Kriminal

Paytaxtda dəhşətli cadu: ölüm falının təfərrüatları

1 Aprel 2015 12:07
3 Şərh     Baxış: 7 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əsrlər əvvəl olduğu kimi, indi də xurafat Azərbaycanda cinayətlərə, qanlı olaylara səbəb olub. Əbdürrəhim bəy Haqverdiyevin "Dişim ağrıyır, gedim, başımı qırxdırım" söyləyən qəhrəmanları, o "marallar" yurdumuzdakı insanlar arasında nadir fərdlər deyil. Cadu-piti, falla problemləri həll edənlər, əslində, problemlərini daha da ağırlaşdırırlar.

Bakıda da gənc oğlan problemini, səhhətini falla yaxşılaşdırmaq istədiyi halda, cinayətkar olub. Bir neçə gün öncə Səbail rayonunda falçı kişi qətlə yetirilmişdi. Həmin qətllə bağlı bir nəfər dünən saxlanılıb. Həmin hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu Bakıda falçını qətlə yetirən şəxsin tutulması ilə bağlı məlumat yayıblar. Bakı Şəhər Prokurorluğundan Milli.Az-a daxil olan məlumatda qeyd edilir ki, martın 14-də saat 12 radələrində Bakı şəhər sakini, 45 yaşlı Tahir Talıbovun Səbail rayonunda kirayədə yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyidi aşkar edilib.

Bu barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 28 yaşlı Məhəbbət Cahangirov martın 31-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaqla T.Talıbovun martın 14-də şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı M.Cahangirov tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürüldüyü müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az-ın əldə etdiyi məlumata görə, M.Cahangirov falçını hansı səbəbdən öldürməsini istintaqa ifadəsində açıqlayıb. M.Cahangirov bildirib ki, baş ağrıları ilə bağlı falçı T.Talıbovun yanına gedib. Falçı isə onun baş ağrılarını götürəcəyini deyib. Lakin falçının əməlləri xeyirli olmayıb və baş ağrıları getməyib. Tahirə ağrılarının getmədiyini deyəndə isə laqeyd cavab alıb. Bunun üstündə mübahisələri düşüb və Tahiri öldürüb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.