Ölkə

Dağ yəhudilərinin rəhbərinin evini yaranlardan XƏBƏR VAR

28 Mart 2017 10:51
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt Apellyasiya Məhkəməsində "Dağ yəhudiləri" dini icmasının sabiq sədri Boris Simanduyev evindən quldurluq yolu ilə külli miqdarda pul əldə etməkdə təqsirləndirilən Coşqun Əliyev, Eldar Avadayev, Xalid Seyidovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar E.Avadyayevə CM-in 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə halları istisna olmaqla) maddəsi ilə cəza təyin edilməyib. Ona CM-in 66.3-cü (cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz) maddəsinə əsasən qəti cəzanın təyin edilməsi barədə müddəa hökmdən xaric edilib və üzərində CM-nin 181.3.2-ci (qulduruluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təyin edilmiş 13 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar C.Əliyevə də CM-nin 228.4-cü maddəsi ilə cəza təyin edilməyib. CM-nin 66.3-cü maddəsinə əsasən qəti cəzanın təyin edilməsi barədə müddəa hökmdən xaric edilib və onun üzərində CM-nin 181.3.2 və 181.3.3-cü quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

X.Seyidovun əməli CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 307.3-cü (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsinə tövsif edilib. Onun 12 il müddətinə azadlıqdan məhrum etmə cəzası 4 ilə endirilib. X.Seyidovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar çıxarılıb.

İttiham aktına görə, E.Avadyayev 2014-cü ilin 6 dekabr tarixində "Dağ yəhudiləri" dini icmasının keçmiş sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə X.Seyidov, C.Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar. Həmin şəxslər evə daxil olaraq, ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər.

Daha sonra onlar evdə yaşayan şəxslərin əl-qolunu bağlayıb. Təqsirləndirilən şəxslər evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər. Həmin şəxslər zərərçəkmiş B.Simanduyevə cəmi 536 min 423 manat məbləğində olmaqla külli miqdarda, L.Simanduyevaya isə cəmi 245 manat məbləğində maddi ziyan vurmaqla quldurluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Seyidov 12 il, E.Avadyayev 14 il və C.Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, B.Simanduyev 2015-ci ildə icma sədrliyindən istefa verib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.