Ölkə

"Ali məktəblərdə ödənişli təhsil artacaq" - NAZİRLİK

23 İyun 2017 12:16
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ali təhsil müəssisələrinin publik hüquqi şəxs statusuna malik olmaqla yenidən təşkili ölkədə ali təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq üçün yeni imkanlar yaradacaq.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən  APA-ya verilən məlumata görə, bu qərar ali təhsil müəssisələrində idarəetmənin keyfiyyətinin artırılmasında maraqlı tərəflərin - ictimaiyyətin, işəgötürənlərin bu prosesdə iştirakını daha da genişləndirəcək, şəffaf və səmərəli idarəetmə mexanizmləri yaradacaq.
 
"İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Yeni mexanizm ali təhsil müəssisələrində cavabdehliklə yanaşı, hesabatlılığın artmasına zəmin yaradacaq. Bütövlükdə ali təhsil müəssisələrində idarəetmə sisteminin dünyanın qabaqcıl ölkələrinin aparıcı universitetlərinə uyğun formalaşdırılması yolu ilə keyfiyyətinin yüksəldilməsi də bu məqsədə xidmət edir.
 
Ali təhsil müəssisəsinin publik hüquqi şəxs statusuna malik olması onun müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsinə, göstəriləcək ödənişli təhsil xidmətlərinin çeşidinin genişləndirilməsinə şərait yaradacaq.
 
Bu da ali təhsil müəssisəsinin maddi-texniki bazasının və infrastrukturunun yeni keyfiyyət əmsalı deməkdir. Ali təhsil müəssisələrinin iqtisadi cəhətdən dayanıqlılığının təmin olunması onların ölkədə və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəltməklə təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsini və tədqiqat universiteti statusunu əldə etməsini stimullaşdırır. Bu da əldə edilmiş innovasiyaların ölkənin sosial-iqtisadi həyatına uğurlu tətbiqinin əsas şərtlərindəndir", - deyə nazirlikdən bildirilib.
 
Qeyd edək ki, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetinə publik hüquqi şəxs statusu verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.