Ölkə

Direktor: "Vulkan palçıqlarından qənaətbəxş istifadə edə bilmirik"

21 Aprel 2017 19:09
0 Şərh     Baxış: 908
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Palçıq vulkanları - dünya möcüzəsi" mövzusunda elmi - praktiki konfrans keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki,  fondun "Ekoloji maarifləndirmə" proqramı əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilati və informasiya dəstəyi ilə keçirilən konfransın iştirakçıları Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki "Daşgil" palçıq vulkanı sahəsi ilə əyani tanış olublar.

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbinin tələbələri, KİV nümayəndələrinin qatıldıqları ekskursiya zamanı AMEA-nın Geofizika İnstitutunun professoru Adil Əliyev palçıq vulkanları ilə bağlı onlara ətraflı maarifləndirici məlumat verib.

Konfrans öz işini Qaradağ Rayon Heydər Əliyev Mərkəzində davam etdirib. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, əhalinin ekoloji maarifləndirilməsinə töhfə verən tədbirin məhz Qaradağ rayonunda keçirilməsi sevindirici hadisədir.

Azərbaycanın unikal sərvəti sayılan palçıq vulkanlarının mahiyyətinin dəqiqliyi ilə açılmasına böyük ehtiyac olduğunu deyən icra baçşısı alimlərin konfransda səsləndirəcəkləri fikirlərin dinləyicilərə dəqiq bilgilər verəcəyinə əminliyini vurğulayıb.

Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev konfransa yüksək səviyyədə ev sahibliyi etdiklərinə görə, rayon rəhbərliyinə minnətdarlığını bildirib. İ.Vəliyev Bilik Fondunun layihələri barədə məlumat verdikdən sonra ölkədə xüsusən ekoloji maarifləndirmə sahəsində görülən işlərə diqqət çəkib, Azərbaycan Prezidentinin sərəncam, fərman, tövsiyə və tapşırıqlarını xatırladıb.

Tədbirdə Qaradağ rayon icra başçısına Bilik Fondunun xatirə hədiyyələri təqdim olunub.

Konfransda AMEA-nın Geofizika İnstitutunun professoru, elmlər doktoru Adil Əliyev "Azərbaycan palçıq vulkanları diyarıdır", mövzusunda çıxış edərək, ölkə ərazisində bütün növlər üzrə 350-dən artıq palçıq vulkanları olduğunu söyləyib. Onun sözlərinə görə, sayı, tərkibi, aktiv fəaliyyətinə görə, Azərbaycandakı palçıq vulkanlarının dünyada analoqu yoxdur, bunlardan Lökbatan vulkanları 2 ildə 24 dəfə püskürməklə rekord nəticə verib. Palçıq vulkanlarına münasibətin tarixi mərhələlərinə toxunan professor vulkanların neft-qaz mədənlərini dağıtması ilə bağlı iddiaların özünü doğrultmadığını, əksinə, prosesin yataqlar üçün əlverilişli olduğunu deyib.

A.Əliyev palçıq vulkanlarının köməyi ilə zəlzələlər haqqında informasiya almağın mümkünlüyünə aydınlıq gətirib. Professor palçıq vulkanlarını təbii sərvətimiz, milli dəyərimiz adlandırıb.

Səhiyyə Nazirliyi Elmi-tədqiqat Tibbi-bərpa İnstitutunun direktoru, professor Əlişir Musayev "Vulkan palçıqlarının müalicəvi əhəmiyyəti və klinik təbabətdə tətbiqi" mövzusunda söylədiyi məruzəsində bu təbii sərvətin xeyirlərindən danışıb. Onun sözlərinə görə, vulkan palçıqlarından qənaətbəxş səviyyədə istifadə edə bilmirik. Ölü dənizdən götürülən maddələrdən hazırlanan dərmanları xaricdən alırıq, amma ərazimizdə olan palçıqlara biganəlik göstəririk.

İnstitut direktoru vulkan palçıqlarının müalicəvi əhəmiyyətini vurğulayaraq, həm sağlamlığa, həm də iqtisadi inkişafa dəstək baxımından Ələt ərazisində kurortlar salınması təklifini irəli sürüb.

"Azərbaycan palçıq vulkanlarının turizm perspektivləri" mövzusunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov çıxış edib.

Natiq palçıq vulkanlarının turizm sektoruna verə biləcəyi xeyirlərdən söz açıb. S.Nəsənov bildirib ki, ölkəmizdəki vulkan ərazilərinin quruluşu Mars planetinə bənzədiyindən cəlbediciliyinə görə, ilk 20-liyə düşüb. Bununla yanaşı, güclü müalicəvi təsirlərə malik olması ekoturistlərin diqqətini cəlb edir.

Bakı və Abşeron Palçıq vulkanları Dövlət -Təbiət Qoruğunun müdiri Ceyhun Paşayev "Bakı və Abşeron Palçıq vulkanları Dövlət-Təbiət Qoruğunun mühafizəsinin aktuallığı aspektləri" mövzusunda qoruğun yaradılması və idarə olunmasının mexanizmləri barədə məlumat verib. C.Paşayev qeyd edib ki, palçıq vulkanlarının təbii komponentlərinin ciddi qorunması məqsədi ilə yaradılan qoruq bir müddət sonra Milli Parka kimi fəaliyyət göstərə biləcək.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş mühəndisi, fəlsəfə elmləri doktoru Rauf Muradov deyib ki, palçıq vulkanları zamanı əmələ gələn materiallardan neft sənayesi, təmir-tikinti, şərabçılıq, quşçuluq, heyvandarlıq sahəsində istifadə etməklə böyük nailiyyətlər əldə olunar.

Sonda tələbələr adından danışan BDU-nun magistrantı Bağırlı Arzu konfransın təşkilatçılarına təşəkkürünü bildirərək, yaşıdlarını palçıq vulkanlarının dərindən öyrənilməsi və tətbiqi istiqamətində səy göstərməyə çağırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.