Ölkə

BDU-da facebook statusu böyük qalmaqal yaratdı - AUDİO

23 Yanvar 2017 18:06
Baxış: 5 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sizə tapşırıram, axırıncı dəfə sizə deyirəm, belə tipli, Könül xanım haqqında, Cahangir müəllim haqqında, mənim haqqında, ümumiyyətlə tutorlar, dekanlıq haqqında biriniz bir kəlmə artıq-əskik, lağa qoyulacaq şəkildə sosial şəbəkədə bir cümlə yazın..."

Milli.Az-ın məlumatına görə,  "Qafqazinfo" Abzas.net-ə istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərərək bildirib.

2013-cü ildə vəzifəyə təyin olunan gənc dekan müavini tələbələrdən tələb edir ki, dekanlıq haqqında sosial şəbəkələrdə bir cümlə belə yazmasınlar. Əgər kim tənqid etsə, şəxsən onun təqdimatı ilə həmin tələbəyə töhmət verdirəcəyini bildirib.

Dekan müavini bildirir ki, nizam-intizam işlərinə o baxır: "Şəxsən mən nizam-intizam qaydalarını pozduqlarına görə, dekanlığın, mətbəxin məlumatını çölə çıxardıqlarına görə onlara töhmət verdirəcəm. Bax deyirəm sizə, axırıncı dəfə deyirəm".

Aytəkin Zeynalova səsli mesajında bildirib ki, tələbələrdən birinə dişinin dibindən çıxanı deyib. O bildirib ki, Leyla adlı tələbənin yazdığı statusa görə dünən onun təzyiqi qalxıb: "Utanmazlar, ayıb olsun sizə!"

"Qeyri-obyektivliklə o boyda universitetin mətbuat xidmətinin rəhbərini məzəyə qoyublar, Cahangir müəllimi məzəyə qoyublar. Utanmırlar, Könül xanımı məzəyə qoyublar ki, guya, qeyri-obyektiv yoxlayıblar. İndi də bu Fuad özündən alim olub, deyir, dekanlıq hara baxırdı. Yox, dekanlıq oturub səni güdəsiydi, sən imtahanda nə edirsən".

Aytəkin Zeynalova tələbələrə xəbərdarlıq edib ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir görüləcək.

Aytəkin Zeynalova 1982-ci ildə Bakıda anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.

Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin "TEM-də Tutorların əlaqələndirilməsi və nəzarət qrupu"nun rəhbəri olub, 2013-cü ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.

Milli.Az xəbər verir ki, dekan müavini Aytəkin Zeynalova ilə bağlı yayılan səs yazısı ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Cahangir Məmmədli münasibət bildirib.

C.Məmmədli Modern.az-a deyib ki, dekan müavini Aytəkin Zeynalova tələbələri sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb:

"Mövcud hüquqi aktlara uyğun olaraq ali təhsil müəssisələrində təhsil alan tələbələr daxili nizam-intizam qaydalarına mütləq əməl etməlidirlər. Bakı Dövlət Universitetində də daxili nizam-intizam qayaları haqqında təlimat var. Tələbələr I kursa qəbul olunanda həmin təlimatla tanış olur və ona riayət etmələri barədə sənəd imzalayırlar. Jurnalistika fakültəsinin sosial məsələlər üzrə dekan müavini Aytəkin Zeynalova tələbələrə sadəcə daxili nizam-intizam qaydalarına əməl etməyə çağırıb".

C.Məmmədli bildirib ki, Aytəkin Zeynalovanın tələbi sadəcə sərt alınıb:

"Dekan müavininin tələbi bir az sərt alınıb. Əks halda, nizam-intizam qaydalarındakı təlimata əsasən, müvafiq ölçü götürüləcəyini bildirib. Hər bir tələbə bu qaydalara riayət etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.