Kriminal

Baş Prokurorluq: Polis qəsdnən öldürülüb

30 Sentyabr 2014 18:25
3 Şərh     Baxış: 1 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Lənkəranda brakonyerlərə qarşı əməliyyatda polis serjantının həlak olması ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 29-da Lənkəran Rayon Polis Şöbəsindən polis əməkdaşı Malik Cahangirovun vəfat etməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə saat 22 radələrində DİN-in Su Nəqliyyatında Baş Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin polis nəfəri kiçik serjant M.Cahangirov digər polis əməkdaşları ilə birlikdə Lənkəran rayon Ürgə kəndi ərazisindən keçərək Xəzər dənizinə tökülən çayda qanunsuz balıq ovu ilə məşğul olan şəxslərə qarşı mübarizə aparmaq məqsədi ilə reyd keçirərkən orada motorsuz qayıqla rayon sakinləri Rafiq ƏskərovBəhruz Hüseynovun qanunsuz balıq ovu ilə məşğul olduqlarını görüb suya girərək həmin qayığı əli ilə saxlamaq istəyiblər.

Bu zaman R.Əskərov qanunsuz balıq ovunda istifadə etdiyi suya elektrik cərəyanı buraxmaq üçün kustar üsulla xüsusi hazırlanmış əl torunu M.Cahangirovun olduğu yerə suyun içərisinə salıb elektrik cərəyanı buraxaraq sonuncunu qəsdən öldürüb hadisə yerindən qaçaraq gizləniblər. Rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R.Əskərov və B.Hüseynov sentyabrın 30-da tutularaq şübhəli şəxs qismində istintaqa cəlb olunublar. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.