Kriminal

Azərbaycan DİN-dən Elşən Nəzərovun iddialarına CAVAB

25 Noyabr 2014 15:43
1 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Daxili İşlər Nazirliyi (DİN) beynəlxalq axtarışda olan diaspor rəhbəri Elşən Nəzərovun səsləndirdiyi iddialara cavab verib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-nın sorğusuna cavabında bildirib ki, təqsirləndirilən E.Nəzərovun yaydığı açıqlama həqiqəti əks etdirmir: "Elşən Nəzərov bu ilin iyun ayının 4-dən Yevlax Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək barəsində həbsli axtarış elan olunub. O, polisə müraciət etmiş şikayətçiyə dələduzluq yolu ilə külli miqdarda ziyan vurmaqda günahlandırılır. Araşdırmalar zamanı Elşən Nəzərovun ölkə hüdudlarından kənarda olduğu təsdiqləndikdən sonra onun saxlanılması üçün İnterpola da müraciət edilib".

E.Zahidov təqsirləndirilən şəxsin ittihamlarına cavab verərək bu məsələyə siyasi çalar verməyin kökündən yanlış olduğunu qeyd edib və bildirib ki, E.Nəzərov törətdiyi konkret cinayət əməlinə görə axtarılır.

Qeyd edək ki, APA noyabrın 24-də Azər-Çex" Cəmiyyətinin sədri Elşən Nəzərovun beynəlxalq axtarışa verilməsi barədə xəbər yayıb. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunub ki, 40 yaşlı Elşən Nəzərov dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları onun saxlanılması üçün İnterpola müraciət edib.

E.Nəzərov isə APA-ya göndərdiyi açıqlamasında günahsız olduğunu bəyan edib: "2012-ci ildə mənə Çexiyada təhsillə bağlı bir azərbaycanlı ailə müraciət etmişdi. Onlara yardım etdim, Praqa Karl Universitetinə 6500 avro təhsil haqqı ödədilər, lazım olan sənədləri göndərdik, ancaq onlar öhdələrinə düşən sənədləşməni düzgün aparmadıqları üçün viza ala bilmədilər. Bütün bu sənədlər və ödəmələr haqqındakı qəbzlər, sübutlar əlimizdədir. Bu işdə mənim günahım olmasa da, o adamlara öz cibimdən 3000 dollar pul qaytardım. Ancaq onlar məni Azərbaycan hüquq-mühafizə orqanlarına müraciət etməklə hədələdilər və daha çox maddi vəsait tələb etdilər".

E.Nəzərov bu məsələni "kiçik problem" adlandırıb və deyib ki, həmin şəxslər məsələni siyasiləşdirmək istəyirlər.

O, 17 ildir ki, Çexiya Respublikasının rəsmi qoruması altında olduğunu da vurğulayıb: "Ümid edirəm ki, rəsmi Bakı da mənə şər atanları cəzalandıracaq. Şəxsən mən hər iki dövlətin müvafiq orqanları ilə əməkdaşlığa hazıram".

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurum artıq bir neçə ildir Elşən Nəzərov adlı şəxslə bütün əlaqələri kəsib:"Onun fəaliyyəti ilə bağlı dəfələrlə Dövlət Komitəsinə də şikayət xarakterli müraciətlər daxil olub".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.