Ölkə

Onlar həm Oyunların qəlbi, həm də bəzəyi oldular - KÖNÜLLÜLƏR - FOTO

26 May 2017 07:21
Baxış: 4 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər bir idman yarışının bel sütununu təbii ki, idmançılar, turnir iştirakçıları təşkil edir. Lakin son vaxtlar Azərbaycanda böyük miqyaslı, beynəlxalq idman tədbirlərini könüllülərsiz təsəvvür etmək olmur. Onlar hətta bu tədbirlərin bəzəyinə çevriliblər.

Könüllülər təşkilati məsələlərin icrasında yaxından kömək etməklə yanaşı, həm tədbirlərin daha gözəl, rəngarəng, maraqlı keçməsinə səbəb olurlar.



Biz bunu ilk dəfə Bakıda 2015-ci ildə keçirilən Avropa Oyunları zamanı da gördük, ötən il Formula 1 yarışlarında da, nəhayət, bu il IV İslam Həmrəyliyi Oyunlarında bunun şahidi olduq. Avropa Oyunlarında yarışlara 17 min, İslam Həmrəyliyi Oyunlarında 8500-dən çox könüllü cəlb olunmuşdu. Oyunların təkcə Açılış və Bağlanış mərasimlərində ali və orta ixtisas təhsili müəssisələrinin 4 min tələbəsi könüllü kimi iştirak edirdi.

Əgər yuxarıda qeyd edilən beynəlxalq yarışların Azərbaycanda uğurla və ən yüksək səviyyədə keçdiyi bildirilirsə, bunda ölkə rəhbərliyi, təşkilatçılar, texniki heyətlə yanaşı könüllülərin də əməyini qeyd etmək lazımdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, "Bakı-2017" Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva da 4-cü İslam həmrəyliyi Oyunlarının Bağlanış mərasimindəki çıxışı zamanı könüllülərin əməyini yüksək dəyərləndirdi:

"Əziz könüllülər, çox sağ olun: qonaqlarımız özlərini evlərindəki kimi hiss etdilər. Siz bu Oyunların uğurlu olmasında böyük rol oynadınız. Əgər atletlər "Bakı-2017"nin döyünən ürəyidirsə, siz bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram!"

Təbii ki, könüllülərin mütləq əksəriyyətini gənclər və yeniyetmələr təşkil edirdi. Bu tədbirlər onlar üçün əlavə dünyagörüşü, geniş təcrübə və çoxlu yeni dostlar qazanmaq, boş vaxtlarını səmərəli keçirmək demək idi. Bunu onların özləri deyirlər. 

Tağıyeva Şəmira: "Əvvəla, bu oyunlarda gözəl dostlar qazandım,. Bundan əlavə, idmana olan marağım daha da artdı. Mən Basketbol Arenasında kömək edirdim. Qeyd edim ki, basketbolda Azərbaycanın kişi və qadınlardan ibarət hər iki komandasının qalib gəlməsi bizə fəxr hissi yaşatdı. Dostlarımızla bu qələbəni qeyd etmək üçün elə arenadada yallı getdik. Bu an həyatımda unuda bilməyəcəyim ən gözəl anlardan olacaq. Hiss etdiklərimi sözlə ifadə etsəm, deyərdim ki, güclü fəxr və qürur hissi yaşadım. İstərdim ki, Vətənimiz Azərbaycan daim ucalarda olsun, biz də baxıb həmişə fəxr edək".

Nazim Qasımzadə: "Mən özüm saytlardan birində jurnalist kimi çalışıram. Amma nə yaxşı ki, könüllü olaraq bu Oyunlara qatıldım. Gözəl xatirələrlə yaddaşlarda qalacaq günlər keçirtdik. Səmimi və mehriban kollektivlə çalışdıq. Yeni insanlar kəşf etdim".

Fidan Xəlilova: "Deyərdim ki, Baku2017-də bu vaxta kimi həyatımın ən gözəl günlərini keçirtdim. Burada qazandıqlarımı sözlərlə ifadə edə bilmirəm. Əla bir komanda ilə işlədim. Və sonda möhtəşəm bir işi bacardıq. Əvəzolunmaz dostluqlar əldə etdim. Ölkəmlə daim fəxr edirdimsə, burada daha da qürur hissi keçirtdim. Azərbaycanı necə çox sevdiyimi burada bir daha və daha çox başa düşdüm. Həm işlədim, həm də əyləndim, həm yoruldum, həm də güldüm, oynadım. Bəzən soyuqdan dondum, bəzən günəşin istisindən başım ağrıdı, hətta yerə də yıxıldım, amma yenə də yaxşı ki, buradayam dedim. Dünyanın müxtəlif ölkələrindən gələn atletləri tanıdım. Bir sözlə, ömür boyu unudulmayacaq anlar yaşadım, insanlar gördüm. Nə yaxşı ki, bu Oyunlara qatıldıq. İnşallah, media könüllüləri ilə başqa tədbirlərdə də yenidən birlikdə olarıq".

Qeyd edək ki, Bakıda mayın 12-dək 22-dək keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında rekord sayda -  54 ölkədən 3 minədək idmançı, eləcə də min nəfərdən çox texniki heyət iştirak edib. Rəsmi məlumata görə, Oyunlara dəstək vermək üçün 8513 könüllü qeydiyyatdan keçib.

İlkin İzzət

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.