Kriminal

Bakıda "kley iyləyənlər" - VİDEO

27 Yanvar 2015 12:10
0 Şərh     Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həkimlər bunun qarşısının alınması üçün həyəcan təbili çalırlar

Paytaxt küçələrində əli sellofan torbalı uşaqlara rast gəlsəniz, heç də təəccüblənməyin. Şəhərin bir çox ərazilərində "kley iyləyən" yeniyetmələr son vaxtlar artmaqdadır. Gələcək nəsillərin yeni bəlası olan toksikomaniya növbəti etapda narkomanlığa gətirib çıxarır ki, bunun da qarşısını indidən almaq lazımdır.

Milli.Az ANS TV-yə istinadən yazır ki, təxminən 10-15 yaşlarında olan bir qrup uşaq əlində toksik maddə sayılan yapışqanla gəzir. El arasında "kley iyləmək" kimi bu vərdişin elmi adi toksikomaniyadır. Narkomaniya ilə tibbi-bioloji fərqi olmayan toksikomaniya bir növ ucuz uyuşdurucu sayılır. Ən çox istifadə olunanları isə sedativ vasitələr və kimyəvi maddələrdir. Bütün dünyada geniş yayılan "yapışqan iyləmək" ənənəsi sovetlər birliyinə qədər gəlib çıxıb. Məlumatlara görə, quruculuq illərində, Sibir çöllərində çalışan fəhlələr isinmək, bihuş olmaq üçün toksik maddələrin qəbuluna başlayıblar. Beləliklə də toksikomaniya bir növ aşağı təbəqənin həyat tərzinə çevrilib.

Zaman ötdükcə bu pis vərdiş bütün postsovet ölkələrinə yayıldı. Ucuz və kustar hallandırıcı SSRİ-nin tərkib hissəsi olan Azərbaycana da qədəm basdı və yeni bir bəlaya çevrildi.

"Narkomaniya" sözü hər kəsə aydındır. Amma ən az narkomaniya kimi təhlükəli və daha da öldürücü bir hal olan toksikomaniya haqqında əksər insanların məlumatı yoxdur. Xüsusən azyaşlı uşaqları olan valideynlər üçün narkotik maddələrə qurşanmağa meyl məsələsi daim nəzarətdə olsa da, toksikomaniyadan xəbərsizlik durumu bu məsələni də nəzarətsiz qoyur.

Şəhərdə apardığımız müşahidələr zamanı toksikomanların böyük əksəriyyətinin azyaşlı olduğuna rast gəldik. Elə yeniyetmələrin böyük əksəriyyəti tüfeyli həyat tərzi keçirir. Maraqlı tərəfi burasındadır ki, qrup halında paytaxt küçələrində gəzən bu toksikomanlar ətrafdakıların diqqətini belə cəlb eləmir.

Həkimlərin sözlərinə görə, toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə aslılığa gətirib çıxarır.

Həkim-toksikoloq Faiq Süleymanovun sözlərinə görə, toksikomanlar əsasən yapışdırıcı, aseton kimi müxtəlif vasitələrdən istifadə edirlər: "Qana tez bir müddətdə sovrulduqdan sonra, təbii ki, bütün orqanlara öz mənfi nəticəsini göstərir".

Bu isə onu deməyə əsas verir ki, bu uşaqlar bir müddətdən sonra potensial cinayətkar ola bilərlər. Çünki zəhərli maddələrə şiddətli meyl edən şəxslər sonradan aqressivləşir və istədiyini əldə etmək üçün hər şeyə hazır olur. Amma qanunda olan boşluq həmin insanların məsuliyyətdən yayınmasına şərait yaradır. Bu isə toksikomanların sayının artıq tempinə öz təsirini göstərə bilər. Sabiq polis rəisi Mahmud Hacıyevin sözlərinə görə, "yapışqan iyləyən"lərin qarşısını almaq huquq-mühafizə orqanlarının üzərinə düşür.

"Təbii ki, bu xoşəgəlməyən bir haldır. Bunun qarşısının alınması lazımdır. Aydın məsələdir ki, bunun qarşısını almaq hüquq-mühafizə orqanlarının üzərinə düşür. Bununla bağlı lazımi tədbirlər keçirilməlidir, planlar hazırlanmalıdır. Əsas güc Post Patrul Xidməti və sahə müvəkkillərinin üzərinə düşür".

2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda bu kimi hallar öz əksini tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.

Ümid edək ki, sadalanan qurumlar bu proqramı dövlət və millət naminə layiqincə həyata keçirəcək. Çünki söhbət bizim gələcək nəsillərimizdən gedir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

фото
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.