Kriminal

"Qarant Sığorta"nın xanım rəhbərinin qətlində şok yenilik

22 İyul 2014 17:05
0 Şərh     Baxış: 3 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"Qarant Sığorta"nın xanım əməkdaşının qatili tutulub. Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin birgə məlumatında deyilir ki, paytaxtın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda törədilmiş daha bir qətlin "isti izlər"lə açılması təmin edilib.

İyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N.Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb.

Daha sonra o, mənzildə axtarış apararaq N.Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb. Cinayətin T.Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T.Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib. Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Onu da əlavə edək ki, N.Əliyevanın işlədiyi "Qarant Sığorta" nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbəri olduğu "Qarant Holdinq"ə daxildir. Nəsimi rayonunda tək yaşayan 31 yaşlı N.Əliyeva subay olub, valideynləri rayonda yaşayır. Uzun müddətdir "Qarant Sığorta" da çalışır. İki ilə əvvəl isə şirkətin idarə heyətinin üzvü təyin olunub. N.Əliyeva iyunun 11-də heç kimə xəbərdarlıq etmədən işə gəlməyib. Mobil telefonuna cavab verməməsi və mənzilinin qapısını açmaması şübhələr yaradıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri mənzilə daxil olaraq onu qan içərisində evdə ölmüş vəziyətdə tapıblar.

Anar Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.