Kriminal

Ana söyüşü, tin söhbəti, qonşu arvadın paltarı, 1 bıçaq, 5 il həbs...

2 Noyabr 2014 17:59
0 Şərh     Baxış: 2 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü İlqar Ələmdar oğlu Babayevin məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.

Məhkəmə yolu ilə müəyyən edilib ki, İlqar Babayev 19 iyul, 2013-cü ildə Maştağa qəsəbəsində qonşusu Sərvər Quluzadə ilə dalaşıb. Dalaşma zamanı Sərvər Quluzadənin onun ünvanına ana söyüşü söyməsindən əsəbləşərək ona bıçaqla zərbə endirib.

Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən İlqar Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Sərvər Quluzadəni tanıdığını, uzun illərdir ki, onunla qonşu olduqlarını göstərib: "Ailəliyəm, himayəmdə iki azyaşlı övladım var. Fərdi işlərlə məşğul olmaqla ailəmi dolandırmışam. Yaşadığım evin həyətində gül əkib-becərir, həmin gülləri satıb çörəkpulu qazanırdım.

Sərvərlə aramızda heç bir narazılıq olmayıb. Son zamanlar Sərvər spirtli içki qəbul edir, küçəyə çıxır, pis, ağır söyüşlər söyürdü. Onun söydüyü söyüşlər mənim həyətimdə eşidildiyi üçün dəfələrlə Sərvərə iradımı bildirmişəm. Bununla bağlı aramızda bir neçə dəfə mübahisə düşüb.

Hadisə baş verən gün həyətimdən topladığım gülləri bıçaqla təmizlədiyim vaxt küçədən yenə də Sərvərin söyüş söyməsini eşitdim. Əlimdəki bıçağı yerə qoymağı unudub şalvarımın belinə keçirdim. Küçədə qarajın qarşısında dayanan Sərvərə yaxınlaşıb iradımı bildirdim. O isə iradıma məhəl qoymayıb söyüşlə "get filan et" dedi. Əl-qol atdığından yumruqla bir neçə dəfə Sərvəri vurdum. Bu zaman Sərvər rəhmətə getmiş anamın qəbrinə söydü. Əsəbləşib bıçağı çıxartdım və bir dəfə zərbə endirdim. Həmin vaxt küçəyə çıxan qardaşım Vüqar qaçaraq gəlib bizim aramıza keçdi və mənim qolumdan yapışıb evə apardı.

Sərvərlə dalaşan zaman ətrafda heç kim yox idi. Sərvəri bıçaqla vurmaq, öldürmək niyyətim olmayıb. Törətdiyim əməldən peşmanam".

Zərərçəkmiş şəxs qismində dindirilən Sərvər Quluzadə İlqar Babayevlə heç bir düşmənçiliyi olmasa da üç il əvvəl aralarında mübahisə düşdüyünü deyib: "Mübahisəyə səbəb mənim digər şəxslərlə ağacın kölgəsində oturub söhbət etməyim olmuşdu. İlqar bizə yaxınlaşıb həmin yerdə arvad-uşaq keçməsi səbəbindən orada durmamağımızı tələb etmişdi. Bizim söhbət etdiyimiz yerlə İlqarın dalanının arasında on metr məsafə olub. Kənddə heç kim başını qaldırıb oradan keçən qadınlara baxmır. Aramızda buna görə dava düşsə də sonradan barışmışdıq, hətta birlikdə çörək də kəsmişik.

Sonradan hiss etmişdim ki, İlqar arvadını hər kəsə qısqanır. Ona görə də arvadının oradan keçərkən kənar şəxslərin orada olmasını istəmir. Onun arvadı şəhər qızı olduğundan şəhərə uyğun paltarlar geyinirdi. Mən bu məsələni İlqara deyəndə münasibətlərimiz pisləşdi".

Zərərçəkmiş şəxs son zaman spirtli içki qəbul edərkən özü-özünə söyüş söydüyünü etiraf edib: "Axır vaxtlar pivə içir, öz-özümə söyürdüm. Hadisə baş verən gün İlqar mənə iradını bildirəndə dedim ki, get işinlə məşğul ol. Mübahisəmiz davaya çevrildi. Əsəbləşib İlqarın ata-anasının qəbrini söydüm. O da bıçaqla məni vurdu. İlqarın qardaşı Vüqar məni xəstəxanaya apardı. Təqsirləndirilən şəxsin qanunla nəzərdə tutulan qaydada cəzalandırılmasını məhkəmədən xahiş edirəm".

Məhkəmənin hökmü ilə İlqar Babayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.