Ölkə

Bilgəhdəki güllələnmə ilə bağlı YENİ FAKTLAR - SƏBƏB PUL OLUB - YENİLƏNİB

24 May 2017 12:29
1 Şərh     Baxış: 2 518
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:29

Dünən Bakı şəhərinin Bilgəh qəsəbəsində baş vermiş güllələnmənin təfərrüatı məlum olub.

Milli.Az bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, qəsəbə sakini 35 yaşlı Ramid Rəhimovun güllələdiyi 41 yaşlı Tərlan Dadaşov onun qohumu olub. Belə ki, Tərlan bir müddət əvvəl Ramiddən 3 min manat borc pul alıb. Lakin o, pulu vəd etdiyi vaxtda geri qaytarmayıb. Maddi vəziyyəti pisləşən Ramid Rəhimov isə pulu növbəti dəfə geri almağa çalışıb və bu zaman onlar arasında dava-dalaş olub.

Daha sonra 35 yaşlı Ramid Rəhimov kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəngi götürərək qohumunu öldürməyə gedib. Ramid Tərlanın baş nahiyəsinə atəş açsa da, güllə onun boyun nahiyəsinə dəyib.

Qeyd edək ki, T.Dadaşov əvvəllər məhkumluq həyatı yaşayıb. R.Rəhimov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

---------

11:11

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 23-də Sabunçu rayonunun Bilgəh qəsəbəsi ərazisindən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Dadaşov boyun nahiyəsindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi Ramid Rəhimov tutulub. Ondan hadisə törədilərkən istifadə edilən kustar üsulla hazırlanmış, qundağı və lüləsi kəsilmiş tüfəng, 14 ədəd patron və 1 giliz götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

----------

10:12

Bakıda silahlı insident olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə Sabunçu rayonu, Bilgəh qəsəbəsində qeydə alınıb.
 
Qəsəbə sakini, Ramid Əzizağa oğlu Rəhimov aralarında yaranmış mübahisə zəminində tanışı, Tərlan Ağarəsul oğlu Dadaşovu öldürmək məqsədi ilə güllələyib. Nəticədə ağır yaralanan T. Dadaşov xəstəxanaya yerləşdirilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində R. Rəhimov tutulub. Ondan hadisədə istifadə etdiyi kustar üsulla hazırlanmış silah götürülüb.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.