Kriminal

Bakıda tamah oyunu: sevgilisini soymaq üçün maskalıları çağırdı...

25 Yanvar 2015 15:37
0 Şərh     Baxış: 2 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Vüsal Hacıyevin və Lənkəran rayon sakini,1993-cü il təvəllüdlü Rafiq Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edir.

Haqqında söhbət açacağımız cinayət hadisəsi ötən il fevral ayının 14-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi 24/14 ünvanında yaşayan 35 yaşlı Pərvanə Quliyeva evdən çıxarkən naməlum şəxslərin hücumuna məruz qalıb. Qadına hücum çəkən maskalı şəxslər onun əl-qolunu və ağzını tutaraq evə salmağa cəhd ediblər. Lakin Pərvanənin onlara müqavimət göstərdiyini və köməyə adam çağırdığını görüncə hadisə yerindən qaçıblar.

Araşdırmalar zamanı hadisəni törədən şəxslərin kimliyi məlum olub. İstintaqla müəyyən edilib ki, Vüsal Hacıyev tanışı Rafiq Səfərov və istintaqa məlum olmayan "Qara" adlı şəxslə əlbir olaraq Pərvanə Quliyevanı 15 min manat pulunu ələ keçirməyi planlaşdırıblar. Bu məqsədlə Pərvanənin yaşadığı binanın qarşısına gəliblər. Rafiq Səfərov mənzilin giriş pilləkənlərində dayanaraq ətrafı müşahidə edib, üzlərinə maska keçirən Vüsalla "Qara" isə blokda dayanıb Pərvanənin evdən çıxmasını gözləyiblər. Qadın mənzildən çıxan kimi onun üzərinə hücum çəkiblər. Qışqırıq səsinə hadisə yerinə gələn binanın gözətçiləri Rafiq Səfərovu tutub saxlasalar da Vüsal və "Qara" qaçmağa müvəffəq olublar.

Törətdikləri cinayət əməlinə görə hər iki şəxsə qarşı Cinayət  Məcəlləsinin 181.3.2-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs qismində dindirilən Vüsal Hacıyev ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini, paytaxtda kirayə yaşadığını, tikintilərdə fəhləlik etdiyini göstərib: "Pərvanəni 4-5 il olar ki, tanıyırdım. Onun yaxın münasibətdə olduğu Səbuhi adlı oğlanı da tanıyırdım. Səbuhi ilə dost idik. Səbuhinin onun evində yaşadığını bilirdim. Hadisədən bir ay əvvəl Səbuhi mənə Pərvanənin mənzildə 10-15 min manat pul saxladığını, giriş qapısının açarının surətini çıxardığını dedi. Belə razılığa gəldik ki, Səbuhidə olan açarla qapını açıb pulları oğurlayaq. Əvvəlcə razılaşmaq istəməsəm də Səbuhi bir neçə dəfə təkid etdiyindən razılaşdım".

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, bir neçə gündən sonra o, Səbuhi ilə görüşüb, sonuncu ona mənzilin girişini göstərib, birlikdə evə girəcəkləri barədə danışaraq razılığa gəliblər: "Səbuhi mənə Pərvanə ilə bir yerdə qaldıqlarını, Pərvanənin hər gün səhər saat 9-10 radələrində işə getdiyini, axşam evə qayıtdığını, bu müddət ərzində pulu götürə biləcəyimizi dedi. Mənzilə necə girməyi planlaşdırdıqda belə qərara gəldik ki, bu işə daha iki nəfəri cəlb edək, Pərvanə evdən çıxanda əl-qolunu bağlayıb pulları aparaq.

"20 Yanvar dairəsi"ndəki kafedə tanış olduğum "Qara" və Rafiqlə danışıb bu barədə razılığa gəldik. Fevralın 14-də səhər saatlarında birlikdə binanın həyətinə getdik. Rafiqin qorxduğunu görüb ona girişdə dayanıb məlumat verməyi tapşırdıq. İdman papağından gözlük kəsib maska düzəltdik. "Qara" ilə birlikdə üçüncü mərtəbəyə qalxıb Pərvanənin çıxmasını gözlədik. Mənzilin qapısı açılanda birinci Səbuhi dəhlizə çıxdı. Pulu götürməyə gəldiyimizi görüb "Qara"nın yaxasından yapışdı, əlbəyaxa oldular. Pərvanəsə qapının ağzında durub qışqırırdı. "Qara" Səbuhinin əlindən çıxıb pilləkənlərlə aşağı qaçdı. Səbuhiyə dedim ki, niyə oyun oynayırsan, özün göstərmisən, indi niyə vurursan. Bu sözdən sonra Səbuhi dayandı, "Qara" ilə mən düşüb uzaqlaşdıq. Rafiqin tutulduğunu görmədik. Təxminən 10 gün parklarda yatdıqdan sonra Saray qəsəbəsində ev və iş tapıb ora köçdüm".

Təqsirləndirilən şəxs qismində dindirilən Rafiq Səfərov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, ifadəsində Vüsalı tikintidə işləyən vaxtdan tanıdığını, aralarında mehriban münasibət olduğunu göstərib: "Mən heç bir cinayət törətməmişəm. Vüsalla birlikdə işə gəldik. Hadisənin baş verdiyi binaya çatanda Vüsal həyətdə gözləməyi tapşırdı, özü isə xalasıoğlu kimi təqdim etdiyi "Qara" ilə birlikdə binaya girdi. 20 dəqiqədən sonra səs-küy qalxdı. Binanın gözətçiləri məni saxlayıb öz otaqlarına apardılar. Bir qədər sonra isə polis əməkdaşları gəldilər, məni bölməyə apardılar".

Zərərçəkmiş şəxs qismində dindirilən Rərvanə Quliyeva ifadəsində göstərib ki, səhər tezdən işə getmək üçün evdən çıxarkən iki maskalı şəxsin qapı önündə dayandıqlarını görüb: "Onlardan biri Səbuhi ilə əlbəyaxa oldu, ikincisi isə mənə hücum çəkərək mənzilə salmağa çalışdı. Özümdə güc toplayıb müqavimət göstərdim, fürsət tapıb dirsəyimlə qarnından vurdum. Ucadan qışqırıb köməyə adam çağırdım. Həmin şəxslər pilləkənlə aşağı düşməyə başladılar. Binanın gözətçisi onlardan birini tutub maskasını çıxara bildi. Həmin şəxsin Vüsal olduğunu görüncə "Vüsal, qaçma, səni tanıdım" deyib saxlamağa çalışsa da əlindən yayınıb qaçdı. Pilləkəndə dayanıb güdən oğlanı isə polis tutdu.

Polis bölməsində mənə məlum oldu ki, tutulan şəxsi Vüsal öyrədib, mənim evimdən pul götürmək üçün gətirib. Səbuhi ilə Vüsalın əlaqələrindən xəbərim olmayıb".

Məhkəmə prosesi yanvarın 30-da davam edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.