Kriminal

Türmə üçün darıxan "Bakı qoçusu" qonşusunu öldürdü

21 Sentyabr 2014 13:05
0 Şərh     Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan, 1973-cü il təvəllüdlü Bakı şəhər sakini Azəri Şamil oğlu Mirzəyevin məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un əldə etdiyi məlumata görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosedə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə yolu ilə müəyyən edilib ki, sərxoş vəziyyətdə olan Azəri Mirzəyev bu il aprel ayının 22-də yaşadığı Maştağa qəsəbəsi, Nizami küçəsi, döngə 6-da yerləşən evin qarşısında qonşusu Nadir Məlikovla mübahisə edib.

Bir neçə gün öncə aralarında yaranan münaqişəni əsas gətirən Azəri Mirzəyev qonşusundan məhəlləni tərk etməyi tələb edib. Nadirin getmədiyini görüncə isə əlindəki bıçaqla boyun nahiyəsinə zərbələr endirib. 26 yaşlı gənc aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs qismində dindirilən Azəri Mirzəyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində əslən Sabirabad rayonundan olduğunu, valideynləri ilə birgə uzun illər öncə Maştağaya köçdüklərini göstərib: "Ailədə üç bacı, iki qardaş olmuşuq. Qardaşım rəhmətə gedib. Bacımın biri ailəsi ilə birgə Fransada yaşayır. İki oğul atasıyam. Əvvəllər iki dəfə məhkumluq həyatı yaşamışam, narkotik ittihamı ilə həbsdə olunmuşam. 2013-cü ilin avqust ayında həbsdən azad olundum. İş axtarsam da, tapa bilmirdim.

Nadiri 10 ilə yaxındır Maştağa kənd sakini kimi tanıyıram. Aramızda düşmənçilik, ədavət olmayıb. Hadisədən üç-dörd gün öncə küçədə gedərkən Nadirlə rastlaşdım. Salam verəndən sonra bir dənə siqaret istədim. Nadir "sənə polojna deyil" dedi və məni söydü. Aramızda münaqişə yarandı, bir-birimizi vurduq, yoldan keçənləri bizi ayırdılar. Bu hadisədən sonra Nadiri görmədim.

Hadisə baş verən gün yemək zamanı spirtli içki qəbul etmişdim. Küçəyə çıxanda gördüm ki, Nadir Əzizağa adlı kişinin dükanının qabağında dayanıb onunla söhbət edir. Ona yaxınlaşıb "çıx get bu məhlədən" dedim. O isə Əzizağanı göstərib "əmimlə söhbət edirəm" dedi. Keçən dəfəki söyüşlərini təkrar etməsini gözləməyib cibimdən çıxardığım bıçaqla Nadirin boğazından vurdum. Boğazından sıçrayan qan köynəyimə töküldü. Nadir internat tərəfə sarı qaçdı, amma yolun ortasında yıxılıb qaldı. Onun yanına çoxlu adamlar toplaşdığını görüb evə getdim. Heç kimə hadisə barədə bir söz demədim. Bir qədər sonra qapı döyüldü. Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları məni bölməyə apardılar".

Zərərçəkmiş şəxs qismində dindirilən Nadim İsmayılov ifadəsində qardaşı Nadirlə uşaqlıqdan Buzovna qəsəbəsində yaşadıqlarını göstərib: "Təxminən 10 il olar ki, Maştağaya köçmüşük. Qardaşım Nadir xasiyyətcə mehriban, deyib-gülən, zarafatcıl insan olub. Qonum-qonşu arasında özünə görə hörməti vardı. Məktəbi bitirəndən sonra müxtəlif yerlərdə işləyirdi, fəhləlik edib öz başını dolandırırdı.

Nadir 2013-cü ildə Türkiyəyə getmişdi, orada istixanalarda işləyirdi. Orada olarkən Sevil adlı türk vətəndaşı ilə ailə qurmuşdu. Birgə nikahdan bir övladı var idi. Sonradan həmin qadından ayrılıb Bakıya qayıtdı. Yenə də Maştağadakı həyətimizdə istixana düzəldib əkin-biçinlə məşğul olurdu.

Azəri Mirzəyevi bir qonşu kimi tanıyıram. Bir neçə dəfə məhkum olunduğunu eşitmişdim. Narkotik istifadəçisi olmasından və daim içki içməsindən xəbərim var idi. Axırıncı dəfə bu il azadlığa çıxmışdı. Həmişə sərxoş vəziyyətdə məhəllədə dayanır, gəlib-gedənlərə sataşır, narkotik və ya araq almaq üçün camaatdan 3-5 manat pul istəyirdi. Hətta dəfələrlə kənd sakinlərindən bir neçəsini bıçaqla hədələyərək ona pul vermələrini tələb etmişdi. Bir sözlə, qoçuluq edirdi. İçkiyə qurşanmış, məhkumluq həyatı görmüş bir insan olduğuna görə hamı ondan ehtiyat edir, uzaq durmağa çalışırdı.

Qardaşım Nadirlə Azərinin arasında hər hansı bir mübahisə, dava-dalaş olmasını eşitməmişəm. Aprelin 22-də qardaşım Nadir mənim yanıma - müalicə olunduğum vərəm xəstəxanasına gəlmişdi. Həmin gün axşam qonşular zəng vurub qardaşımın bıçaqla vurulduğunu xəbər verdilər. Əvvəlcə inanmadım. Xəstəxanadan çıxıb birbaş evə getdim. Evə çatanda qardaşımın öldüyünü öyrəndim".

Mərhumun qardaşı daha sonra ifadəsində hadisədən bir neçə gün əvvəl Azərinin Nadirdən pul istədiyini göstərib: "Azəri qardaşımı öldürməmişdən 4-5 gün qabaq ondan pul istəyib. Nadir pul vermədiyinə görə mübahisələri düşüb. Nadir ona fikir verməyib, aralanıb, həmin gün bir-birlərini vurmayıblar. Həmin vaxt Şücaət adlı qonşumuz onların yanında olub. Azəri Nadirdən siqaret istəməyib. Çünki hamı bilirdi ki, Nadir ümumiyyətlə siqaret çəkən insan olmayıb".

Hadisənin şahidi olmuş Əzizağa Mirmahmudovun ifadəsinə görə, Azəri ilə Nadirin mübahisə etdiklərini görüb onları ayırmağa çalışıb. Həmin vaxt Azərinin sərxoş olduğunu görüb: "Nadir dedi ki, dayı, Azəri məni məhlədən keçməyə, küçədə dayanmağa qoymur, necə keçməyim axı, bura mənim də məhləmdir. Dedim ki, bala, sən ona fikir vermə, içkilidir.

Nadir də elə bil tərsliyə düşmüşdü, oradan uzaqlaşmırdı. Onları aralamağımdan dörd-beş dəqiqə keçməmiş Azəri qəfildən Nadirin üstünə cumaraq boyun nahiyəsindən vurdu. Nadir zərbədən sonra qaçıb getdi. Azəri də əlində bıçaq onun arxasınca qaçırdı. Nadir yerə yıxılıb can verəndə Azəri onun başının üstündə dayanmışdı, öldüyünü görəndən sonra çıxıb getdi.

Azəri onun başının üstündə dayandığına görə heç kim qorxusundan Nadirə kömək edə bilmədi. Qonşular təcili yardıma zəng vurdular. Bir neçə dəqiqədən sonra təcili yardım gəldi və həkim Nadirə baxıb öldüyünü bildirdi".

Məhkəmənin hökmü ilə Azəri Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının ilk 3 ilini həbsxanada, yerdə qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.