Ölkə

Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair sərəncam imzalayıb

17 Mart 2017 18:09
Baxış: 871

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. Əhalisinin sayı 579 min nəfərdən çox olan 28 şəhər və rayon mərkəzində içməli su təchizatı sistemi yenidən qurulub, 24 rayonun 620 min nəfərdən çox əhalisi olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb, 49 rayonun 360 min nəfərdən çox əhalisi olan 343 yaşayış məntəqəsində içməli su təchizatı sistemi qurulub.

Hazırda 790 min nəfər əhalisi olan 16 şəhər və rayon mərkəzində içməli su təchizatı sisteminin yenidən qurulması, 15 rayonun 77 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması işləri aparılır.

Sərəncamda qeyd olunur ki, əhalinin içməli su ilə təmin edilməsi məqsədi ilə 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsində içməli su təchizatı sisteminin qurulması üçün "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.53-cü bəndində nəzərdə tutulmuş 14 milyon manat "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.