Ölkə

Vitse-admiral Şahin Sultanova HÖKM OXUNDU

17 Mart 2017 17:44
0 Şərh     Baxış: 1 906

Bu gün Nəsimi Rayon Məhkəməsinin inzibati binasında Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digər təqsirləndirilən 27 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Milli.Az xəbər verir ki, vəkil Telman Abdiyevin Trend-ə verdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Sultanov 8 il 6 ay azadlıqdan məhrum edilib, ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, ötən prosesdə Ş.Sultanov son söz deyib və məhkəmədən bəraət istəyib. Dövlət ittihamçısı isə Ş.Sultanovun 13 il, digər təqsirləndirilənlərin isə 5-7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, prokuror iş üzrə təqsirləndirilən 3 nəfərə şərti cəza istəyib.

Xatırladaq ki, Respublika Hərbi Prokurorluğunun yaydığı məlumata görə, HDQ-də aparılan yoxlamalar zamanı qanun pozuntuları aşkarlanıb. Qanunazidd əməlləri törətməkdə təqsirli bilinən bir neçə nəfər, eləcə də HDQ-nin sabiq komandanı, vitse-admiral Ş.Sultanov təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında 2015-ci il aprelin 23-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müxtəlif hərbi rütbəli daha 27 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib.

Ş.Sultanov və digər təqsirləndirilən 27 nəfər hərbi qulluqçu Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinir. Bir müddət əvvəl Bakı Hərbi Məhkəməsində Ş.Sultanov barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətə baxılıb. Prosesdə həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar qəbul edilib və o, azadlığa buraxılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.