Ölkə

"Mövcud olmayan Ermənistanın tarix dərsliklərinə salınması təxribatdır" - Ermənişünas alim

22 İyun 2017 17:15
2 Şərh     Baxış: 2 117
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumtəhsil məktəblərinin X sinfi üçün kurrikulum əsasında tərtib edilmiş "Azərbaycan tarixi" dərsliyində tariximizə ləkə salan bir sıra yanlış mülahizələrə yol verilib.

Bu barədə Milli.Az-a açıqlamasında ermənişünas alim, Dövlət Mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli bildirib.  

Alim tariximizin ən ağrılı səhifələrindən birinə 15 ildən çox "erməni məsələsi"ni araşdıran bir tarixçi kimi deyil, həm də müharibə şəraitində yaşayan, torpaqlarının 20 faizindən çoxu işğal altında olan bir dövlətin vətəndaşı kimi münasibət bildirib:

""Azərbaycan tarixi" dərsliyinin 43-cü səhifəsində Musa Kalankatlıdan gətirilmiş bir fikir - alban hökmdarı Urnayrın (343-371) Ermənistanın içərilərinə girib qələbə bayrağı sancması - təqdim edilir. Deməli, Albaniyanın qonşuluğunda Ermənistan adlı dövlət var idi. Öncə onu qeyd etmək lazımdır ki, Musa Kalankatlının "Alban tarixi" əsəri bizə orijinal şəkildə deyil, erməni kilsəsi tərəfindən saxtalaşdırılmış variantda gəlib çatıb.

Erməni tarixşünaslığında və ermənipərəst tarixçilərin əsərlərində guya tarixdə nə vaxtsa "Böyük Ermənistan" adlı dövlətin mövcud olması iddia edilir və bu uydurma dövlətin ərazisi Azərbaycan, Türkiyə və Gürcüstan torpaqları hesabına kağız üzərində şişirdilərək fantastik həddə çatdırılır".

G. Nəcəflinin fikrincə, əslində real tarix başqa şey deyir: "Eramızdan əvvəl(e.ə.) 223-cü ildən e.ə. 187-ci ilədək Armeniya adlanan ərazi Selevkilər dövlətinin tərkibində olub və Selevki hökmdarı Böyük Antiox tərəfindən idarə olunub. E.ə. 187-ci ildə Antioxun ölümündən sonra isə həmin ərazi yenə Selevki sərkərdələri Artaksi (Artaşes) və Zariadri (Zarex) tərəfindən idarə olunurdu. Mənbələrin məlumatına görə, Artaksi mənşəcə midiya-atropatenalı idi. E.ə. 165-ci ildə Artaksinin Selevki hökmdarı IV Antiox tərəfindən məğlub edilməsi ilə Armeniya ərazisi yenidən birbaşa Selevkilərin idarəsi altına keçib. Parfiya mənşəli II Tiqrana (e.ə. 95-55) gəldikdə isə o, e.ə. 66-cı ildə Roma sərkərdəsi Pompey tərəfindən məğlub edilib. Roma imperiyasının hakimiyyəti altına düşən digər etnoslar kimi ermənilər də Romanın vassalına çevriliblər. Armeniya bölgəsi 387-ci ildə Şərqi Roma imperiyası (Bizans) ilə Sasanilər arasında bölüşdürülüb.

Həmin dövrdə Dəclə və Fərat çaylarının yuxarılarında olan erməni çarlığının indi Azərbaycan dərsliyinə salınmasının nə anlamı var? Göründüyü kimi burada məqsəd gənc nəslin beyninə IV əsrdə Cənubi Qafqazda Ermənistanın olması fikrini yeritməkdən ibarətdir. Bildiyimiz kimi, Cənubi Qafqazda - Azərbaycan torpaqlarında erməni dövləti yalnız 1918-ci il mayın 29-da yaradılıb". 

Alim hesab edir ki, bu azmış məktəb dərsliyində erməni terminlərinin də yer alması əsl təxribatdır: "Müəlliflər erməni terminologiyasında işlədilən bəzi terminləri "yenilik" kimi dərsliyə gətirmişlər. Dərsliyin 41 və 42-ci səhifələrində "Albaniya qavarlara və əyalətlərə bölünürdü", 46-cı səhifədə isə "Cavanşir Albaniyanın ən böyük işxanı oldu" cümlələri təqdim edilir. Bu ifadələrdəki "qavar" və "işxan" terminləri erməni dilindən götürülmüş və Azərbaycan dilçiliyinə tamamilə yaddır. IV əsrdə Cənubi Qafqazda mövcud olmayan Ermənistanın və ermənicə terminlərin Azərbaycanın orta məktəb tarix dərsliklərinə salınması bu gün müharibə vəziyyətində olan bir ölkənin gənc nəslinin vətənpərvərlik ruhunda yetişməsinə ciddi zərbə və bağışlanılmaz təxribatdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.