Ölkə

"Akademik borcu olan tələbələrə güzəştlər ediləcək" - Nazirlik

16 İyun 2017 13:30
0 Şərh     Baxış: 734

Əvvəlki qaydalardan fərqli olaraq təsdiq olunan yeni dəyişikliklərə əsasən akademik borcu olan tələbələrə hər semestrdə ümumilikdə iki fənn üzrə fənni dinləmədən kreditləri qazanmaq (imtahanda iştirak etmək) imkanı yaradılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Yaqub Piriyev ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarına edilən dəyişikliklə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir: "Digər tələbələr isə imtahanda iştiraka görə, həmin fənn üçün nəzərdə tutulan məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən vəsaiti ödəməli olacaqlar".

Y.Piriyev bildirib ki, hazırda dövlət ali təhsil müəssisələrində sonuncu buraxılış kursunun təqribən 6 faiz tələbəsi 1-2 fənn üzrə akademik borcu olduğuna görə ali məktəbi bitirə bilmir: "Bu qərarın qəbul olunması həmin tələbələrə ali təhsil müəssisəsini bitirmək üçün real imkan yaradır. Əvvəlki qaydalardan fərqli olaraq dəyişikliklərə görə, bir semestrdə tələbənin götürdüyü kreditlərin maksimal sayı 38-dən 40-a, yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditlərin cəminin sayı isə 9-dan 10-a qədər artırılıb".

Nazirlik rəsmisi onu da qeyd edib ki, əyani təhsilalma formasının yeni növləri - tədrisə tam cəlb olunma və tədrisə qismən cəlb olunma növləri tətbiq olunub: "Tədrisə tam cəlb olunma- ixtisasın təhsil proqramı ilə müəyyən olunmuş normativ təhsil müddətinə uyğun, tədris qrafiki ali təhsil müəssisəsi tərəfindən planlaşdırılan, tədrisə qismən cəlb olunma isə ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür. Tədrisə qismən cəlb olunma növünün tətbiqi aztəminatlı ailələrindən olan tələbələrə işləmək, işləyən şəxslərə isə təhsil almaq imkanı yaradacaq".
Bu yenilikdən 2000-ə yaxın tələbənin istifadə edəcəyi gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.