Kriminal

Evindən yarım milyardlıq heroin tapılan azərbaycanlı ilə bağlı daha bir xəbər - YENİLƏNİB

31 Oktyabr 2014 18:05
9 Şərh     Baxış: 17 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

18:05

"O, cinayətkar fiqur kimi bizi maraqlandırmayıb"


Moskva vilayətinin Kolçevo kəndində keçirilən əməliyyat zamanı 174 kq heroin aşkarlanan evin sahibi İmanov İlqar Nazim oğludur.

Bu barədə APA-ya Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin (NDNFX) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, İmanov İlqar Nazim oğluna məxsus evdə NDNFX-nin əməkdaşları 500 mln. dollar dəyərində 174 kiloqram heroin konsentratı aşkarlayıblar. Əməliyyat zamanı mütəşəkkil dəstənin üzvü olan 6 nəfər saxlanılıb.

Rusiya mətbuatında 174 kq heroinin aşkarlandığı evin sahibi ilə bağlı ziddiyyətli məlumatlar yayılıb. Onun "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun (ŞHK) keçmiş üzvü olduğu bildirilib. 

APA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, Moskva vilayətinin Kolçevo kəndində yerləşən malikanədə əməliyyatı Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin Moskva vilayəti üzrə bölməsi həyata keçirib.

Bölmənin mətbuat xidmətinin əməkdaşı Yekaterina Kosova APA-ya bildirib ki, İlqar Nazim oğlu İmanovun narkotiklərin qanunsuz ticarət və dövriyyəsinə heç bir aidiyyəti yoxdur: "Məsələ ondadır ki, adıçəkilən şəxs özünə işləmək üçün dürüst olmayan insanlar tutub. Onun evində qalan həmin şəxslər isə bu cinayətdə təqsirli bilinərək saxlanılıblar. İlqar Nazim oğlu İmanovun bu cinayətə heç bir aidiyyəti yoxdur. O, sadəcə olaraq evin sahibidir. Qanuna riayət edən vətəndaşdır. Onun narkotiklərlə heç bir əlaqəsi yoxdur. Deyə bilmərəm ki, o, "Bakılı oğlanlar" ŞHK-nın üzvü olub, ya yox... Bu, bizim üçün elə də vacib deyil. Biz onun hansı ölkənin vətəndaşı olduğunu da dəqiq bilmirik. Bu haqda bizdə məlumat yoxdur. Çünki cinayətkar fiqur kimi İlqar Nazim oğlu İmanov bizi maraqlandırmayıb". 
 

""Bakılı oğlanlar" ŞHK Şən və Hazırcavablar Klubunun bu adda üzvü olmayıb. Nə bizim dövrümüzdə, nə də Yuli Qusmanın kapitanlıq etdiyi dövrdə..." Bunu isə APA-ya açıqlamasında "Bakılı oğlanlar" ŞHK komandasının keçmiş üzvü, hazırda Moskvada yaşayan Elçin Əzizov deyib. Onun sözlərinə görə, İ.İmanov adlı şəxsin ŞHK-ya aidiyyəti olmayıb: "Biz çox çalışırıq ki, bu məlumatın yanlış olduğunu ictimaiyyətə çatdıracaq. Bu, yanlış məlumatdır".

Rusiya mətbuatı İlqar İmanovun özünün də heç vaxt "Bakılı oğlanlar" ŞHK-nın üzvü olmadığı barədə açıqlamasını yayıb. Lakin İ. İmanovun bu açıqlamanı nə vaxt hansı KİV-ə verdiyi məlum deyil.


---------
17:49

Rusiya mənbələri evindən yarım milyard dollarlıq təmiz heroin tapılan keçmiş bakılı KVN-çinin adını redaktə edib


Virtualaz.orgsaytı xəbər verir ki, bundan əvvəl Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin direktoru, general Viktor İvanov həmin şəxsin adının "İldar Nurimanov" olduğunu açıqlamışdı. Bildirilirdi ki, Əfqanıstandan gətirilən 174 kiloqram təmiz heroin onun Moskva ətarfındakı Domodedovo rayonundakı villasında tapılıb. Əməliyyat zamanı villanın mühafizəçiləri də daxil olmaqla narkobandanın 6 üzvü tutulub.
 

Lakin belə görünür ki, Rusiya KİV-ləri Viktor İvanovun bəyanatını yayarkən tələskənliyə və səhvə yol veriblər. Çünki yeni məlumatlarda evindən 500 milyon dollarlıq heron tapılan azərbaycanlının adının İlqar Nazim oğlu İmanov olduğu göstərilir.

Narkotiklərə Nəzarət üzrə Federal Xidmətin Moskva vilayəti üzrə idarəsinin rəisi Vasili Yurçenko bildirib ki, o, kifayət qədər parlaq şəxsdir: "Mən hesab edirəm ki, o, parlaq şəxsiyyətdir. Hazırda o, banklardan birinin təsisçisidir, həmçinin ərzaq mallarının paylanması işi ilə məşğul olan ASC-lərdən biri onun adınadır".
 

Narkotikin tapıldığı villa 17 sot torpaq sahəsində yerləşir və üçmərtəbəli malikanədən, mühafizəçilər üçün ikimərtəbəli evdən ibarətdir. Heroin də məhz mühafizəçilər üçün nəzərdə tutulan evdə tapılıb.

"Hazırda müəyyən etmək çətindir ki, İmanovun bu narkotiklə nə dərəcədə bağlılığı var. Lakin həmin mühafizəçiləri o, işə götürüb. Qonşuların dediyinə görə, mühafizəçilər iki ilə yaxındır evi mühafizə edir" - Yurçenko əlavə edib.

O qeyd edib ki, bu il oktyabrın 18-də İmanov özünə 100 min dollara "Audi Q7" krossoveri alıb.
 

Virtualaz.org saytı yenidən "Parni iz Baku"nun üzvləri ilə əlaqə saxlamağa və bu dəfə İlqar Nazim oğlu İmanov adlı şəxsi tanıyıb-tanımadıqlarını dəqiqləşdirməyə çalışıb.
Qeyd edək ki, komandanın iki məşhur üzvü - Cabir Tahir İmanovlar da bu familiyanı daşıyırlar.

KVN-çi Tahir İmanov virtualaz.org saytının onların komandasında İlqar İmanov adlı birinin olub-olmaması haqda sualını mənfi cavablandırdı.

T.İmanov dedi ki, KVN komandasında İlqar İmanov adlı şəxs olmayıb: "Ümumiyyətlə, KVN-in adının belə məsələlərdə hallandırılmasından təəssüf edir və bunu pisləyirik. Bu, bizim komandanın adına ləkə gətirir".


---------
16:06


Rusiyanın Narkotiklərə Nəzarət Federal Xidmətinin rəhbəri, general Viktor İvanov KVN üzvlərindən birinin Rusiyada külli miqdarda narkotiklə tutulması haqda sensasion açıqlama verib

Virtualaz.org saytı məsələ ilə bağlı "Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir İmanov və digər KVN-çilərlə əlaqə saxlayıb.
 

T.İmanov komandanın ən gənc üzvü olduğunu və belə bir şəxsi tanımadığını deyib.

"Bizim komandada İldar Nurimanov adlı şəxs olmayıb. Ümumiyyətlə, bizim komandada adı nurla başlayan heç kəs olmayıb"- deyə T.İmanov bildirib.
 

Məşhur KVN-çi Bəhram Bağırzadə də belə bir şəxsi tanımadığını deyib: "Bizim komandada İldar Nurimanov adlı şəxs olmayıb. Eldar Məmmədov və Eldar Hüseynov olublar. Eldar Məmmədov komandada cəmi bir dəfə, uzaq 19991-ci ildə oynayıb. Eldar Hüseynov isə texniki işçi idi".
 

Digər KVN-çi Vado Korovin də saytımıza açıqlamasında İldar Nurimanov adlı bir şəxsi tanımadığını və heç vaxt komandada oynamadığını söyləyib.


----------
14:48

170 kq heroinin 500 milyon dollar qiyməti var


"Bakılı oğlanlar" (Parni iz Baku) Şən və Hazırcavablar Klubunun (KVN) üzvünün evindən narkotik tapılıb.

Anspress-in Lifenews-a istinadla verdiyi məlumata görə, Moskva vilayətinin narkopolisi xüsusi əməliyyat keçirib.

Nəticədə İldar Ənvər oğlu Nurimanovun evindən 170 kq heroin aşkar edilib. Narkotikin ümumi dəyəri 500 milyon dollardır. Polislər 6 nəfəri və dəstə başçısını saxlayıblar.

Heroin 700 paketdə olub.

Məlumata görə, narkotik maddə Əfqanıstandan banan yeşiklərində gətirilib.

Məlumatda qeyd edilir ki, "Bakılı oğlanlar"ın üzvü İ.Nurimanov özü hazırda Türkiyədədir. Amma onun tapılan külli miqdarda narkotiklə əlaqəsinin olub-olmadığı bəlli deyil.

Bu gün o, sorğu-sual üçün Moskvaya qayıdacaq. Bəzi məlumatlara görə, narkotik satışı ilə onun cangüdənləri məşğul olublar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.