Ölkə

Qərb Univesitetindən dünyaya töhfə - Azərbaycanın təcrübəsinə maraq artır

5 İyun 2017 16:57
Baxış: 4 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 1-2-də Qərb Universitetinin təşkilatçılığı ilə Bakıda "Müasir dəyişən dünyada xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib. Konfransda Azərbaycanla yanaşı Misir, Gürcüstan, Rusiya, Özbəkistan, Türkiyə, Qazaxıstan, İsrail, Böyük Britaniya, ABŞ-ın tanınmış alim və tədqiqatçılar, eləcə də bir sıra beynəlxalq təşkilatların nümayəndələri və xarici ölkələrin Bakıdakı səfirləri iştirak ediblər.

Konfransın plenar iclasının açılışında çıxış edən Qərb Universitetinin Qəyyumlar Şurasının sədri, Ekologiya və Təbii Sərvətlər naziri, professor Hüseynqulu Bağırov, Qərb Universitetin rektoru, professor Andris Leitas, Təhsil nazirinin müavini Firudin Qurbanov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İsaqzai, TÜRKSOY-un baş katibi Düsen Kaseinov,  Fələstinin və İndoneziyanın Azərbaycandakı səfirləri, eləcə də digərləri konfransın mühüm əhəmiyyət daşığını, dünyada sülhün və təhlükəsizliyin təmin olunması üçün qlobal əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Daha sonra konfransın "Müasir Avropa və İslam dininə münasibət", "Cənubi Qafqaz regionunda xalqların milli özünütəsdiq məsələləri" və "İslam həmrəyliyi zamanın çağırışıdır" istiqamətləri üzrə aparılan bölmə iclaslarında İslam ölkələri arasında siyasi, iqtisadi, mədəni əməkdaşlığın gücləndirilməsi, xalqların milli özünüdərk və özünütəsdiq məsələləri, Cənubi Qafqaz regionunda etnik münaqişələrin yaradılması və onların milli dövlət quruculuğu prosesinə təsiri, eləcə də bu münaqişələrin beynəlxalq iqtisadi və mədəni inteqrasiyada əsas təhlükə olması ətrafında mühazirələr oxunub, müzakirələr aparılıb. Sonda ortaya çoxlu tövsiyə xarakterli məsələlər çıxarıblar. İştirakçılar müzakirəyə çıxarılmış məsələlərlə bağlı səmərəli nəticələrə gəlib, konkret təkliflərlə çıxış ediblər. Onlar Qərb Universitetin təşkilatçılığı ilə keçirilən bu konfransın regional problemlərin həllinin, eləcə də xalqların milli özünüdərk və özünütəsdiq prosesinin aktual problemlərinin müzakirəsi baxımından yaxşı platforma olduğunu qeyd ediblər. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

ABŞ-ın İndiana Universitetinin professoru Viliam Fierman Milli.Az-a deyib ki, konfrans alimlərə bir-biri ilə ünsiyyət qurmağa imkan yaradıb: "Bu konfrans bir tərəfdən müxtəlif müasir və tarixi mövzular üzrə mühazirələri, hesabatları dinləməyə imkan verir. Amma mənim üçün ən mühüm olanı müxtəlif ölkələrin alimləri ilə ünsiyyət imkanının yaranmasıdır. Belə müzakirələr aparmaq, əlaqələr qrumaq, köhnə dostları görmək imkanı nadir hallarda yaranır. Bundan əlavə, məsələn, mən bilirəm ki, Bakı Gürcüstandan gələn qonaqların çox xoşuna gəlmişdi. Onlar deyirdilər ki, biz bilmirdik ki, bizim tam yanımızda, qonşuluqda belə möhtəşəm şəhər və belə səviyyəli universitet varmış.
Mənım çıxışım isə Azərbaycan və Orta Asiyadakı türk dövlətlərinin dil siyasəti ilə bağlı idi. Bu və digər aspektlərdən aparılan təhlillərimin nəticəsində belə qənaətə gəlmişəm ki, Azərbaycan dünyaya, xüsusən də Qərbə daha açıq ölkədir". 

Konfransın bölmələrindən birinin moderatoru olmuş Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov Milli.Az-a bildirib ki, konfransda bəlli olub ki, bəzi ölkələr bir sıra məsələlərdə Azərbaycanın təcrübəsində istifadə etməkdə maraqlıdırlar: "Burada bölmələrdə aktual və mühüm mövzular müzakirə olundu. Bu məsələlər xarici qonaqları çox maarqlandırırdı. Onların çoxu Azərbaycanda bəzi problemlərin necə həll olunmasını bilmək istəyirdi. Mən "Cənubi Qafqaz regionunda xalqların milli özünütəsdiq məsələləri"nə həsr olunmuş bölmədə moderator idim. Bilirik ki, Azərbaycanda uzun illər ərzində separatçılıq cəhdləri olub və indi də var. Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altındadır. Eyni vəziyyət Gürcüstanda da baş verir. Gürcü qonaqlar bu məsələlərlə bağlı çox maraqlı fikirlər söylədilər. Abxaziya və Cənubi Osetiya problemləri onları çox narahat edir. Bu kontekstdə Gürcüstan-Rusiya münasibətlərinə aydınlıq gətirildi, bəzi çox mühüm məqamlara toxunuldu. Onları bu vəziyyətdən necə çıxılması problemi çox maraqlandırır. Gürcülər hətta Azərbaycanın təcrübəsindən faydalanmaq istəyirlər. Konfransda həmçinin, miqrant və qaçqın problemləri araşdırıldı və səmərəli təkliflər verildi".

Konfransın təşkilati məsələlərində yaxından iştirak etmiş Qərb Universitetinin Politologiya və Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Səbinə Manafova isə Milli.Az-a deyib ki, bu tədbir başqa aspektdən də çox böyük əhəmiiyyət daşıyırdı: "Məncə konfransın bir əhəmiyyəti də həm də odur ki, konfransda gənc tədqiqatçılar, tələbələr də iştirak edirdilər və onlar gələn qonaqları diqqətlə dinləyirdilər. Məncə bu, onlara təkan verir ki, gələcəkdə onlar da tədqiqat aparsınlar. Bu çox mühümdür. Qərb Universitetinin əsas məqsədi də odur ki, gəncləri cəlb etmək, onlara təcrübə qazandırmaqdır. Bundan başqa xarici qonaqlar Azərbaycanda olan multikulturalizm ənənələrinə çox maraq göstərirdilər. Çünki konfransdakı müzakirələrdən başqa qonaqları bizim tariximiz, mədəniyyətimiz də çox maraqlandırırdı. Onların fikrincə,  Azərbaycandakı reallıqda, mövcud ənənələrdən çox şey öyrənmək olar". 

Qeyd edək ki, konfransın əcnəbi qonaqları Bakıda - İçərişəhərlə, Şirvanşahlar Sarayı və Azərbaycan Xalça Muzeyi ilə tanış olublar, daha sonra Heydər Əliyev Mərkəzində və Azərbaycan Tarix Muzeyində olublar. Xarici tədqiqatçılar Azərbaycanın qədim tarixi irsi barədə məlumatları olduqca maraqla qarşılayıb, topladıqları informasiyaları öz ölkələrində bölüşəcəklərini bildiriblər.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.