Ölkə

"Prezidentin bu sərəncamı ölkədə böyük dəyişikliklərə səbəb olacaq"

14 Fevral 2017 16:28
Baxış: 8 083

Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı Azərbaycan cəmiyyətinə müsbət mənada çox şeylər verəcək.

Bunu Milli.Az-a açıqlamasında Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əhməd Abbasbəyli deyib.

Komitə üzvünün fikrincə, sərəncamın əsas hissəsi və inqilabi dəyişiklik Probasiya xidmətinin yaradılması ilə bağlıdır:

"Bu xidmətin yaradılması ilə əlaqədar cəmiyyətdə çoxdandır müzakirələr gedir. Qərb ölkələrində, bizə yaxın ölkələrdə, hətta Gürcüstanda probasiya xidməti çoxdan fəaliyyət göstərir. Probasiya sisteminin yaradılması cəzaların humanistləşdirilməsi yolunda atılan bir addımdır. Cəmiyyətdə elə insanlar var ki, xüsusilə gənc yaşlarında xırda bir qanun pozuntusu törətməklə cəzaçəkmə müəssisələrinə düşə bilər. Onlar da cəzaçəkmə müəssisələrinə düşəndə, xüsusilə də qatı cinayətkarlarla bir yerə düşəndə o islah olunmaqdansa bir az da pozulur. Onun cəmiyyətə normal insan kimi qayıtmaq ehtimalı azalır. Amma probasiya olanda müəyyən cəzaları var ki, onları bir sıra alternativ digər cəzalarla da əvəz etmək olur. O zaman hansısa bir səhvə yol vermiş gənci qapalı mühitdə cinayətkarla bir yerə salmağa ehtiyac qalmır. Məsələn, xırda oğurluqlar olur, ya da hərbi xidmətdə biri əsgər yoldaşına qarşı xırda xuliqanlıq edir, yaxud da qadınlar var ki, kiçik qanun pozuntusuna görə cəzaçəkmə müəssisəsinə salınır. Biz bununla artıq bəri başda o şəxsin cəmiyyətə normal insan kimi qayıtmasına əngəl yaradırıq".

Ə.Abbasbəyli hesab edir ki, prezidentin sərəncamı həm idarəetmənin təkmilləşdirilməsi, həm də cəzaların humanistləşdirilməsi deməkdir: "Düzdür, istənilən cinayət cəzasız qalmamalıdır, amma cəzanın ağırlıq dərəcəsi var ki, bu da ədalətli olmalıdır. Məsələn, kəndə ehtiyac üzündən bir toyuq oğurlayan şəxsi aparıb 20 il həbsxanada yatan şəxslə yanaşı qoysan, təbii ki, onun təsiri altına düşəcək. Bu mənada nisbətən yüngül cinayət törətmiş insanı həm cəzalandırmaq, həm islah etmək, həm də cəmiyyətdə nümunə göstərmək üçün probasiya üsulundan istifadə olunur".

Onun sözlərinə görə, bu sərəncam ölkəmizin istər Avropaya inteqrasiya, istər demokratikləşmə, istərsə də şəffaflığın yaradılması istiqamətində görülən işlərin bariz nümunəsi olacaq: "Probasiya sistemi beynəlxalq təcrübədə artıq neçə illərdir ki, mövcuddur. Prezidentin bu sərəncamı bir daha sübut elədi ki, Azərbaycan bu sahədə islahat və inkişaf yolunu davam etdirir. Bu addım, ilk növbədə, vətəndaşlara olan diqqətdir. Məsələn, biz ictimai komitə üzvü kimi görürdük ki, 18-19 yaşlı gəncin illərin təcrübəsi olan şəxslə türmədə bir yerdə yatması və onun təsiri altında olması cəmiyyətimizə xeyir gətirən hal deyildi. Amma o gəncin alternativ cəza ilə cəzalandırması müsbət addım olardı".

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.