Ölkə

"Hamıda maddi maraq yaranacaq" - Pulunu vaxtında versələr...

30 Mart 2017 21:05
Baxış: 3 871
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ölkəmizin son illərdə sürətli inkişafının əsas səbəbi neft faktoru olub. Regionlarımız da daxil olmaqla, bütövlükdə ölkədə indiyədək müxtəlif infrastrukturların yaradılması, böyük həcmdə maliyyə ehtiyatlarının əldə olunması, həmçinin, əhalinin sosial-iqtisadi vəziyyətinin əhəmiyyətli şəkildə dəyişməsi məhz neft gəlirləri hesabına baş tutub. Bununla belə, neftin zərəri də az olmayıb. Belə ki, qeyri-neft sektoru geridə qalıb, xüsusən də, kənd təsərrüfatında bir sıra mühüm sahələr tənəzzülə uğrayıb. Bunlardan da ən birincisi pambıqçılıqdır".

Bunu Milli.Az-a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.

İqtisadçının fikrincə, indiki zamanda pambıqçılığa diqqətin artırılması çox mühüm məsələdir: "Prezident İlham Əliyevin pambıqçılığın bərpası və inkişafı ilə əlaqədar məsələ qaldırması ilk dəfə keçən ilin I rübü ərzində sosial-iqtisadi inkişafının yekunlarına dair Nazirlər Kabinetinin aprel ayında keçirilən iclasına təsadüf edir. Həmin iclasda dövlət başçısı bəyan etdi ki, bu işdə əslində gecikmişik. Yəni, pambıqçılığın bərpasına çoxdan başlamaq lazım idi. Ümumiyyətlə, artıq xeyli müddətdir ki, iqtisadiyyatımızda prioritet sahələr sənaye ilə kənd təsərrüfatı hesab olunur. Kənd təsərrüfatında isə keçmiş ənənələr bərpa edilməlidir. Bura pambıqçılıq, tütünçülük və baramaçılıq da daxildir. Məsələ bundadır ki, bilavasitə adlarını çəkdiyim kənd təsərrüfatı məhsulları üzrə qapı-qapı düşüb bazar axtarmağa ehtiyac yoxdur. Bunlar hamısı ixracyönümlü məhsullardır. Valyuta gəlirlərimizin azaldığı bir vaxtda isə bunun nə demək olduğu bəlli məsələdir".

Bəziləri bildirir ki, pambıqçılıq yaxşı gəlir mənbəyi deyil və kəndlidə bu sahəyə maraq yaratmaq guya, çətin məsələdir. Ekspertin sözlərinə görə, bu, tamamilə əsassız və yanlış fikirdir: "Əvvəla, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora məxsus ərazilərdə məskunlaşıb. Keçən il sayca 24 rayonda pambıq əkilmişdi. Bu isə ümumən, 52 min hektar demək idi. Bu il isə 140 min hektara yaxın sahədə.

Yeri gəlmişkən, keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində 800-900 min ton pambıq tədarük olunurdu. 2015-ci ildəsə il bu rəqəm güc-bəla ilə cəmi 35 min ton təşkil edib. Ümumiyyətlə, ölkəmizdə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə 22 faiz təşkil edirdisə, 2015-də il bu rəqəm cəmi 1,2 faiz olub.

Ancaq fərəhləndirici faktdır ki, ölkədə 2015-ci ildə cəmi 18 min 700 hektar pambıq əkilmişdisə, keçən il 52 min hektarda əkilib. Bu il isə 138 min hektarda səpin olacaq və nəticədə 270 min ton pambıq tədarükü gözlənilir. Amma sözüm bunda deyil.

Təkcə, bir faktı nəzərə almaq lazımdır ki, hər hektarda orta hesabla minimum 1 nəfər çalışarsa, pambıqçılığın bərpası və inkişafı ən azı istər-istəməz məşğulluğun artması deməkdir. Digər tərəfdən, sözügedən sahədə dünya bazarlarındakı qiymətlərlə bağlı tədarükçü şirkətlərlə emal müəssisələrinin daha çox gəlir götürəcəklərini nəzərə alsaq, əgər onlar tərəfdən fermer və kəndlilərin pulu vaxtında və istənilən səviyyədə verilərsə, konkret maddi maraq yaranacaq. Bunun üçün isə gəlirlərin bölüşdürülməsində istehsalçı- emalçı-dövlət münasibətlərinin düzgün təşkil olunması vacibdir".

P.Heydərov hesab edir ki, bütün bunlardan ötrü kompleks stimullaşdırıcı tədbirlər həyata keçirməlidir. İlk addım isə məhz qiymət siyasəti ilə bağlı olmalıdır: "Hesab edirəm ki, qiymət əsas şərtdir. Bu və ya digər güzəştlərin və subsidiyalaşdırmaların tətbiqi ilə istənilən nəticəyə nail olmaq çətin məsələdir. Məhz kəndlinin əməyinin ödənişi üzrə qiyməti düzgün təşkil etmək lazımdır.

Bu mənada, sevindirici hal xüsusən, ondan ibarətdir ki, bilavasitə dövlət özü, bu sahəni diqqətə götürüb. Belə ki, hələ keçən il dövlət başçısı qeyd etmişdi ki, pambıqçılığın inkişafını bundan sonra ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır. Çünki "qara qızıl"dan gəlirlər azaldıqca pambıqçılıq kimi sahələrə diqqət və qayğı istər-istəməz yada düşür və qaçılmaz xarakter alır. Lakin bu qayğı bilavasitə dünya bazarları ilə əlaqəli və xüsusən də, qiymət sarıdan qarşılıqlı münasibətlər əsasında həyata keçməlidir ki, istənilən nəticəyə də maksimum səviyyədə və eyni zamanda tez nail olmaq mümkün olsun".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.