Ölkə

Plagiat dərslik qalmaqalı böyüdü: saxta erməni tarixi kitaba necə salınıb? - FOTO

20 İyun 2017 17:11
6 Şərh     Baxış: 3 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin plagiat olması ilə bağlı qalmaqal böyüyür. 

Tərəflərin bir-birinə ittihamları səngimir. 

Tarixçi-alim Leyla Hüseynova və Qabil Əliyev bildiriblər ki, təqdim olunan dərslik mətninin bir hissəsi eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif "Azərbaycan tarixi" dərsliyində də verilib. 

Yəni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər və bu, müəllif hüquqlarının pozulmasıdır.

Bu ittihamlara 10-cu sinif "Azərbaycan tarixi" dərslik layihəsinin  həmmüəlliflərindən olan Kamran Əsədov cavab verib.

O, modern.az-a açıqlamasında irəli sürülən  iddiaların əsassız olduğunu deyib:

"İlk növbədə təəssüflər olsun ki, adını tarixçi qoymuş şəxslərin  plagiat və müəlliflik hüququ haqqında qanunvericilikdən xəbərləri yoxdur. Digər tərəfdən onlar qeyd edir ki, həmin dərsliyin müəyyən hissələri 6-cı sinif "Azərbaycan tarixi" kitabından köçürülüb və təhrif olunub.

Həmin şəxslərdən heç biri kitabda müəlliflik hüququna malik deyillər. Mənim müəllifi olduğum 10-cu sinif "Azərbaycan tarixi" dərsliyindəki bütün mövzular Elmlər Akademiyasının Tarix institutu tərəfindən təsdiq olunub.

Ensiklopediya və yeddi cildlik "Azərbaycan tarixi" dərsliyi əsasında formalaşıb. Yəni yazdığım kitabın bütün mövzuları AMEA tərəfindən təsdiq olunmuş dərsliklərdən götürülüb. 

Həmin o  iki şəxsin kitabları isə tarix kitabından çox, nağıl və ya gülməli lətifələr kitabına oxşayır. Onlar bacarırlarsa, dərslikdə elmi səhvləri ortaya qoysunlar. Tutaq ki, hansısa bir dövlətin yaranması ilə bağlı mən də bu kitabda məlumat vermişəm, onlar da öz kitablarında bundan əvvəl qeyd edib. Bu o demək deyil ki, onların yazdığı doğrudur. Faktlar plagiat olmur. Yaxud hansısa dövlətin siyasi, iqtisadi  məsələləri ilə bağlı faktları plagiat adlandırmaq tarixçidən çox müğənniyə, şou adamına xas olan xüsusiyyətdir. 

Abituriyentlərə dərs keçdiyim kimi onlara da dərs keçib başa sala bilərəm ki, burada plagiatlıqdan söhbət gedə bilməz. Eyni faktlar tarixşünaslıqda qəbul və təsdiq olunub".

Kamran Əsədov sözükeçən dərsliyin tədqiq olunmuş arxiv məlumatlar əsasında formalaşdığını bildirib.

Onun fikirlərinə isə tarixçi-alim Leyla Hüseynova yeni yazısındakı faktlarla cavab verib.

Milli.Az xəbər verir ki, bakupost.az-a ünvanlanan yazıda tarixçi xanim bildirir ki, dərslik layihəsinin 94-cü səhifəsində monqolların Azərbaycana birinci yürüşü "təhlil" edilib: 

"Sizlərə 2009-cu ilin 8-ci sinif "Azərbaycan tarixi" dərsliyindən eyni mövzunu fotolarla təqdim edirik. 

Eyni mətn olduğu kimi 8-ci sinif "Azərbaycan tarixi"nin (2009) 42-ci səhifəsindən mənimsənilib və yeni dərsliyə əlavə edilib.

Eyni dərslikdən bir daha müəllif hüququnu tapdalayaraq mətn götürülüb və yeni dərslik layihəsinə əlavə edilib. Layihədə səhifə 118-də verilmiş Şəki hakimliyi və Oyrat nəsli haqqında mətn də eynilə 8-ci sinif "Azərbaycan tarixi"nin (2009) 66-cı səhifəsindən mənimsənilib.

Növbəti plagiat: layihənin 119-cu səhifəsində verilmiş Səfəvi Ordeni haqqında məlumat eynilə 8-ci sinif "Azərbaycan tarixi"nin 66-cı səhifəsindən köçürülüb. 

Göründüyü kimi, fakt faktlığında qalır: dərsliyi "təhlil" edib rəy verən ekspertlər plagiat dərsliyə (tenderi qazandığı üçün artıq layihə deyil, dərslik də deyə bilərik) yüksək bal veriblər. Əslində o yüksək qiymət köhnə dərsliklərin müəlliflərinə "verilib". 

L.Hüseynova yazır ki, dərsliklərin qiymətləndirmə prosesində ekpertlərin rəyi nəşriyyata göndərilir, rəyə əsasən dərslik layihəsi məcazi mənada desək, cilalanır və sonda ictimai rəy üçün portalda yerləşdirilir: 

"Demək istəyirik ki, bizə təqdim olunan layihə "cilalanmış" layihədir. Təhlil zamanı çox təəssüf doğuran və nəinki Azərbaycan tarixi konsepsiyasına zidd, hətta heç bir milli, etnik, elmi dəyərlərə sığmayan bir cümlə ilə rastlaşdıq. 

Dərslik layihəsinin 43-cü səhifəsində yazılıb: Alban tarixçisinə görə, o, (yəni Urnayr)  "böyük müharibələrdə sələflərinin şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər" idi.

Bununla siz şagirdlərə nə təbliğ edirsiniz? IV əsrdə Ermənistan adlı dövlət var idi? Məlumdur ki, mənbə Musa Kalankatlıya əsaslanır. Şagirdlərə təqdim ediləcək başqa mənbə yoxdur? 

Mənfur qonşuların tarixini qədim dövrə çəkməklə, gələcəyimiz olan şagirdlərə bunu yeritməklə nəyə nail olmağa çalışırsınız?  Sizin müraciət etdiyiniz mənbə və elmi iddialar haqqında elmi müstəvidə hələ də mübahisələr bitməyib. 

Dərslik şəxsi mövqe yeri deyil. Əgər siz IV əsrdə Ermənistan adlı dövlət olduğunu qəbul edirsinizsə, bu sizin öz işinizdir. Əgər erməni çarlığını nəzərdə tutursunuzsa, onun Azərbaycana heç bir aidiyyatı yoxdur. Bilməlisiniz ki, sizin dərsliyin rus dilindəki variantından (dərsliklər çap olunduqdan sonra pdf formatında portallara yerləşdirilir) mənfur qonşular həmin cümləni götürüb bütün internet portallarında yayıb sübut edəcəklər ki, artıq Azərbaycan dərsliklərində də "qədim böyük Ermənistan"ın  varlığı etiraf edilir. Beləliklə, siz saxta Ermənistan tarixinə haqq qazandırmış olursunuz".

Elmi qüsurlara gəldikdə isə növbəti "yenilikləri" təqdim edirik. Həmmüəllifi olduğum 7-ci sinif "Azərbaycan tarixi" (2016) dərsliyində haqlı olaraq Sacilər dövlətinin yaranma tarixi 898-ci il verilib. 2014-cü il nəşrində bu fakt 879-cu il verilsə də monitorinqlərdə (keçmiş TQDK-da) səslənən qeydləri, elmi araşdırmaları nəzərə alaraq bu məsələyə yenidən baxıldı və Sacilər dövlətinin yaranma ili 898-ci il olaraq verildi.  Yeni dərslik layihəsində bu tarix 879-cu il verilib. Təbii ki, müəlliflər köhnə dərsliklərə əsaslanıblar (Bax: 7-ci sinif "Azərbaycan tarixi" (2011) səh. 108).

Maraqlıdır ki, bu faktın 898-ci il verilməsi Təhsil Nazirliyinin dərsliklər şöbəsinə çoxlu sayda məktubların gəlməsinə səbəb olub. Təbii ki, cavab vermək və əsaslandırmaq üçün həmin məktublar biz - müəlliflərə yönləndirilib. Biz isə öz növbəmizdə iradlara əsaslandırılmış cavablar vermişik". 

Tarixçi-alimin yazısında dərsliklə bağlı digər qüsurlar da qeyd olunub: "Məktubların hər birində tarix müəllimləri mənbə olaraq köhnə dərslikləri göstərirlər. Lakin hər bir fənn müvafiq olaraq elm sahəsinə əsaslanır. Dərslik vəsaitdir, mənbə deyil.

Bu mübahisələrə son qoymaq üçün mənbəyə əsaslanaq. "Azərbaycan tarixi" (7 cilddə) külliyatında yazılır: "Əbu-s-Sacın böyük oğlu Məhəmməd ibn Əbu-s-Sac 879-cu ildə Məkkə və Mədinə şəhərlərinin hakimi, Məkkə yolunun rəisi, 882-ci ildə Ənbərin canişini, Fərat və Rahba yollarının rəisi təyin olunur. Sonradan o, Mosul hakimi, Kinnəsrin və başqa şəhərlərdə canişin vəzifələrini icra edir.

898-ci ildə xəlifə, Məhəmməd Afşin ibn Əbu-s-Sacı nəinki Azərbaycanın, eləcə də Ərminiyənin canişini təyin edir" (Bax: Azərbaycan tarixi. 7 cilddə. II cild (III-XIII əsrin I rübü). Bakı, "Elm", 2007, səh. 238-240). Qeyd edim ki, Ərməniyyənin indiki ermənilərlə, haylarla heç bir əlaqəsi yoxdur.

Hörmətli 10-cu sinif "Azərbaycan tarixi" dərsliyinin müəllifləri, siz şagirdlərə ziddiyyətli faktlar təqdim edirsiz. Bunun yaradacağı digər mühüm problem isə, gələcəkdə qəbul imtahanlarının sualları olacaq. Abituriyentlər çıxılmaz vəziyyətdə qalacaq.

Elmi qüsur və uyğunsuzluqlar bununla da bitmir. Dərslik layihəsində xalqın təşəkkülü sxemində din birliyi verilməyib. Mövzuda din birliyinin əhəmiyyəti vurğulanmayıb. Halbuki VII əsrdən İslam dininin Azərbaycanda yayılması xalqın təşəkkülü prosesini sürətləndirən ən mühüm amildir. Bunu inkar etmək nə dərəcədə doğrudur?

Layihədə səhifə 48-də belə bir fakt verilib: "644-645-ci illərdə azərbaycanlılar ərəblərə qarşı üsyan qaldırdılar". Hansı mənbəyə, elmi araşdırmaya əsasən azərbaycanlılar yazmısınız? Nəzərinizə çatdırım ki, VII əsrdə azərbaycanlılar adlı xalq, millət və ya tayfa yox idi. VII əsrdə Azərbaycan türk xalqının formalaşması prosesi başa çatmaqda idi.

Metodika haqqında müəlliflərə və ekspertlərə suallarımız var. Bir mövzuda 24 xronolji anlayış vermək olarmı? Dərslik layihəsində mövzularda xronoloji faktlar saymaqla bitmir. 19, 20, 21, 24 xronoloji fakt verilmiş paraqraflar var. Şagirdləri faktoloji yükləməklə kurikulumun hansı standartlarını yerinə yetirmiş olursunuz?

Əksər oxucuların bilmədiyi bir məqama toxunmaq istəyirəm. İstər ekspertlərin kimliyi, istərsə də dərslik layihələri müəlliflərinin kimliyi gizli saxlanılır. Buna səbəb obyektivliyi qorumaqdır. Görünür, hazırda da bizim işçi qrupunun yazılarına cavab verilməməsinin səbəbi də məhz onların hələ də gizli saxlanılmasının vacibliyidir. Əslində bizim məqsədimiz polemika yaratmaq deyil, gələcəkdə dərsliklərlə bağlı yarana biləcək problemlərin qarşısını almaqdır. 

Hər bir təhsil işçisinin, fənn müəllimlərinin, dərslik müəlliflərinin məqsədi eynidir: islahatlarla inkişafa nail olmaq. Təhsil elə bir sahədir ki, o daim inkişaf etməlidir, köçürmələrlə yerində saymamalıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.