Ölkə

Faiq Əmirli barəsində cinayət işinin istintaqı yekunlaşdı

19 Aprel 2017 18:25
Baxış: 417

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkil bildirib ki, bu gün müvəkkili ilə 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb: "Artıq onun işi ilə bağlı istintaq yekunlaşıb. Faiq işlə tanış olub. Yəqin ki, gələn həftə iş materialları tanışlıq üçün bizə təqdim ediləcək və məhkəməyə göndəriləcək".

F.Mehtiyev bildirib ki. F.Əmirlinin səhhətində problemlər qalmaqdadır: "Həkim müayinəsindən keçiriləndən sonra ona əlavə dərmanlar lazım olub. Həmin dərmanların siyahısını Faiq mənə təqdim etdi və onu ailəsinə çatdıracam".

Vəkil bildirib ki, F.Əmirlinin saxlanma şəraitindən narazılığı yoxdur.

Qeyd edək ki, bu il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apellyasiya şikayəti vermişdi.

F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.