Kriminal

Prokuror bir polis əməkdaşını öldürən, üçünü yaralayan şəxslərə cəza istədi

5 May 2015 16:59
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində polis əməkdaşlarına silahlı basqın etməkdə təqsirləndirilən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərdən 6 nəfərin 15 il, 1 nəfərin 13 il, 1 nəfərin 14 il, bir nəfərin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses mayın 12-də davam etdiriləcək.

İstintaq zamanı məlum olub ki, Radif Ağamuradov Qusarda vəhhabi təriqətinə aid olan şəxslərdən "Ömər" ləqəbli Faiq Şahmuradov, "Əbu Hənifə" ləqəbli Ramiz Rəhimxanov, "Seyfullah" ləqəbli Edik Rüstəmov və digərləri ilə mütəşəkkil dəstə yaradıblar. Onlar valyutadəyişmə məntəqələrində və digər biznes sahələrində işləməyin və gəlir götürməyin haram olduğunu bildiriblər. Belə fəaliyyətlə məşğul olan şəxslərə basqın edib külli miqdarda pul əldə etmək qərarına gəliblər. Bu məqsədlə 2013-cü ilin yanvar-fevral aylarında Dağıstandan istintaqa məlum olmayan mənbədən silah-sursat alaraq Azərbaycana gətiriblər. Həmin silahla silahlanaraq oktyabrın 16-da Sadir Mustafayev adlı şəxsə hücum edib, ondan külli miqdarda pul götürüblər. Həmin cinayət işi ilə əlaqədar Edik Rüstəmov polislər tərəfindən saxlanılıb. O, oğurladıqları pulu qaytarmaq adı ilə polis əməkdaşlarını aldadaraq meşəyə gətirib. Orada polis əməkdaşları ilə dəstə üzvləri arasında atışma baş verib. Həmin atışmada Qalib Quliyev adlı polis əməkdaşını öldürüblər. Mövlud Əliyev, Cəmil Nəsirov, Məhəmməd İbrahimov adlı polis əməkdaşlarına isə ağır bədən xəsarətləri yetiriblər. Həmin atışma zamanı dəstə üzvlərindən Edik Rüstəmov, Faiq Şahmuradov və Ramiz Rəhimxanov öldürülüb. Digərləri isə həbs edilib.

Qeyd edək ki, dəstə üzvləri - Radif Ağamuradov, Cavad Məhərrəmov, Murad İsayev, Elxan İsrafilov, Elnur Musayev, Bağır Ağayev, Şamil Manafov, Tərlan Salmanov, Osman Mustafayevdir. Onlardan "Makarov" və "Naqan" tipli 2 tapança, tapança üçün səsboğucu, 35 ədəd patron, 1 ədəd qumbara, 1 ədəd ov bıçağı və çöl şəraitində istifadə edilən xeyli məişət əşyaları aşkar edilərək götürülüb.

Onlar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin müxtəlif bəndləri, 177-ci (oğurluq) maddəsinin müxtəlif bəndləri, 29, 120-ci (qəsdən adam öldürməyə) cəhd maddəsinin müxtəlif bəndləri, 228-ci (qanunsuz olaraq odlu silah saxlama), 217-ci (banditizim) maddəsinə və digər maddələrə əsasən ittiham olunurlar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.