Kriminal

Qəbələni titrədən müəmmalı qətlin ÜÇ CAVABI

26 Noyabr 2014 16:42
0 Şərh     Baxış: 12 218
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəbələ rayonunda bu həftə baş vermiş qətl ilk baxışdan adi görünsə də, heç də sıradan cinayət olmayıb. Bunu Milli.Az-ın əldə etdiyi tutarlı məlumatlar söyləməyə əsas verir

Rayon ərazisində restoran fəaliyyəti ilə məşğul olan sahibkar, 47 yaşlı Vahid Vahabov evində amansızlıqla, həyat yoldaşının gözləri önündə qətlə yetirildi. Qətlin üstündən bir neçə gün keçməsinə baxmayaraq, qatillər, hələ də, tutulmayıb. Milli.Az rayonda ad çıxarmış iş adamının qətli ilə bağlı müxtəlif versiyalara rəvac verən məlumatlar əldə edib. 

1-ci versiya: Qəbələdə prinsipiallığı ilə seçilən V.Vahabovun birbaşa fəaliyyəti ilə bağlıdır. V.Vahabov ölümündən bir neçə gün əvvəl "Globeks" ve "Baku hotel company" mehmanxanaları üçün lisenziya alıb. Onun bu uğuru rəqibləri üçün xoş olmayan hal ola bilər.

Eyni zamanda, Vahidin "Soyuq bulaq" restoranının ətrafında söküntü işləri aparılırdı. O isə inadkarlıq edərək obyektinə toxunulmasına imkan verməmişdi.

2-ci versiya: İnandırıcı görünməsə də, tamah məqsədidir. V.Vahabov ölümündən bir neçə gün əvvəl "Toyota Prado" markalı avtomobilini satıbmış. Ehtimal ki, cinayətkarlar evdə pul olmasını zənn edərək basqın ediblər.

Bundan başqa, hadisədən 3 ay əvvəl də naməlum şəxslər onun evinə giriblər, ancaq qarət baş verməyib.

3-cü versiya isə ədavətddir. Bu versiyanın da əsası ondan qaynaqlanır ki, Vahid yaxın tanışları ilə yeyib-içərkən cəmi bir ay ömrü qaldığını deyib. Bu onun kimlərsə tərəfindən ölümlə təhdid olunmasına işarə edir.

Rayon sakinlərinin ailə üzvlərinin dilindən eşitdikləri də maraqlıdır. Cinayətkarlar evə qırmızı rəngli "VAZ-21011" markalı maşında gəliblər. Qəbələ ləhcəsində danışan 4 maskalı evə soxularaq Vahidin xanımının əl-ayağını bağlayıblar, pul tələb ediblər. Lakin pul ala bilməyərək Vahidlə əlbəyaxa olublar. Bunu evin tavanında olan güllə izləri də sübut edir. Bədənin sol hissəsindən, boyununa yaxın yerdən güllə yarası alan Vahid hətta qaçmaq istəyən cinayətkarların arxasınca həyətə kimi gedib. Gücü ondan o tərəfə getməyə çatmayıb, yarıda yıxılaraq keçinib. Bu hadisələr baş verəndə isə Vahidin xanımı ərinə kömək etmək üçün nə qədər çırpınsa da, əl-ayağı bağlı olub.

Qəbələ rayon prokurorunun köməkçisi Elçin Sadıqov Milli.Az-a açıqlamasında bildirdi ki, qətlin üstü hələ açılmayıb. Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir, faktla bağlı cinayət işi başlanıb. Prokuror köməkçisinin sözlərinə görə, qətlin mərhumun biznes fəaliyyəti və ya tamah məqsədilə törədilməsi istintaq sirridir.

Onu da əlavə edək ki, V.Vahabovun atası Rəşid Qəbələdə adla deyilən həkim olub. Hazırda istintaq qrupu qatillərin kimliyini müəyyənləşdirmək üçün işləyir.

Xatırladaq ki, son bir il ərzində Qəbələ rayonunda 3 nəfər bu tip cinayətin qurbanı olub.

Ötən ilin dekabrında Qəbələdə iki biznesmen güllələnmişdi. Onlardan biri "Qəbələ" Ticarət Mərkəzinin sahibi Eldar Kərimov idi.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.