Ölkə

Keçmiş MTN generalının villasında usta işləmiş şəxs məhkəmə zalından azadlığa buraxıldı

28 Fevral 2017 11:00
0 Şərh     Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında çalışan iki qardaş - Ramil Aslanov və Vasif Aslanovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə report-a vəkil Adəm Məmmədov məlumat verib.
Onun sözlərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, apellyasiya şikayəti isə təmin edilib.
Belə ki, birinci instansiya məhkəməsinin V.Aslanovun barəsində çıxardığı bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. R.Aslanovun 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası isə 1 il 4 aya endirilib. Həmin müddət bitdiyindən, o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən R.Aslanov iş icraçısı kimi general T.Quliyevin Bakı şəhəri, Nərimanov rayonu, E.Qocayev, 34 ünvanında yerləşən yaşayış evinin tikintisində təmir bərpa işlərinə rəhbərlik edib. İşdə zərərçəkən kimi tanınan Elmir Həsənov isə evin təmirində usta kimi işləyib. Tərəflər villarının üzlük işlərinin ay yarıma tamamlanması üçün 2015-ci ilin mayında razılaşıblar.
İş prosesində "podratçı" ilə icraçılar arasında pul üstündə mübahisə yaranıb. Aslanov qardaşları ilə zərərçəkən arasında dava isə general T.Quliyevin işdən çıxarılması, MTN-dəki mütəşəkkil qruplaşmanın zərərsizləşdirilməsi əməliyyatı ərəfəsinə təsadüf edib.

Belə ki, 7 oktyabr 2015-ci ildə evin üzlük vurulması işlərini görmüş E.Həsənov ona ödənilməli olan 28 min manat pulu Ramil və Vasif Aslanov qardaşlarından tələb edib. R.Aslanov isə danışdıqları puldan artıq xərclərinin çıxdığını bildirərək pulu verməkdən imtina edib. Bununla bağlı E.Həsənov və Aslanov qardaşları aralarında mübahisə yaranıb. Mübahisə zamanı V.Aslanov onu təpiklə vurub. Aslanov qardaşları həyətdəki işçiləri qovaraq çölə çıxarıblar və dəmir qapını içəridən bağlayıblar, E.Həsənovu 30 dəqiqə ərzində villanın həyətində saxlayaraq qanunsuz azadlıqdan məhrum ediblər.

Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli bilinərək, barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Aslanov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V.Aslanovun barəsində isə bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti, R.Aslanov isə apellyasiya şikayəti verib.

Xatırladaq ki, hazırda T.Quliyev və digər MTN əkdaşlarının cinayət işi üzrə məhkəməsinə Sabunçu Rayon Məhkəməsininin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə baxılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.