Kriminal

Azərbaycanda oğurlanan 2 aylıq körpənin anası polisdə şübhə yaratdı

20 Avqust 2014 11:57
3 Şərh     Baxış: 3 808
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aysel Əhmədova ANS-in efirinə hicabda gəlsə də, təhlükəsizlik kamerasına dünyəvi geyimdə düşüb; uşağın qaçırılmasının yeni məqamları üzə çıxıb

Bir neçə gün öncə Sumqayıtda oğurlanan 2 aylıq körpə - Aylin Rasim qızı Əhmədli ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Vesti.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib ki, həmin gün səhər 3 uşaq anası olan Aysel Əhmədovanın evinə özünü humanitar fondun əməkdaşı kimi təqdim edən orta yaşlı qadın gəlib.

Yad qadın özü ilə ərzaq, uşaq bezi və digər məişət əşyaları da gətirib. Bununla da, o, A.Əhmədovanın etibarını qısa zamanda qazanıb. "Xeyirxah" qadın həmin evdə 6 saat qalıb söhbət edib. Bu zaman A.Əhmədovanın böyük uşaqları gəzməyə getmək istədiklərini deyiblər və qonaq onlara birlikdə gəzməyə getməyi təklif edib.

Onlar birlikdə Sumqayıtdakı bulvara gediblər. Orada uşaqlar analarından karuselə minməyi xahiş edib. Hansı ki, uşaqların böyüklərsiz minməyi təhlükəlidir. Bu zaman qadın A.Əhmədovaya onlar yellənənə qədər balaca Aylinə baxa biləcəyini deyib.
Əhmədova razılaşıb və böyük uşaqlarını karuselə mindirib. Ana uşaqları ilə yellənən vaxt "humanitar fondun əməkdaşı" körpəni də götürüb aradan çıxıb. May ayında Aysel Əhmədova üçüncü uşağını dünyaya gətirməzdən əvvəl ANS televiziyasında "Adam içində" verilişinə çıxıb.

Verilişə çıxan vaxtı hicablı olan A. Əhmədova körpəsini dünyaya gətirəcəyi xəstəxanadan pul tələb olunduğunu və onun da ödəmək iqtidarında olmadığı üçün efir vasitəsilə kömək istəyib. Bundan sonra hamilə qadına tamaşaçılar tərəfindən birdəfəlik maddi yardım edilib.

Sumqayıt əməliyyatçıları daha bir maraqlı məqamı üzə çıxarıblar. Uşağı oğurlayan qadın və ana mağazanın önündə quraşdırılmış müşahidə kamerasına düşüblər. Kameraya düşən qadının üzü görünsə də, şəxsiyyətini təyin etmək hələlik mümkün olmayıb. Kadrlarda A. Əhmədova hicabsızdır. Bu hal polisdə ananın səmimiyyəti ilə bağlı şübhələr yaradıb. Ona görə də hazırda yoxlamalar uşağı oğurlanmış ananın ətrafında aparılır.

Ehtimal edilir ki, körpəni oğurlayan qadın A. Əhmədovanı may ayında efirə çıxan vaxt tanıyıb. Bu səbəbdən də evə gələndə özünü humanitar fondun işçisi kimi təqdim edib. A.Əhmədova hələ üçüncü uşağı dünyaya gəlmədən ərindən boşanıb. Üç övladını tək böyüdürmüş. Fakta görə axtarışlar davam edir.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.