Ölkə

Soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itkilər dəqiqləşdiriləcək - Tarix İnstitutu

20 May 2017 10:08
0 Şərh     Baxış: 1 621

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Milli.Az-a verilən məlumata görə, İnstitutun Elmi Şurasının iclası keçirilib. İclasda institutun direktoru, akademik Yaqub Mahmudov tarixçi-alimlərə Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamı barədə ətraflı məlumat verib.

O bildirib ki, prezidentin bu sərəncamı Azərbaycan tarix elmində yeni araşdırmalara yol açacaq: "İnstitutda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni elmi araşdırmalar aparılacaq. Rayonlarımızda Cümhuriyyətin tarixi ilə bağlı institutun elmi şurasının xüsusi iclasları təşkil ediləcək".

İclasda Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası, Osmanlı Türkiyəsi ilə münasibətlərinin tarixinin daha dərindən araşdırılması və Cümhuriyyətin tarixi ilə bağlı yeni tədqiqat işlərinin - namizədlik və doktorluq dissertasiyalarının yazılması məsələləri müzakirə edilib. Bildirilib ki, Türkiyə, Ukrayna və Polşadakı Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı olan sənədlərin araşdırılması və nəşri vacibdir.

Elmi Şuranın qərarına əsasən, 1918-1920-ci illər soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatlar dəqiqləşdiriləcək.

Y. Mahmudov bildirib ki, 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı Tarix İnstitutunun "Elmi əsərlər"inin xüsusi buraxılışı çap olunacaq.

Direktor "Tarixi şəxsiyyətlərimizə sahib çıxaq" layihəsi çərçivəsində Azərbaycanın orta məktəblərində keçirilmiş konfransları xatırladaraq, məktəblərlə əməkdaşlığın gücləndirilməsinin vacibliyini də vurğulayıb.

"Antiazərbaycan nəşrlərində və informasiya məkanında ölkəmizin əleyhinə sistemli iş gedir", - deyə akademik bildirib.

Toplantıda internet resurslarında, o cümlədən vikipediyada Azərbaycan tarixi və tarixi şəxsiyyətləri ilə bağlı məqalələrin sayının çoxaldılması və keyfiyyətinin artırılması istiqamətində müzakirələr də aparılıb.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.