Ölkə

Ombudsman 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

17 Mart 2017 18:23
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb.

Milli.az xəbər verir ki, Ombudsman Aparatından Trend-ə verilən məlumata görə sənəddə deyilir ki, 1918-ci ilin mart ayından etibarən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, insanlar diri-diri yandırılıb, nadir tarixi abidələr, xəstəxanalar, məktəblər, məscidlər dağıdılıb: "Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel 1918-ci il tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Həmin soyqırımın davam etdiyi dövrdə ölkəmizin ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını, ziyarətgahları top atəşinə tutaraq dağıdıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb, habelə karvansarada vəhşicəsinə öldürülmüş insanların meyitlərini elə oradaca yandırıblar. Azərbaycanlıların soyqırımı əsasən Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib, 7000 nəfər öldürülüb. Quba qəzasında da qanlı hadisələr eyni tərzdə cərəyan edib, erməni hərbi dəstələri 122 kəndi yandırıb, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetiriblər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülüb, neçə-neçə ev talan edilmiş və yandırılıb. Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində yüz minlərlə soydaşımız soyqırıma məruz qalıb. Aradan uzun illər keçsə də, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub".

Bəyanatda qeyd edilib ki, 31 mart - Azərbaycanlıların soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib: "Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına inanırıq".

Sənəd BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin insan hüquqları üzrə ali komissarına, YUNESKO-ya, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.