Ölkə

Yarım milyon dollarlıq borca girən sahibkar: "Bəzi məmurlar bizə zərbə vurur" - FOTO

20 Aprel 2017 20:24
0 Şərh     Baxış: 3 453

"Uğur-99" MMC-nin təsisçi və direktoru, Sumqayıt şəhər sakini, Qarabağ müharibəsi veteranı Həmzəyev Həzi Mikayıl oğlu Milli.Az-a müraciət edərək məmur süründürməçiliyi ucbatından sahibkar kimi çətin vəziyyətdə qalmasından şikayətlənib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şirkət sərnişin daşınması ilə məşğul olur. Şirkətin avtobusları 2015-ci ildən etibarən Nəqliyyat Nazirliyinin lisenziyası əsasında Sumqayıt şəhəri və Bakıdakı "Sədərək"-"Binə" ticarət mərkəzləri istiqamətində 505 saylı marşrut xətti üzrə fəaliyyət göstərib. Lakin ötən ilin sentyabrından xətt heç bir səbəb gətirilmədən ləğv edilib:

"Mən hələ düz 2000-ci ildən nəqliyyat sektorunda çalışıram. Amma "Uğur-99" MMC Bakı-2015 Avropa Oyunları ərəfəsində yaradılıb. Həmin vaxt Nəqliyyat Departamentindən nümunəvi sahibkar kimi şəxsən mənə müraciət edildi ki, müasir standartlara uyğun avtobuslara ehtiyac var. Həmin vaxt cənab prezident İlham Əliyevin müvafiq tapşırıq və sərəncamlarından sonra 505 saylı marşrutu bizim şirkətə həvalə etdilər. Bununla bağlı may ayında Nəqliyyat Nazirliyi tərəfindən mənə 5 il müddətinə lisenziya və 2010-2014-cü illər istehsalı olan "Hyundai County" markalı 10 ortatutumlu avtobusun hərəkətinə icazə verildiyini bildirilən müvafiq sənədlər təqdim olundu. Avtobuslarımız Sumqayıt-Ceyranbatan-Xırdalan-Beynəlxalq Avtovağzal Kompeksi-"Binə" ticarət mərkəzi-Lökbatan dairəsi üzrə hərəkət edirdi.

Lakin cəmi 3-4 aydan sonra 505 saylı xəttin fəaliyyətini dayandırdılar. Deyilənə görə, bunu Bakı və Sumqayıt şəhər nəqliyyat departamentləri eləmişdi, özü də səbəbsiz. Bununla bağlı Nəqliyyat Nazirliyinə müraciət elədim. Nazirlik məsələni araşdırdı və məlum oldu ki, bizim başqa marşrutla üst-üstə düşən yolumuz yoxdur. Ona görə də sentyabrda xətti bərpa elədilər. Amma 2016-cı ilin yanvar ayında xətti yenidən bağladılar. Bu dəfə səbəb kimi 509 saylı marşrutu göstərdilər ki, guya yolunuz üst-üstə düşür. Halbuki, onların xətti "Binə" ticarət mərkəzi-Xocəhəsən -Saray-Sumqayıt üzrədir. Yəni onların avtobusları dolayı, bizimkilər isə Sumqayıtdan birbaşa Bakıya hərəkət edirdi.

Ona görə də nazirlik yenə də məsələni araşdırandan sonra bu səbəbi əsassız saydı və fevralda xətti bir də bərpa etdi. İyunun 20-dək normal işlədik. İşlədiyimiz müddətdə dövlətin bütün vergilərini vermişəm, sosial müdafiə fonduna bütün ödəmələri qəpiyinə kimi etmişəm. Fəaliyyətimiz müddətində hər hansı dövlət qurumu tərəfindən şirkətə nə sürücülərin, nə də avtobusların texniki vəziyyəti ilə bağlı hər hansı irad tutulmayıb. Amma iyunun 21-də mənə bildirdilər ki, sizin xəttiniz yenə bağlanıb. Mən yenidən Nazirliyə, eləcə də Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Sumqayıt Regional Şöbəsinə müraciət elədim. Hətta DANX-ın rəisi Elnur Abdullayevin qəbulunda olmuşam. Bir müddət müraciətimizə baxılmadı. Sonra oktyabrda Nazirlikdən məni Apelyasiya Şurasına dəvət elədilər. Mənə dedilər ki, bilirik ki, sizin maddi-texniki bazanız yüksək səviyyədədir.

Lakin bu dəfə Apelyasiya Şurası şikayətimizi qismən təmin etdi. Nəqliyyat nazirinin müavini Arif Əsgərovun imzaladığı həmin sənəddə göstərilir ki, "AMAL-D" MMC-nin istismar etdiyi 509 saylı marşrut xətti üzrə bağlanmış sərnişindaşıma müqaviləsinin qüvvədə olma müddəti başa çatdıqdan sonra "Uğur-99" MMC-nin də keçiriləcək müsabiqədə iştirakı məqsədəuyğun hesab edilir".

Sahibkarın sözlərinə görə, üstündən yarım ildən də çox vaxt keçməsinə baxmayaraq, onları heç bir müsabiqəyə çağırmayıblar: "Əslində biz heç avtobuslarımızı 509 marşrutu üzrə işlətməyə razı deyilik. İstəyimiz odur ki, öz xəttimiz - 505 bərpa olunsun. Bununla bağlı DANX-ın rəhbərinin, rəis İbrahim Əliyevin və Sumqayıt Regional Şöbəsinin rəhbərinin imzası ilə ötən ilin sonundan bəri dalbadal məktublar gəlir ki, məsələ öz həllini tapacaq, yəni 509 üzrə müsabiqəyə çağırılacağıq. Məktubların hamısının da mətni eynidir, köçürülmədir.

Amma aldadırlar, ortada heç bir şey yoxdur. Apelyasiya Şurasının qərarından 6 aydan çox vaxt keçib, amma bizi bir dəfə də olsun müsabiqəyə çağırmayıblar. Halbuki hər ayın sonunda müqavilə bitir və bu müddət ərzində bizi 6 dəfə çağıra bilərdilər. Belə çıxır ki, kimlərsə həmin xətti monopoliyada saxlayır. Onu da deyim ki, bu gün 509 marşrut üzrə 15-18 avtobusa tələbat var, amma həmin xətdəki avobusların əksəriyyəti onu işlədən şirkətin deyil, kənardan elə-belə cəlb edilib, özləri də texniki cəhətdən bizimkilərdən qat-qat geri qalır".

Şirkətin rəhbəri dövlət başçısının və hökumətin sahibkarlara diqqət və qayğı göstərdiyi bir zamanda bəzi məmurların bu anlaşılmaz hərəkətlərini onlar tərəfindən sahibkarlığa zərbə kimi qiymətləndirir: "Bizim lisenziyamız var, şirkətin müsabiqəyə cəlb olunmasına dair qərar var, amma icra edən yoxdur. Mən sahibkaram. Bu avtobusların alınması üçün 2015-ci ildə yarım milyon dollarlıq borca girmişəm. Avtobuslar istifadə olunmadığından çürüyür. Satmaq da olmur, çünki qiyməti aydan-aya düşür. Devalvasiyadan sonra isə dollar bahalaşıb. İndi borcu ikiqat ödəməliyəm. Amma siz deyin, necə ödəyim? Artıq 10 aya yaxındır ki, avtobuslar işləmir. Bıçaq sümüyə dirənib. Ölkə prezidenti sahibkarlara hər cür şərait yaradır, ölkəni inkişaf etdirir, bununla bağlı tapşırıqlar verir, amma bəzi məmurlar bizi qəsdən çətin vəziyyətdə qoyurlar. İstəyimiz odur ki, hüquqlarımız bərpa olunsun ki, biz də həm xalqımıza layiqli xidmət göstərək, həm əlavə bir neçə nəfər işçi qazansın, bizdə qazanıb borclarımızı ödəyək".
 

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.