Ölkə

Azərbaycandan regiona töhfə - Sülh və iqtisadi təhlükəsizlik

21 Fevral 2017 14:32
Baxış: 2 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədəki çıxışı bildirdi ki, Azərbaycan regional əməkdaşlığa, sülhə, xüsusən də tərəfdaş ölkələrin iqtisadi və enerji təhlükəsizliyinə töhfə verən bir dövlətdir.

Bunu Milli.Az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, Azərbaycan Avropanın iqtisadi, eləcə də enerji təhlükəsizliyinin formalaşmasında vacib ölkələrdən biri yox, hətta məhz vacib dövlətdir:

"Baxmayaraq ki, Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı müəyyən iqtisadi çətinliklər və texniki sədlər vardı, lakin Azərbaycanın düzgün siyasəti və Avropa Birliyinin yanaşmasında müəyyən dəyişikliklər baş verdikdən sonra bu problemlər aradan qalxmağa başladı. Azərbaycan regional layihələr vasitəsilə regionun enerji təhlükəsizliyinin formalaşmasına töhfələr verir. Bu, xüsusən də özünü Türkiyə və Avropa Birliyinin enerji təhlükəsizliyinə dəstəyi formasında göstərir. TANAP layihəsinin reallaşması Türkiyənin Azərbaycandan əlavə olaraq təxminən 7 milyard kubmetr qaz almasına gətirib çıxaracaq. TAP layihəsi vasitəsilə Azərbaycan Avropaya birinci mərhələdə 10 milyard kubmetr, daha sonra 20 milyard kubmetr mavi yanacaq nəql edəcək. Bu da Avropanın enerji təhlükəsizliyinin formalaşmasında kifayət qədər vacib element kimi qiymətləndirilir.

Digər tərəfdən, mavi qazla yanaşı, Azərbaycan həm də Avropanın neftə olan tələbatının 5 faizə yaxınını ödəyir və xüsusilə Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə Avropanın enerji təhlükəsizliyinə neft ixracatı ilə də töhfə verir".

Ekspert qeyd edib ki, regional layihələr sadəcə enerji sektoru ilə məhdudlaşmır. Belə ki, Azərbaycan eyni zamanda regionda nəqliyyat dəhlizlərinin reallaşmasında da yaxından iştirak edən ölkədir:

"Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşması həm Azərbaycana üzərindən yüklərin daşınmasına imkan verəcək, həm də regionda təhlükəsizliyə, sülhə və əməkdaşlığa dəstək olacaq. Çünki Şimal-Cənub nəqliyyat dəhlizi sadəcə Rusiya, İran və Yaxın Şərqin birləşdiyi nəqliyyat layihəsi deyil. Bura Hindistan kimi regiondan kifayət qədər uzaq olan, eləcə də beynəlxalq yükdaşımalarda aparıcı rola malik ölkələr də daxildir. Qərb-Şərq nəqliyyat dəhlizi isə Avropanı Asiya ilə birləşdirir və bu dəhliz Azərbaycandan keçir. Xüsusən də ölkədə 2016-cı ildə logistika sahəsində aparılan islahatlar Azərbaycan üzərindən daşınan qeyri-neft sektoru məhsullarının həcminin 65 faiz artmasına gətirib çıxarıb. Ötən il ölkəyə daxil olan yüklərin 85 faizi tranzit məqsədi ilə digər ölkələrə nəql edilib. Bu isə ondan xəbər verir ki, Azərbaycan artıq tranzit ölkə olaraq regionda mövqeyini möhkəmləndirir. Bu, ölkənin logistika və xidmətlərdən daha çox gəlir əldə etməsinə və bütövlükdə regionda əməkdaşlığın güclənməsinə töhfəsi baxımından çox vacibdir".

Mərkəzin rəhbəri hesab edir ki, bu baxımdan Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır: "Azərbaycanın mövcud iqtisadi siyasəti də, xüsusən də 2017-ci ilin ilk iki ayında prezident İlham Əliyevin İsveçrəyə, Belçikaya və Almaniyaya səfərlər etməsi də göstərir ki, Azərbaycan bütün tərəfdaşları ilə, o cümlədən AB ilə strateji əməkdaşlıq hədəflərini qoruyub saxlayacaq. Bu, Azərbaycanın növbəti illərdə də Avropa Birliyi üçün əhəmiyyətli tərəfdaş olması anlamına gəlir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.