Ölkə

Amerikalı professorun Azərbaycan haqda gəldiyi nəticə - "Siz tam fərqlisiniz"

10 İyun 2017 08:00
Baxış: 6 766
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlkin İzzətin ABŞ-ın İndiana Universitetinin professoru, filoloq və politoloq, Azərbaycan və Orta Asiya ölkələri üzrə ekspert Vilyam Fiermanla müsahibəsi:

- Vilyam, əsl ixtisasınız nədir?

- Mənim ilkin təhsilim filologiya ilə bağlıdır. İixtisasca rus və çin dilləri üzrə filoloqam. Aspiranturaya daxil olanda düşünürdüm ki, Sovet-Çin münasibətləri ilə məşğul olacağam, amma o istiqamətdə getmədim. Hər halda aspiranturaya girdim, lakin siyasi elmlər üzrə. Yəni mən həm də politoloqam, siyasi elmlər üzrə elmi dərəcə almışam. Amma əsasən Mərkəzi Asiyada dil və identiklik siyasəti məsələləri ilə məşğul oluram. Mən hətta əvvəlllər, 1976-cı ildə Özbəkistanda təcrübə də keçmişəm. Orada bir il yaşamışam, dissertasiyam üçün materiallar toplamışam. SSRİ dağılandan sonra isə daha çox Qazaxıstandakı məsələlərlə maraqlanmağa başladım. Bundan əlavə, uzun illər İndiana Universitetində Qafqaz və Orta Asiya üzrə elmi mərkəzə rəhbərlik etmişəm. Qeyd edim ki, Qərb Universiteti ilə birgə layihə çərçivəsində İndiana Universitetində Azərbaycan dili kursu da açılmışdı. Azərbaycanlı mütəxəssislər gəlib orada Azərbaycanın tarixi, mədəniyyəti və siyasəti ilə bağlı mühazirələr oxuyurdular.

- Elə isə sizi Qafqaz və Orta Asiya üzrə ekspert hesab etmək olar?

- Qafqaz üzrə yox, amma Azərbaycan və Orta Asiya üzrə demək olar. Çünki digər Qafqaz ölkələrində Azərbaycana nisbətən az olmuşam. Azərbaycana isə bu mənim sayca 5-ci gəlişimdir.

- Azərbaycan dilində bilirsiniz?

- Çox az. (Azərbaycanca deyir və gülür - İ.İ) Özbək və qazax dillərini bildiyimə görə, Azərbaycan dilini də az-çox başa düşürəm, amma danışa bilmirəm.

- Türk dilində danışa bilirsiniz?

- Bilmiyorum. (Türkcə deyir və gülür - İ.İ)



- Bu günlərdə Bakıda Qərb Universitetinin təşkilatçılığı ilə "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri" mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransnda iştirak və çıxış etmisiniz. Konfransdakı çıxışınız hansı mövzuya həsr olunmuşdu?

- Əvvəlcə deyim ki, konfrans alimlərə bir-biri ilə ünsiyyət qurmağa, digər tərəfdən də müxtəlif müasir və tarixi mövzular üzrə mühazirələri, hesabatları dinləməyə imkan yaratdı. Amma mənim üçün ən mühüm olanı müxtəlif ölkələrin alimləri ilə ünsiyyət imkanının olması idi. Belə müzakirələr aparmaq, əlaqələr qurmaq, köhnə dostları görmək imkanı nadir hallarda yaranır. Bundan əlavə, mən bilirəm ki, Azərbaycan çoxlarını təəccübləndirmişdi. Məsələn, Bakı Gürcüstandan gələn qonaqların çox xoşuna gəlmişdi. Onlar deyirdilər ki, biz bilmirdik ki, tam yanımızda, qonşuluqda belə möhtəşəm şəhər və belə səviyyəli universitet varmış.


   
Mənım çıxışım isə "Postsovet Mərkəzi Asiyasında dil və identiklik" mövzusuna həsr olunmuşdu. Dolayısı ilə çıxışım Tacikistan istisna olmaqla Orta Asiyada, yəni türk dövlətlərindəki dil siyasəti ilə bağlı idi. Mən bu ölkələrdə əlifbanın dəyişdirilməsi prosesindən danışdım. Bu proses Orta Asiyada yalnız Türkmənistanda uğurla həyata keçirilib. Özbəkistanda isə 20 ildir ki, yeni əlifbaya keçirlər, amma hələ də ortada bir şey yoxdur. Bundan başqa toponimikadan, daha doğrusu siyasi proseslərin toponimikada necə əks olunmasından, məktəblərdə tədris dilindən və bu 4 ölkədə dilin hüquqi statusundan danışdım. Sonda mən eyni rakursdan bir az da Azərbaycana baxmağa cəhd elədim. (gülür-İ.İ.)

- Baxdığınız rakursdan Azərbaycan necə görünür?

- Əgər lap əvvəldən baxsaq, hansısa planda Azərbaycan uğurla latın əlifbasına keçib. Türkmənistanda da eynilə belədir. Lakin sizdə rus dili Türkmənistanda olduğu kimi, təhsildən tam sıxışdırılıb çıxarılmayıb, amma rus dilinin təhsildəki səviyyəsi təxminən Özbəkistanda olduğu kimidir. Orada şagird və tələbələrin 10 faizi rus dilində təhsil alır. Yəni bu mənada azad seçim hüququ var. Türkmənistanda isə belə seçim azadlığı yoxdur. Sonra düşündüm ki, Azərbaycanı Türkmənistan və Özbəkistanla necə müqayisə edim? Çünki hiss edirəm ki, burada vəziyyət tam fərqlidir. Mən hər dəfə sizin gözəl ölkənizdə, şəhərinizdə, Bakıda olmaq imkanı əldə edəndə hiss edirəm ki, Azərbaycan kənar aləmlə daha sıx bağlı olan ölkədir. Mənə bunu müəyyən etmək üçün tez bir vaxtda indikator tapmaq lazım idi. Və mən onu tapdım. Mən sadəcə bir sutka ərzində Bakıya Rusiya istisna olmaqla digər ölkələrdən olan beynəlxalq təyyarə reyslərinin siyahısına baxdım. Qeyd edim ki, konfransdakı məruzəmin mətnaltı məğzi həm də rusiyasızlaşdıma və sovetsizləşdirmə ilə bağlı idi. Mən eynilə Daşkənd və Aşqabada olan reyslərin sayına da nəzər saldım. Qazaxıstan və Qırğızıstan barədə isə heç danışmağa dəyməz, çünki onlar Rusiya ilə sıx bağlıdırlar. Amma Azərbaycan tam fərqlidir. Düzdür, bəzi məsələlərdə Özbəkistan və Türkmənistanla müəyyən oxşarlıqlar var. Amma burada çox şey kökündən fərqlənir. Sonda araşdırmam nəticəsində çox maraqlı məlumatlar əldə etdim. Mən bu haqda fikirləşdiyim gün reyslərin sayına baxdım və öyrəndim ki, sutka ərzində Rusiya istisna olmaqla Aşqabada 7, Daşkəndə 12, Bakıya isə düz 39 beynəlxalq reys olub. Bax, budur fərqin göstəricisi. Sizin ölkəniz dünyaya daha açıqdır. Artıq dediyim kimi, Azərbaycan latın əlifbasına da uğurla keçib. Məktəblərdə rus dilində tədris saxlanılır, hətta xüsusən Bakıda bu faiz daha yüksəkdir. Lakin Konstitusiyaya görə, Türkmənistanda və Özbəkistanda da olduğu kimi, rus dili Azərbaycanda əlavə statusa malik deyil.


 
- Dediniz ki, siz toponimika məsələlərini də araşdırmısınız...

- Bəli. Ən maraqlısı da məhz toponimika sahəsində baş verir. Mən bu məsələdə müqayisə üçün ən böyük şəhərləri seçdim. Aşqabadda 2003-cü ildə bütün küçələrin köhnə adları dəyişdirildi və yalnız 8-i istisna olmaqla küçələr nömrələrlə adlanmağa başladı. Həmin 8 küçə isə Türkmənbaşı, onun anası və bu qəbildən digərlərinin adlarınadır. İndiyədək də orada vəziyyət dəyişməyib. Qazaxıstanda Leninin, Dzerjinskinin, Qırmızı Ordunun adları, Sovet simvolları yoxdur. Hərçənd, toponimikada Puşkin, Turgenev kimi adları saxlayıblar, bəzi şəhərlərdə isə əsas küçələr Sovet dövrü adları ilə bağlıdır. Özbəkistanda isə ucdantutma hamısını, yəni nəinki rus adlarını, hətta Qafur Qulam, Həmzə Həkimzadə Niyazi kimi məşhur Sovet özbək mütəfəkkirlərinin adlarını da yığışdırıblar. Eyni araşdırmanı burda, Azərbaycanda da apardım və çox maraqlı nümunə tapdım. Sizdə vaxtilə Fəhlə prospekti olub, indi isə o Nobel adlanır. Bax, yenə də Azərbaycanın dünyaya, daha doğrusu Qərblə daha çox bağlı olduğu görünür. Təbii ki, bunun müəyyən qədər tarixi kökləri var. Amma Orta Asiyada belə deyil. Hərçənd, Qazaxıstanda da bu məngənədən çıxmağa çalışırlar.



Qısası, bu və digər aspektlərdən aparılan təhlillərimin nəticəsində belə qənaətə gəlmişəm ki, Azərbaycan Orta Asiyadan çox fərqlənir və Qərbə daha açıq ölkədir. Bunun bir sıra səbəbləri var. Onlardan biri də budur ki, burada tarixən də Azərbaycan dövləti olub. Bundan əlavə, Sovet dövründə tarixi zərurətdən irəli gələrək sizdə milli şüur təşəkkül tapmışdı və dil əsas rol oynayırdı. Əgər Sovetlərdə, xüsusilə durğunluq dövründə, ötən əsrin 70-ci illərində Bakıda Azərbaycanın dilinin istifadəsini, məsələn, Daşkəndlə müqayisə etsək, çünki Alma-Ata və o vaxtkı Frunze şəhərləri barədə heç danışmağa dəyməz, sizdə tam olaraq Azərbaycan dilində təhsil verən məktəblər, universitetlərdə qruplar mövcud olub. Bu da Azərbaycanda milli şüurun qorunub saxlanmasında rol oynayan amillərdən biridir. Orta Asiyada isə bu mümkün deyildi. Onlarda ali məktəblərdə filologiya fakültəsi istisna olmaqla birinci kursdan sonra hamı, hətta milli qruplar da rus dilində təhsil alırdılar. Amma Azərbaycanda dil nisbətən saxlanıldı və bu, milli şüurun qorunmasına təsir etdi. Burada milli dildə olan bədii ədəbiyyat da böyük rol oynadı. Hətta həmin dövrdə Azərbaycan dilində möhtəşəm əsərlər də ortaya çıxdı. Düzdür, Orta Asiyadan da Çingiz Aytmatov və Oljas Suleymenov kimi yazıçılar çıxıb, lakin onlar rus dilində yazıblar. Özbək dilində də yazan Qafur Qulam, Adil Yaqub kimi çox yaxşı yazıçılar olub. Qazaxlar və qırğızlar isə daha çox rusca yazırdılar. 

Qeyd: Müsahibə rus dilində alınıb. 

Söhbətləşdi: İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.