Başımı çəkdim, dəymədi. Axırda birtəhər aradan çıxa bildim. Ardımızca gəlib təcili yardım stansiyasında sanitarlarla da dalaşıb. O adam bizim bütün həkimlərlə konflikt yaradır, təhqir edir. Hətta bıçağı boğazıma dirəyəndə atası da dinə bilmirdi. Çünki hamısı ondan qorxur".

Ş.Alıyeva bildirib ki, artıq aldığı xəsarətlə bağlı ekspertizadan rəy də alıb:

"Ekspertizadan rəy almışam. Bu adam həmişə belə davranır. Deyir, bir gün sizin həkimlərdən birinin başını kəsəcəyəm. Eşitdiyimə görə əvvəl narkoman olub".

-----------

12:24

Bakıda 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq çəkilib. Bu barədə "Qafqazinfo"ya həkimin jurnalist bacısı Günel Şahmalıqızı məlumat verib. Hadisə iyunun 5-i gecə saat üç radələrində Xəzər rayonu Binə qəsəbəsi, Yeni Sahə adlanan ərazidə baş verib. 

Belə ki, çağırış  zamanı sözügedən əraziyə yollanan həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu Elbrus Əliyev həkimlərin gec gəldiyini bəhanə edərək Şəfəq Alıyevanın boğazına bir neçə dəfə bıçaq dirəyib, onu söyüşlərlə təhqir edib. Sonra isə həkimi boğazını kəsəcəyi ilə hədələyib. Bundan sonra isə tibb bacısının üzərinə bıçaq çəkib. Hadisə barədə həkimlər dərhal "102" xidmətinə zəng vurub və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. C. Əliyev onların dalınca stansiyaya gələrək yenidən hədə-qorxu gəlib.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsinin ikinci bölməsində araşdırma aparılır. Həkimlərdən izahat alınıb. Hadisə araşdırılır.

---------

12:10

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elbrus Cavanşir oğlu Əliyev çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının həkimi, Bakı şəhər sakini Şəfəq Şahmar qızı Alıyevanın boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Milli.Az

-------------

12:24 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.