Kriminal

Qız öz bacısını qəddarlıqla niyə öldürüb? - PSİXOLOQ RƏYİ

25 Oktyabr 2014 11:21
0 Şərh     Baxış: 4 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Psixoloq Dəyanət Rzayev: "Adi halda heç bir zaman qız uşağı belə qəddar şəkildə qətl törətməz"

Oktyabrın 22-də Bakıda tükürpədici hadisə yaşanıb. Xətai rayonu, Xudu Məmmədov küçəsi 18 ünvanında yaşayan 20 yaşlı Günel Nuriyevanın boğazı kəsilmiş şəkildə cansız bədəni tapılıb. G.Nuriyevanın meyiti evə gələn bacıları tərəfindən aşkarlanıb. Məhkəmə tibb ekspertləri gənc qızın bədəni üzərində çoxsaylı bıçaq xəsarətlərinin olduğunu açıqlayıb. Qətlə yetirilən G.Nuriyeva iki bacısı ilə birgə bu evdə yaşayırmış. O, Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kurs tələbəsi olub. Gənc qızlar Şəkidə tanınmış biznesmen olan Etibar Nuriyevin övladlarıdır. Ailənin 3 qızı var. Onlardan ikisi əkizdir. Qətlə yetirilən Günel Nuriyeva isə ailənin böyük uşağı olub.

Hadisə necə baş verib?

Xətai Rayon Polis İdarəsindən bildirilib ki, cinayətlə bağlı 22 oktyabr saat 14 radələrində məlumat daxil olub. Saat 13:50-də qətlə yetirilmiş 20 yaşlı Günel Nuriyevanın kiçik bacısı (qətldə şübhəli bilinən Pərvanə Nuriyevanın əkiz bacısı) kollecdən evə qayıdıb. O, özündəki açarla qapını açıb, içəri daxil olarkən dəhlizdə qan ləkələrini və qırılmış vazanı görüb. Bədbəxt hadisənin baş verdiyini anlayaraq, qorxusundan otağa daxil olmadan, evdən çıxıb və dərhal polisə məlumat verib. Eyni zamanda o əkiz bacısı Pərvanəyə də zəng edib. Pərvanə gələnə qədər polis əməkdaşları artıq evə çatıblar. Polis hadisənin təfərrüatını əvvəlcə bilmədiyi üçün Günelin bacılarını evə buraxmayıb. Həmin vaxt Pərvanə Nuriyeva bacısının ölümündən xəbərsizmiş kimi, rola girib. Günel Nuriyevanın cəsədinə baxış keçirildikdən sonra xeyli sayda bıçaq yaraları aşkar edilib. Bundan başqa Günelin boğazının kəsildiyi də aşkarlanıb. Polis müəyyən edib ki, Günel Nuriyevanın mobil telefonu oğurlanıb və paltaryuyan maşından yaxın saatlarda istifadə edilib. Maşının içindən qadın paltarı aşkar edilib.

Pərvanə Nuriyevanın suallara soyuqqanlı cavab verməsi əməliyyatçıların diqqətindən yayınmayıb. Pərvanə musiqi kollecinə səhər saat 10:00-da getdiyini desə də, blokda quraşdırılmış kameraya baxış keçirildikdən sonra qızın yalan söylədiyi bəlli olub. Polis Pərvanə Nuriyevanın ifadə verdiyi vaxt tez-tez güldüyünü də gözdən qaçırmayıb. Nəhayət, Pərvanə bacısı Güneli öldürdüyünü etiraf edib.

Gənc tələbəni öz doğma bacısı öldürüb

Günel Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən amansızlıqla öldürülməsi müəyyən edilib və o, saxlanılıb. P.Nuriyeva ilkin ifadəsində bildirib ki, bacısı cinsi azlıq nümayəndəsi olub və evə belə qızları gətirirmiş. O, böyük bacısından bu əməllərinə son qoymasını, anasının yatağına başqalarını gətirməməsini tələb edib. Lakin bacısı onun xəbərdarlığına məhəl qoymayıb və aralarında münaqişə yaranıb. Münaqişə zəminində P.Nuriyeva bacısını bıçaqlayıb, daha sonra isə boğazını kəsərək öldürüb.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov Xətai Rayon Polis İdarəsində olarkən Pərvanə Nuriyeva ilə görüşüb. "Hazırda saxlanılan şəxsin vəziyyəti normaldır. Ona heç bir fiziki, mənəvi təzyiqlər olmayıb. Pərvanə Nuriyeva törətdiyi əməldən peşman olduğunu bildirir", - deyə Elçin Behbudov bildirib. Pərvanə Nuriyeva deyib ki, bacısı bir müddətdir evə gəlin və qızlar gətirirmiş. Onlarla əxlaqsız hərəkətlər edirmiş. Pərvanə bacısı Günel Nuriyevaya dəfələrlə iradını bildirsə də, heç bir nəticə olmayıb: "həmin gün hadisə baş verən vaxt evdə iki bacı olublar. Pərvanə əvvəlcə yataqda uzanan bacısının əl-qolunu bağlayıb. Daha sonra onun bədəninə bıçaqla vurub. Daha sonra yastıqla başından tutub və boğazını kəsib. P.Nuriyeva danışdıqca, onun psixi sarsıntı keçirdiyi hiss olunur. Onun psixi problemləri olduğu davranışlarında da əks olunur".

Yuxuda ikən ona vəhy gəlib, "bacını öldür, vaxtı yetişib" deyilib

APA TV-nin məlumatına görə, qətli törədən 19 yaşlı Pərvanə Nuriyeva istintaqa verdiyi ifadədə bacısını "Allahın tələbi ilə öldürdüyünü" deyib. P.Nuriyeva bildirib ki, gecə saatlarında yuxuda ikən ona vəhy gəlib və "bacını öldür, vaxtı yetişib" deyilib. Xətai rayon prokurorunun köməkçisi Şəbnəm Məmmədova açıqlamasında qətlin şəxsi münasibətlər zəminində baş verdiyini deyib". Hadisəni törədən P. Nuriyeva barəsində dünən məhkəmənin hökmü ilə 2 aylıq həbs qəti imkan tədbiri seçilib, istintaq araşdırmaları davam edir. Fakt üzrə Cinayət Məcəlləsinin 120.1 - qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi başlanıb.

"İstintaq zamanı P.Nuriyevanın suallara cavab verərkən gülməsi normal deyil"

Psixoloq Dəyanət Rzayev hadisə ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, olay zamanı nələr yaşandığını bilmək olmaz. Onun sözlərinə görə, mətbuatda yazılanlara əsasən müstəntiqlər P.Nuriyevanı sorğu-sual edərkən onun üzündə gülümsəmə olub: "Çox nadir hallarda psixi pozuntusu olan insanlar, xəstələr qətl hadisəsi törədirlər. Ancaq belə hallar yaşanır. Bu hadisənin detalları psixiatrlar, psixoloqlar, tibbi ekspertiza tərəfindən müəyyən olunacaq. Müşahidə nəticəsində psixiatrlar diaqnoz qoyacaqlar. Adi halda heç bir zaman qız uşağı belə qəddar şəkildə qətl törətməz. Hətta qətli törətsə belə, ondan sonra peşmançılıq hissi, isterika, ağlama halları olar. Əgər qısa müddətli, kəskin keçən emosiya zamanı, yəni affekt halında bu qətl törədilibsə, həmin an keçdikdən sonra insan özünə gələndə "mən nə etdim" deyə düşünür".

D.Rzayevin fikrincə, burada başqa bir məsələ var. O, P.Nuriyevanın qulağına səslər gəlməsi haqda danışdığını deyir: "Ən təhlükəli hallusinasiyalar eşitmə hallusinasiyalarıdır. İnsanın qulağına müəyyən səslər gəlir, pıçıldayaraq əmrlər verir ki, "Dur, öldür!" Belə bir halın olması ehtimalı var. Təbii ki, bunu psixiatrlar müəyyən edəcəklər. Psixiatriyada heç bir cihaz yoxdur ki, onunla diaqnoz qoysunlar. Yalnız müşahidə ilə qatilin psixi durumunu müəyyən etmək olar. Xəstəxananın xüsusi şöbəsində 1 ay, 2 ay - nə qədər lazımdırsa, yatırdılmalıdır. Müşahidədən sonra həkimlərin konsiliumu olmalıdır. Ondan sonra qərar veriləcək ki, P.Nuriyeva anlaqlıdır, yoxsa yox. Anlaqlıdırsa, təbii ki, bu cinayət işidir. Anlaqsız olarsa, məhkəmə onu məcburi şəkildə müalicəyə göndərəcək".

Psixoloq deyir ki, istintaq zamanı sorğu-sual olunan P.Nuriyevanın gülümsəməsi normal deyil. Onun fikrincə, həmin zaman onun qulağına müəyyən səslər gəlib, pıçıltılar eşidib: "Diaqnozun qoyulmasında əsas üç faktor var. Birincisi, autizm - xəstənin özünə qapanması, ikincisi - psixi proseslərin dissosasiyası, üçüncü isə - emosional kütləşmədir. Emosional kütlük, bilirsiniz, nədir? İnsanın anası ölür. Ona deyirlər ki, "Anan ölüb. O isə əvəzində deyir ki, "yemək dadlıdır". Müstəntiqlər də P.Nuriyevanı sorğu-sual edərkən onun emosiyasız olduğunu deyiblər. Müəyyən qədər ehtimal verirəm ki, P.Nuriyevada psixi problemlər var. Ancaq diaqnozu yenə də ekspertiza müəyyən edəcək".

D.Rzayev deyir ki, yaşanan hadisə insanlar üçün çox sarsıdıcı olub. Mətbuatda xüsusi ilə "başı kəsildi" başlığı altında yer alan xəbərlər insanlarda panika yaradıb: "Boğaz nahiyəsi kəsilib demək daha düzgün olardı. Xəstədirsə, mütləq müalicə almalıdır. Ancaq bütün insanlara demək istəyirəm ki, əgər övladınızda qəribə hallar müşahidə edirsinizsə - özünə qapanma, həddindən artıq sakitlik halları yaranıbsa, bu zaman qorxmadan, çəkinmədən psixiatra, ən azından psixoterapevtə müraciət edin. Heç olmazsa müayinə aparılsın. Bunu gecikdirməklə insanlar vaxt itirirlər. "Camaat nə deyər" düşüncəsiylə hərəkət edən valideynlər sonda faciə ilə üzləşirlər".

"Bizim Yol" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.