Ölkə

Xariciyə ucuz, yerliyə baha

16 Mart 2017 07:14
1 Şərh     Baxış: 1 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda bəzi otellər yerli turizm şirkətlərinə xarici şirkətlərə nisbətən daha baha qiymətlər təklif edirlər. İnternetdə bronlaşdırma sistemlərini açanda bu fərqi o dəqiqə görmək olur. Bu məsələ mütləq araşdırılmalı və aradan qaldırılmalıdır. Bizim turizm şirkətlərinin otellərlə münasibətləri yüksək səviyyədə olmalıdır".

Bu barədə Milli.Az-a Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun fikrincə, həmin otellərin marketinq, qiymət siyasəti tamamilə səhvdir, düzgün deyil: "Çünki otel biznesində menecment çox zəifdir, idarəçilik edən adamların çoxu səriştəsizdir. Qoy öz üzərində çalışsınlar. Dünya praktikasından, heç olmasa Rusiya, Türkiyə təcrübəsindən öyrənsinlər ki, işi necə qurmaq lazımdır. Baha qiymətlər təklif etmək olmaz. Bəzi otelllər bayram günləri də qiymətləri qaldırırlar. Bu, düzgün deyil və onlara xeyir gətirməyəcək.

Qiymət stabil olmalıdır. AzTA təklif edir ki, əgər otellər çox qazanmaq istəyirlərsə, ilk növbədə xidmətin keyfiyyətini qaldırsınlar və əlavə xidmətlər təqdim etsinlər. Bundan çox yaxşı pul qazanmaq olar. Həm turistlər bundan məmnun qalar, həm də şirkət qazanar. Amma bayram günlərində otellərdə qiymətləri süni şəkildə qaldırmaq yolverilməzdir! Axı marketinqin qayda-qanunları, menecmentin öz üsulları var. Onları düzgün yerinə yetirsələr, məncə bundan daha çox qazanc əldə edərlər".

M.Ağakərimov hesab edir ki, ümumiyyətlə Azərbaycanda turizmin potensialından kifayət qədər istifadə olunmur: "Azərbaycanın turizm potensialı daha böyükdür və getdikcə daha böyüyəcək, inkişaf edəcək. Amma təəəsüf ki, bu potensialın çoxundan biz lazımınca istifadə etməmişik. Çünki Azərbaycanın iqlimi, coğrafi şəraiti, mədəniyyəti, tarixi, mətbəxi imkan verir ki, aparıcı turizm ölkələri ilə rəqabətə girsin. Biz bunlardan düzgün istifadə edib dünyaya təqdim etməyi bacarmalıyıq".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.