Ölkə

Bəzi yollar tam bağlanacaq, bəzilərində hərəkət məhdudlaşdırılacaq

19 Yanvar 2017 21:05
Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırılacaq, müəyyən vaxt isə yollar tamamilə bağlanacaq.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, İdarə tərəfindən 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı xüsusi tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək:

"Həmin gün səhər tezdən Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət edəcəklər. Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından, keçmiş Əzizbəyov heykəlinin olduğu dairədən Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər.

Plana əsasən, Şəhidlər xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 07:00-dan mərasim başa çatanadək Bakının Mikayıl Müşviq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşviq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsində "Teleteatr" binasının qarşısından, Milli Məclisin inzibati binasının arxa hissəsində İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən Parlament prospekti - Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq".

Bununla əlaqədar Yol Polisi İdarəsi sürücüləri həmin gün göstərilən istiqamətlər üzərindən hərəkət edərkən alternativ yollara üstünlük verməyə, ümumiyyətlə şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Bölmə rəisi qeyd edib ki, vətəndaşların Şəhidlər xiyabanını ziyarət etməsi saat 11:00-dan başlayacaq və axşam saatlarınadək davam edəcək.

Qeyd edək ki, yanvarın 20-də saat 12:00-da bütün respublikada, o cümlədən paytaxtda bir dəqiqəlik sükut elan ediləcək, yollarda bütün avtomobillərdə siqnal, metroda qatarlar, dənizdə isə gəmilər dayanaraq eyni anda fit verəcəklər.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.