Ölkə

Əli İnsanovun cinayət işi məhkəməyə göndərildi

28 Mart 2017 17:58
0 Şərh     Baxış: 1 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.

Vəkil bildirib ki, cinayət işinin materialları Qaradağ rayon məhkəməsinə göndərilib. Yaxın vaxtlarda iş icraata veriləcək.

Qeyd edək ki, ötən il avqustun 24-də həbsdə olan sabiq səhiyyə naziri Ə.İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Ötən il oktyabrın 11-də Ə.İnsanov barəsində Qaradağ rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 11-də prokurorluğun təqdimatı ilə Qaradağ rayon məhkəməsi Ə.İnsanov barəsində həbs qətimkan tədbirinin daha 2 ay, martın 3-də isə daha bir ay uzadılması barədə qərarlar çıxarıb.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.