Ölkə

"Nəzarətə götürülən banklar yaxın vaxtda kapitallaşacaq" - YENİLƏNİB

30 May 2017 14:46
1 Şərh     Baxış: 3 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:46

"Kapital çatışmazlığı ilə üzləşən və nəzarətə götürülən 5 bank kiçik banklardır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

"Həmin banklardan birinin adını çəkə bilərəm ki, bu da "AtaBank" idi. Həmin bank artıq konsolidasiya prosesinə başlayıb və bizim qiymətləndirmələrimiz göstərir ki, birləşmə nəticəsində yaranacaq bankın kapitalı 85 mln. manat, adekvatlıq əmsalı isə təxminən 40% olacaq, bu isə bizim normalarımıza tam uyğundur. Bilirsiniz ki, "AtaBank"ın kapitalla bağlı problemi var idi, hətta müştərilər şikayət edərək bildirirdilər ki, ödənişlərdə müəyyən ləngimələr var. Lakin bütün bu problemlər aradan qalxdı. Digər banklar isə kiçik banklardır. Onların aktivlərinin ümumi bank sistemindəki xüsusi çəkisi 5%-dir. Ümid edirəm ki, yaxın 1 ay ərzində biz bu bankların da müvafiq qaydada kapitallaşmasını görəcəyik. Müddətlərin bir qədər ləngiməsinin əsas səbəbi kimi səhmdarların sırasında xarici investorlar olması və kapitalın bərpası planının müəyyən daxili prosedurlar tələb etməsindən irəli gəlir", - deyə R.Aslanlı bildirib.

----------

10:43

"Azərbaycan manatının 2015-ci ildə ikili devalvasiyası ötən il bank sektorunda qeyri-işlək kreditlərin həcminin artması, banklardan əmanətlərin çıxarılması ilə nəticələnib".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Bakıda "İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr" mövzusunda keçirilən konfransda çıxış edən Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, vəziyyəti düzəltmək üçün Azərbaycanda bank sektorunun sağlamlaşdırılması istiqamətində tədbirlər görülüb, kapitalla bağlı problemi olan banklar sistemdən kənarlaşdırılıb, banklardakı əmanətlər 100% sığortalanıb.

"Hazırda kapitalla bağlı problemi olan 5 bank xüsusi nəzarət altındadır, ilin ortasına qədər onlar kapitallaşma ilə bağlı problemi həll etməlidir. Paralel olaraq Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması davam etdirilir, onun xarici öhdəlikləri restrukturizasiya edilir. Banklarda kredit portfelinin keyfiyyəti stabilləşib", - deyə MBNP rəhbəri əlavə edib.

Bununla belə, R.Aslanlı onu da qeyd edib ki, hazırda Azərbaycanda biznes kreditləşməsi ilə bağlı problemlər var, iş adamlarına təklif olunan kreditlərə yüksək təminat tələbləri mövcuddur. Bundan başqa, kreditlərin illik faiz dərəcəsi manatda 22-26%, xarici valtutada isə 13-15%-dir ki, bu da real sektorun rentabelliyi ilə müqayisədə yüksəkdir: "Kreditlərin bahalığı onunla bağlıdır ki, onların maya dəyəri yüksəkdir. Banklar illik 15%-lə əmanət qəbul edir, burada əməliyyat xərcləri, kreditin qaytarılmaması ehtimalı, məzənnə və digər riskləri nəzərə aldıqda kredit faizlərinin yüksək olması təbiidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.