Ölkə

"Aldadırdı, məlum oldu ki, ərdə ola-ola başqasından uşaq doğub..." - TƏŞKİLAT RƏHBƏRİNDƏN İNANILMAZ AÇIQLAMA - FOTO

19 Aprel 2017 19:06
0 Şərh     Baxış: 3 669

"Həyat yoldaşımdan ayrılanda iki uşaqla küçədə qalmışdım. Evim yox idi. Kimin qapısına gedirdim, 1-2 gün yola verirdilər, sonra ya qapını göstərirdilər, ya qapını açmırdılar, ya da evdə dava salırdılar ki, gedim. Çətinliklə də olsa, özümə birotaqlı ev aldım, sığınacaq elədim".

Milli.Az xəbər verir ki, bunu lent.az-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova danışır.

İctimai Birlik 1998-ci ildən fəaliyyət göstərir. Təşkilat 2006-cı ildən Ədliyyə Nazirliyində rəsmi qeydiyyatdan keçib. 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən rəsmi akkreditasiya attestatı alıb. Təşkilatın nəzdindəki sığınacaq son 3 ildə 600-ə yaxın qadına xidmət göstərib. Hazırda sığınacaqda 17 uşaq, 11 qadın var.

- Sığınacağın ilk sakini surroqat ana oldu. Oğlan aldatmışdı ki, evlənəcək. Sən demə, onu uşaq doğmaq üçün istifadə etmək istəyirmiş. Qız biləndə evdən qaçmışdı. Evdə doğuzdurmaq istəyirlərmiş ki, kimsə bilməsin. Mənə doğum evindən zəng eləmişdi. Kömək etdim ona. 15 il sonra o qız tapdı məni. Uşağın adını Nicat qoymuşduq ki, sənin nicatın olacaq. Zəng vurdu ki, filankəsəm. Tanımadım. "Nicatın mamasıyam", deyən kimi tanıdım.

- Bir evdə 2 qadını idarə etmək çətindi. Burda isə 11 qadın, üstəlik də işçilər. Yola gedirlər?

- Bəzən yeməyi bəyənmirlər. Makaron verirsən, deyirlər, bəs bunun əti, qatığı hanı? (Gülür). Yaxşı yemək tələb edirlər. Bilirlər ki, dalaşan kimi ikisini də dərhal sığınacaqdan uzaqlaşdırılacaq. Belə bir nümunə də var. Özümüz də deyirik, köhnələr təzə gələni məlumatlandırır. Sosial işçilərimiz gündəlik onlarla söhbətlər aparır, problemləri ilə maraqlanır, kömək etməyə çalışırlar. Hər hansı bir konflikt yaradacaq situasiya olanda psixoloq müdaxilə edir. Davranış qaydaları əvvəlcədən izah olunur. Qiymətləndirmə aparılarkən ona tapşırılır ki, öz hadisəni kimsəyə danışma. İnsan alverinin qurbanlarından tutmuş, məişət zorakılığı qurbanlarına qədər. Əks halda, qarşı tərəf bundan istifadə edə bilər. Bizdə olmuşdu ki, dalaşanda biri digərinə demişdi, yaxşı arvad olsaydın, qalardın ərində.

- Tabe olmaq istəməyən olur?

- (Gülür). Hə. Daşkəsəndən bir qız vardı. Heç nəyə tabe olmaq istəmirdi. Əqli cəhətdən çatışmazlığı da vardı. Girirdi hamama, 5 saat orda otururdu. Başqası nə tualetə gedə bilirdi, nə hamama. Gərginlik periodunda xəstəxanaya yerləşdirmişik. Oradakıları da birtəhər eləmişdi... Aparıb uşaqları yolun ortasında qoyurdu, camaatı yığırdı başına. Bir dəfə bura 40 polis maşını yığmışdı. Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin sədri Rəbiyyə xanımın vasitəsilə atası ilə danışdıq və onu öz evinə göndərdik. Uşaqlarına görə küçəyə ata bilməzdik. Məcbur dözdük. Bu məsələdə uşaqların ondan alınmasının tərəfdarı idim. Uşaqlardan çox sui-istifadə edirdi. Pərakəndə həyat yaşayırdı. Uşaqların təhsili də diqqətdən kənarda qalmışdı. Və biz icra hakimiyyətinə yazdıq ki, uşaqlar o qadından alınıb, dövlətə verilməlidir. Kənardan qəddar addım kimi görünə bilər. Amma uşaqların gələcəyi üçün bunu etməli idik.

- Aldadırlar?

- O qədər! "Aldanmaq", deyəndə, onsuz da nə desələr inanırsan. Çətin vəziyyətdə olan istənilən adamı qəbul edirik. Bir xanım vardı, dedi, qız uşağı doğduğum üçün evdən çıxmışam. 3-4 aydan sonra bəlli oldu ki, ərdə ola-ola başqa kişidən uşaq doğub və evdə konflikt başlayıb.

- Deyilən ümumi yalan nədir?

- Xəyanətlə bağlı ola bilər. Əksərən şişirtmələr olur. Burda qalmaq, yaxud da yerləşmək üçün şiddətin dərəcəsini şişirdib deyirlər. Çünki biz bəzi hallarda qəbul etmirik.

- Hansı hallarda?

- Bizə zəng vururlar ki, ev kirayəsinin pulunu ödəyə bilmirəm. Şəxs təkdirsə, ümumiyyətlə, qəbul etmirik. Çünki o, kirayə ödəməmək üçün pulsuz yer axtarır. Sığınacaq o məqsədlər üçün nəzərdə tutulmayıb. Amma körpəsi varsa, müvəqqəti qəbul edirik. Ana özünə iş tapana qədər. Bəzi hallarda yalan təkrarlanır. Hazırda bizdə bir qız var, reabilitasiya müddəti bitib. Onun qarşısında tələb qoymuşuq ki, özünə iş tapmalıdır. "İş" adı gələndə gedir gəzib gəlir ki, iş yoxdu. Görürük ki, vaxtı uzadır. Bilir ki, körpə uşağı ilə onu küçəyə atmayacağıq, ondan istifadə edir.

- Burda qalmaq üçün limit var?

- İlk reabilitasiya dövrü 3 aydır. O da baxır şəxsin intellektual səviyyəsinə və eyni zamanda ətrafındakılara. Ətrafdakılar dəstək verirlərsə, reabilitasiyadan tez keçir. Hamilə gəlibsə, bir az uzanır müddət. Uşağın doğumu, ananın özünə gəlməsi filan 8-9 aydan 1 ilə qədər qalmaq ehtimalı var. Sığınacaq təzə ünvana keçəndən komplektləşmə gedir. Əvvəl belə idi, bütün sosial işçilər hamıya cavabdeh idi. İndi sistem belədir: bir sosial işçi 5 nəfərə cavab verməlidir. Bu, həm işim keyfiyyətini artırır, həm də nəzarət mexanizmini. Çoxdankı arzum idi, yavaş-yavaş reallaşdırmağa başlayırıq. Buradan bir nəfər sosial işçi ilə birgə uşaqları himayəsinə götürür, digərləri işə gedir. Bağça kimi.

- Elə bağçaya qoysalar olmaz?

- Proses uzun çəkir. Sənədlərin hazırlanması və s. Üstəlik də hər kəs istəyir ki, bağça iş yerinə yaxın olsun. İcra hakimiyyətinə yazırıq, onlar yerləşdirir.

- Təhsilin reabilitasiya keçən zaman köməyi olur?

- Hə, təhsilli qadın reabilitasiyanı daha tez keçirir. Əksər qadınlar təhsilsizdir. Eləsi var, 4 sinif oxuyub, eləsi var, 9 illiyi bitirib. Təhsilli 1, ya 2 olar. Sığınacağa gələn qadın mütləq tibbi müayinədən keçir. Sonra qiymətləndirmə aparılır. Real təhlükə varmı, yoxmu? Yaxud, təhsili, iş təcrübəsi varmı? Sonra ailəsi ilə maraqlanırıq. Atası, anası varmı? Varsa, şəxsin razılığı ilə valideyni ilə danışıqlara başlayırıq. Reabilitasiya müddətində ona dəstək verəcək qohumlar varsa, bu zaman reabilitasiya daha tez keçir və nəticə müsbət olur. Yox, imtina edirlərsə, reabilitasiya uzun gedir və həmin qadının cəmiyyətə reinteqrasiyası çətin olur. Təhsili olarsa, dövlət işində işləyə bilir, yoxdursa, məcbur müqaviləsiz işləməli olur.

- Sığınacağı təzə ünvana köçürmüsünüz. Qonşularla vəziyyət necədi?

- Çalışırlar ki, sığınacağı qısqansınlar. Ona görə də hər şeyə həssas yanaşırıq. Geyim, davranış önəmlidir. Sığınacaq açıq tiplidir. Düzdü, biz qapını bağlı saxlayırıq. Amma istəyən adam qapını açıb gedə bilər. Çıxmazdan əvvəl qol çəkməli, qışda 6, yayda isə ən geci 7-də evdə olmaq şərti ilə.  

- Sığınacaq istəyən kişi olub?

- Olub, amma qəti şəkildə rədd etmişik. 12 yaşdan yuxarı oğlan uşaqlarını da qəbul edə bilmirik. Hazırda qadın var, iki oğlunu başqa yerdə məskunlaşdırıb, 8 aylıq qızı ilə burda qalır.

Uşaqları dərhal ərazi üzrə uşaq poliklinikasında qeydiyyata salırıq, hər birinin adına kart açılır. O cümlədən, Respublika Klinik Xəstəxanası, 7 Saylı Qadın Məsləhətxanası, Qarayev adına Uşaq Xəstəxanası ilə sıx işləyirik. İlk gəldiyi gündə dəri-zöhrəvi, HİV-ə qarşı müayinələr aparılır. Müayinələr bitənə qədər karantin otağında qalırlar. Bu yaxınlarda bir xanım vardı, narkotik asılılığı vardı. Ona baxan kimi vərəmdən şübhələndim. 3-4 saat karantin otağında oldu. Dərhal yerləşdirdik xəstəxanaya. Müayinə zamanı vərəm olduğu təsdiqləndi. Qanla keçən viruslara gəlincə, sığınacaq sakinləri üçün mütəmadi təlimlər keçilir. Onlar hansı xəstəliyin qanla, hansının hava yolu ilə keçdiyini artıq bilirlər. Hepatit D ilə A bəzi hallarda məişət yolu ilə keçə bilir. Hepatit C ancaq qanla yoluxur. QİÇS-lə Mübarizə Mərkəzi, Dəri-Zöhrəvi Dispanseri ilə yaxından əməkdaşlıq edirik.

- Yuxarıda sadaladığınız viruslara yoluxmuş sakininiz var?

- Bir nəfərdə Hepatit C vardı.

- Bəs Elnurə?

- Onu bütün ofis bilirdi. Çox normal da münasibət vardı. Hər kəsə məlumat vermişdik ki, QİÇS məişət yoluyla keçmir. Onunla bir qabda yemək də yeyirdim, qucaqlaşırdım da. Amma kiminsə ürəyində şübhə vardısa, qab-qacağını ayrı saxlayırdı.

- Yoluxucu xəstəliyi olan qadın olanda sığınacağın digər sakinlərinə məlumat verirsiniz?

- Yox. Əks halda vahiməyə düşürlər. Yeni gələnlər xəstəlik haqda məlumatsız olanda artıq iqnor etməyə başlayırlar. Bu da ayır-seçkilik yaradır.

- Sığınacağın ümumi problemi nədi?

- İstəyirsən yaradıcı yanaşasan, pul lazımdı. İstəmirəm bura nə yataqxana qisminə dönsün, nə də vaxt keçirtmək. Şəxs burdan fərqli obrazda çıxmalıdır. Maliyyə çətinliyimiz var. O vaxt layihələrdə olurdu deyə kimsəyə müraciət etmirdik. Amma indi hərdən ictimaiyyətə müraciət edirik, dəstək olurlar. Sığınacağın ümumi stabil dəstəyi yoxdu. Bəziləri deyir, niyə sığınacaq saxlayırsan? Nə marağın var?

- Məsələn, nə marağınız var?

- Burdan karyera yüksəlişi gözləmirəm. Gəlir gətirən də sahə deyil. Gündəlik neqativ şeylər eşitmək çox ağırdı. Müxtəlif xarakterli insanlarla işləmək çətindi. Sığınacağa gələn ərzaqlar göz qabağındadı. Gündəlik tələbata uyğun özləri qənaətlə istifadə edir. Ötən yayda elə gün olub, çörəyimiz olmayıb. Gözləyirdilər, mən gəlib çörək alırdım. 2012-ci ilə qədər sığınacağa görə maliyyə almamışam. Hansısa qənaətim olubsa, sığınacağa xərcləmişəm. O qənaətləri toplasaydım, bəlkə də ev alardım. Maliyyə olmadığından o qənaətləri sığınacağa xərcləmişəm.

- İndi gəliriniz haradandı?

- Gəlirim yoxdu.

- Bəs necə dolanırsınız?

- İnsan Alverinin Qurbanları Kömək fondunun sədriyəm. Oradan ayda 400 manat maaş alıram. Başqaları kimi xaricdə dincəlmirəm, rayonları gəzmirəm. Ev-iş, iş-ev. İşçilərin maaşını da başqa təşkilat ödəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.