Ölkə

Gəlirimiz də, xərclərimiz də artır - Səbəb və gözləntilər

23 İyun 2017 08:00
Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fikrimcə, büdcə gəlirlərinin artırılması ilə bağlı qərarın verilməsi neftin dünya bazarında qiyməti ilə bağlıdır. Dövlət büdcəsində neftin qiyməti 40 dollar nəzərdə tutulmuşdu, amma bu ilin geridə qalan 6 aya yaxın müddətində neftin dünya bazarında qiyməti sözügedən rəqəmdən daha yüksək olub. Bu baxımdan dövlət büdcəsinə proqnozlaşdırıldığından daha çox gəlir daxil olur. Bu da nəticə etibarilə büdcə gəlirlərinə yenidən baxılmasına və onun artırılması qərarının verilməsinə gətirib çıxarıb".

Bu barədə Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov qanunvericilikdə Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin artırılması ilə əlaqədar dəyişiklik edilməsini şərh edərkən bildirib.

Lakin ekspert hesab edir ki, bütün hallarda gəlirlərin kəskin artırılmasına gedilməməlidir: "Əslində büdcə gəlirlərinin yalnız təxminən yarım milyard manat artırılması da ondan xəbər verir ki, hökumət 2017-ci ilin büdcəsinə dəyişikliklər edilməsinə baxmayaraq, büdcə gəlirlərinin kəskin artımına getməyib. Nəzərə alsaq ki, son dövrlər neftin qiymətində azalmalar müşahidə edilir və bu proses davam edir. 2017-ci ilin II yarısı üçün də qiymətin aşağı səviyyədə olacağı proqnozlaşdırılır. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında neftin aparıcı rola malik olduğunu nəzərə alsaq, fikrimcə, hökumətin gəlirləri az artırması da ilin II yarısında da neftin qiyməti ilə bağlı nikbin proqnozların olmaması ilə bağlıdır".

V.Bayramovun sözlərinə görə, büdcə xərcləri ilə gəlirlər arasında fərq var və xərclər gəlirlərə nisbətən daha çox artırılır, lakin indiki halda büdcə kəsirindən qaçmaq praktiki olaraq mümkün deyil: "Ümumiyyətlə, bu gün dünyada büdcə kəsiri olmayan ölkələrin sayı çox azdır. Bəzən ölkələr büdcə kəsirinə bilərəkdən getməklə qiymətli kağızlar bazarı və digər sektorların inkişafını stimullaşdırmağa çalışırlar. Amma büdcə kəsirinin Ümumi Daxilin Məhsulun (ÜDM) 3 faizindən çox olmaması da vacibdir. Hökumət də buna çalışmalıdır. Çünki kəsirin ÜDM-in 3 faizindən çox olması həm arzuolunan deyil, həm də bu, ölkənin borclanma səviyyəsinə də birbaşa təsir göstərir. Ona görə də hesab edirəm ki, fiskal konsolidasiya davam edəcək. Son dəyişikliklər də xəbər verir ki, hökumət növbəti dövrdə prioritet xətləri müəyyənləşdirəcək və onların maliyyələşdirilməsini həyata keçirəcək, həmçinin büdcədə qənaət rejimi, ümumilikdə isə 2015-ci ildən başlanan fiskal siyasət bu ilin 2-ci yarısında da davam etdiriləcək".

Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərinin 511 mln., xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.

Xatırladaq ki, bundan əvvəl 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat, büdcə kəsirinin yuxarı həddi isə 645 mln. manat nəzərdə tutulmuşdu.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.