Ölkə

Millət vəkilindən maraqlı təklif - "Novruz bayramı ilə bağlı bəzi adətlər dəyişməlidir"

22 Mart 2017 16:10
Baxış: 7 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçəl, Kosa və Bahar qızını daha intellektual formada təqdim etməliyik.

"Novruz Azərbaycanın ən əziz və əhəmiyyətli bayramıdır. Bu bayram Azərbaycan xalqının, eləcə də digər türk xalqlarının milli yeni ili deməkdir. Əgər təbiətdə baş verən proseslərə diqqət yetirsək, görərik ki, əslində yaz gecə-gündüz bərabərləşməsi yeni ilin, yeni fəslin başlanğıcıdır. Ona görə də Novruz bayramını milli yeni il kimi səciyyələndirsək, daha doğru olar".

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Novruz bayramı, adət-ənənələri ilə bağlı fikirlərini bölüşərkən deyib. 

Onun fikrincə, Novruz bayramı həm də bizim azadlığımızın tarixidir: "Ulu öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanda çox bayramlar var, amma bizim üçün ən əziz bayram Novruz bayramıdır. Düşünürəm ki, Novruz bayramı Azərbaycan xalqının hər bir fərdinin milli yaddaşından, qan yaddaşından gələn sevinc günləridir. Çünki bu, təkcə bayram deyil, eyni zamanda bu bayramın süjetini tarixi dastanlardakı süjetlərlə identifikasiya etməyə çalışsaq, oxşarlıq axtarsaq, görərik ki, bu, "Ergenekon" dastanında təsvir olunan hadisələrdən sonra meydana gələn bayramdır. Lakin mənim fikrimcə, bu həmin dastandan əvvəl qeyd edilən milli bayramımızdır. Çünki azadlığa çıxmaq istəyən əcdadlarımız bunun üçün müqəddəs bir günü - martın 21-ni seçmişdilər. Onlar bu günün yeni ilin başlanğıcı və uğurlu gün olduğunu, baharın gəldiyini, təbiətin oyandığını bilirdilər. Əcdadlarımız bu günü həm də milli oyanış günü kimi qəbul edərək "Ergenekon" dastanındakı süjetlə eyniləşdirərək məhz həmin tarixdə əsarətdən qurtuldular. Ona görə də düşünürəm ki, bu Novruz bayramı bizim həm də azadlığımızın tarixidir, millət olaraq tarixə möhür vurduğumuz gündür".

Millət vəkili Novruz bayramının əvvəlki illərə nisbətən daha sönük qeyd olunması fikri ilə razılaşmır: "Ola bilsin ki, biz uşaqlıqda bayramı daha coşqu ilə qarşılayırıq, amma yaşımız artdıqca bizə elə gəlir ki, bayram bir qədər sönükləşir. Əslində ona yeni nəslin, generasiyanın, uşaqların, gənclərin gözü ilə baxanda görərik ki, əksinə, bu bayram hər il daha təravətli və daha gözəl keçir".

Bununla yanaşı, H.Babaoğlu hesab edir ki, Novruz bayramı adət-ənənələri dərindən tədqiq olunmalı və onlarda müəyyən dəyişikliklər edilməlidir: "Bizim folklorşünaslarımız, tarixçi alimlərimiz, etnoqraflarımız Novruz adətlərini bir qədər təkmilləşdirməlidirlər. Çünki Novruz bayramı Sovet dövründə bir standarta salındı. Nəticədə bizə gerçəkliyi heç də tam əks etdirməyən, tarixi ənənələrdən bir qədər ayrı düşmüş şəkildə təqdim edildi, müəyyən rituallar və personajlar isə onun simvoluna çevrildilər. Amma tarixi ənənəni qaytarmaq, onu millətimizə qazandırmaq üçün Novruz bayramı ilə bağlı bütün məsələlər dərindən araşdırılmalıdır. Hətta o ənənəvi rituallar məhz tarixdəki hadisələrlə uzlaşdırılaraq yeni keyfiyyətdə və bir qədər intellektual formada təqdim olunmalıdır. Məsələn, çox zaman Novruz mahnıları, bayatıları kimi alışdığımız və tez-tez söylənilən fikirlərdə ardıcıllıq, yaxud məzmun olmur. Keçəl, Kosa, Bahar qızı kimi personajları isə tarixi yaddaşımızda olan dolğun məzmunla yükləyərək onları daha intellektual şəkildə təqdim etməli, cəmiyyətimizə yenidən qazandırmalıyıq. Fikrimcə, bu istiqamətdə ciddi addımların atılması vacibdir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.