Ölkə

Bakı-2017: "Xəzərdən başlayan səyahət" Şəmkirə yetişdi

22 Aprel 2017 13:06
Baxış: 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Şəmkirə yetişib. Azərbaycanın 15 bölgəsində baş tutacaq bu tur xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə bərabər, eyni zamanda həmrəylik və sevinc hissini də nəsib edəcək.

Milli.Az xəbər verir ki, "Bakı - 2017" IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Şəmkir su anbarı ətrafında tədbir keçirilib. Şəmkirçay Kürün qollarından biridir. Çay üzərindəki yeni su anbarı bu bölgəni içməli su və suvarma suyu ilə təmin etmək üçün 2014-cü ildə istismara verilib.

Su mərasimi, şahmat və güləş həvəskarı Murad Namazov, boks üzrə Azərbaycanın əməkdar məşqçisi Ramiz Yusifov və sərbəst güləş üzrə Avropa və Olimpiya turnirlərinin mükafatçısı Elçin Həsənov tərəfindən çaydan səhəngə su doldurulması ilə nümayiş etdirilib. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edilib. Qeyd edək ki, Bakıdan səyahətə başlayan səhəng 12 may tarixində Bakı Olimpiya stadionunda baş tutacaq Açılış Mərasiminin bir hissəsi olacaq.

Daha sonra günorta saatlarında "Domestic Grassroots" proqramı çərçivəsində Şəmkir Olimpiya İdman Kompleksində daha bir möhtəşəm layihə, "Sport joys - Regional idman tədbiri" həyata keçirilib. Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı veə gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olunub. Tədbir iştirakçılara əyləncəli və rəngarəng anlar yaşadıb.

Mərasim axşam saatlarında Bayraq Meydanında keçirilən Su festivalı tədbiri ilə davam edib. Tədbirə sərbəst giriş imkanı olan region sakinləri Mirvari rəqs qrupu, Vüqar Vəliyev, Xəyal Qasımovun ifasından, möhtəşəm su effekti və atəşfəşanlıqdan zövq alıblar.

Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Şəmkir sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olunub.

Möhtəşəm Su tədbirlərinin idman bayramına xüsusi rəng qatdığından bəhs edən boks üzrə əməkdar məşqçi Ramiz Yusifov deyib: "Uğurların, qələbələrin yaşatdığı sevinc, məğlubiyyətin gətirdiyi kədər hissini insanların bölüşməsi, onların bir-birinə dəstək olmaları çox böyük bir mədəniyyət olmaqla bərabər, eyni zamanda əvəzsiz bir dəyərdir."

Azərbaycan ərazisini əhatə edən və Xəzərdən Başlayan Səyahətin növbəti dayanacağı 23 aprel tarixində Mingəçevir şəhəri olacaq. Xəzər dənizindən başlayan, 37 gün ərzində 3,000 km-dən artıq məsafəni qət edəcək səyahət 15 bölgəni əhatə edəcək.

Xəzərdən Başlayan Səyahət haqqında daha ətraflı məlumatla, https://www.baku2017.com/en/p/journey-from-the-caspian veb-saytında tanış ola bilərsiniz.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.