Ölkə

Özəlləşdirmə çeklərindən yenidən istifadə etmək olacaq?

24 Fevral 2017 10:43
1 Şərh     Baxış: 8 565
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Son dövrlər özəlləşdirmə paylarının, yəni çeklərin yenidən istifadə imkanları ilə bağlı çoxsaylı suallar alıram. Bildirmək istərdim ki, Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə müddəti başa çatıb".

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, özəlləşdirmə paylarının istifadə müddəti hələ 6 il bundan əvvəl başa çatıb: "Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki, müvafiq fərmanlar ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla çeklərin tədavül müddəti artırılıb. Beləliklə, çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb".

Ekspert qeyd edib ki, məsələnin digər tərəfi var. Belə ki, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir: "Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də az saylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır. Hətta çeklərin istifadə müddəti başa çatandan sonra da onların "qara bazar"da qeyri-leqal alış-satışı həyata keçirilirdi".

V.Bayramov istifadəsiz qalmış həmin 6,38 milyon çekdən istifadənin mümkün olub-olmaması məsələsinə aydınlıq gətirib: "Qanunvericiliyə əsasən, çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var. Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə istifadə olunacağı halda çeklərə dolayı tələb yarada bilərdi. Təbii ki, 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin təhlükəsizlik elementlərinin həmin dövrün tələblərinə uyğun olması da problemin başqa tərəfidir. Bu, onların saxtasının hazırlanması risklərini artırır.

Bununla belə, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür. Bu zaman çeklərin kiçik özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər. Amma bütün hallarda imkan olsa belə, bu, saxta çeklərin dövriyyəyə daxil olmasına şərait yaratmamalıdır".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.