Kriminal

Goranboydakı kütləvi qətlin baş verdiyi evdən REPORTAJ - VİDEO

1 Oktyabr 2014 16:11
2 Şərh     Baxış: 3 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboydakı kütləvi qətlin təfərrüatları

Goranboyda törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, kənd sakini Hüseynov Rafiq Müzəffər oğlunun həyat yoldaşı ailə münaqişəsi zəminində evdən atasıgilə gedib. Bundan sonra R.Hüseynov tüfəng və əl qumbarası götürərək qayınatasının evinə gəlib. Burada o, qapının bağlı olduğunu görüb və həyət qapısından keçərək evə doğru gəlib və qayınını çağırıb. Evdən R.Hüseynovun qayını Natiq Məmmədov çıxıb və onlar mübahisə ediblər. R.Hüseynov qayınına və digər bir şəxsə tüfənglə atəş açıb. Daha sonra otaqdan səs-küyün gəldiyini görən R.Hüseynov bir neçə nəfərin ona tərəf irəlilədiyini zənn edərək otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər ölüb.

Qətlə yetirilən şəxslər bunlardır:

1958-ci il təvəllüdlü Məmmədova Diləzbər Alı qızı

1983-cü il təvəllüdlü Məmmədova Fərqanə Allahyar

1951-ci il təvəllüdlü Məmmədova Ofelya İsa qızı

1963-cü il təvəllüdlü Məmmədova Həvayət Xanlar qızı

1984-cü il təvəllüdlü Hüseynova Südabə Allahyar qızı

1989-cu il təvəllüdlü Məmmədov Namiq Allahyar oğlu

2011-ci il təvəllüdlü Məmmədov İsa Elvin oğlu.

R.Hüseynov qumbaranın ona Qarabağ müharibəsində iştirak etmiş qardaşından qaldığını deyib. Qardaşı Şaiq Hüseynov 2005-ci ildə intihar etdikdən sonra qumbara Rafiqdə qalıb. Şaiq Hüseynovun arvadının onu tərk etməsinə dözə bilmədiyi üçün özünü öldürdüyü bildirilir.

Safıkürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev bildirib ki, Südabə Hüseynova qətliamı törədən Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub: "Daha əvvəl 1 dəfə ailə həyatı quran Rafiq həyat yoldaşından boşandıqdan sonra 30 yaşlı Südabə Hüseynova ilə evlənib. İki ayın gəlini olan Südabə ailə münaqişə zəmində atası evinə qayıdıb. Arvadını evinə qaytarmaq məqsədi ilə qayınatasıgilə gələn Rafiq Südabəni evə dönməyə razı sala bilməyib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən qayınatası evinə üz tutub. Sonra isə məlum qətliam baş verib".

R.Hüseynovla kənd sakinləri arasında xoş münasibət olmasa da, Məmmədovlar ailəsi haqqında müsbət fikirlər bildirilir və zərərçəkmişlər kənddə hörmətli ailə kimi tanınır.

E.Həsənəliyev qeyd edib ki, Hüseynovlar 4 qardaş olub. Onun daha bir qardaşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum edilib. Rafiqə gəlincə, onun adı əvvəllər hər hansı cinayət əməlində hallanmayıb.

Kənd sakinləri hadisənin təfərrüatlarını APA TV-yə danışıblar. Onların sözlərinə görə, tutulan şəxs özünü kənddə pis tanıtmayıb:

"Gecə idi, yatmışdıq. Səsə çıxdıq, çığırışma gəlirdi. Səs 6-7 dəqiqənin içində kəsildi. Getdik ora. Gördük yer qandır. Biri bir tərəfdə yıxılıb. Başının bir hissəsi yaralı idi. Baxdıq ki, yaşamır. O biri otağa keçəndə gördük ki, hamısı üstü örtülü yatır. Biz elə zənn etdik. Hansını tərpətdik, heç biri tərpənmədi. 102-yə zəng elədik".

Silahlı insident zamanı daha iki nəfər - 1986-cı il təvəllüdlü Natiq Məmmədov və 1988-ci il təvəllüdlü Günel Məmmədova yaralanıb. Onlar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkim Bəxtiyar Əliyev bildirib ki, hər iki xəstəyə müvafiq tibbi yardım göstərilib, əməliyyat olunub, onların vəziyyətləri ağırdır.

Qeyd edək ki, Rafiq Hüseynov polisə könüllü təslim olub. Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.