Ölkə

Ana və körpə ölümünün ilkin səbəbi AÇIQLANDI - YENİLƏNİB

19 Yanvar 2017 16:03
28 Şərh     Baxış: 7 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:03

Ağcabədi rayonunda doğuş zamanı baş verən ana və körpə ölümünün ilkin səbəbi məlum olub.

Milli.Az bildirir ki, Ağcabədi Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Qaraşova Təzəgül Əliş qızının ölümünə preeklampsiya və böyrək çatışmazlığı səbəb olub. 

Xəstəxanaya çatdırılan 32 yaşlı qadın qeysəriyyə əməliyyatı ilə 2, 100 qram çəkidə qız uşağı dünyaya gətirib. T.Qaraşova əməliyyatdan sonra vəfat edib. 9 aylıq hamiləlik dövrü tamamlanmadığı üçün doğulan körpənin Sabirabad rayon Perinatal Mərkəzinə aparılmasına qərar verilib. Körpə mərkəzə aparılarkən yolda ölüb.

Ağcabədi MRX-dan onu da bildiriblər ki, bu, T.Qaraşovanın 3-cü hamiləliyi olub. Bundan əvvəl iki dəfə onun hamiləliyi vaxtından əvvəl başa çatdığı üçün körpələr ölüb.

Qeyd edək ki, hadisə ötən gecə Ağcabədi  Mərkəzi Rayon Xəstəxanasının Doğum evində baş verib.

Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı və onun dünyaya gətirdiyi körpə həyatını itirib.

Faktla bağlı rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

---------

13:47

Dünən Ağcabədi rayonunda ana və körpəsinin doğuş vaxtı vəfat etməsi ilə bağlı araşdırma aparılır. Lent.az xəbər verir ki, faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.   

Xəstəxanadan bildirilib ki, 32 yaşlı Təzəgül Qaraşova həkimlərin rəyi əsasında qeysəriyyə əməliyyatı edilib. Əməliyyatla körpə dünyaya gəlib, lakin qadının halı normallaşmayıb və həkimlərin müdaxiləsinə baxmayaraq o vəfat edib. Bir neçə saat sonra isə körpə də ölüb.

Faktla bağlı Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiya və Məhkəmə Tibbi Ekspertiza və Patolooji Anatomiya Birliyi tərəfindən ölümün səbəbləri ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri bəlli olduqdan sonra məlumat veriləcək. 

----------

13:02

Ağcabədi rayonunda ana və körpəsi dünyasını dəyişib.

Bu barədə azvision.az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov bildirib. Onun sözlərinə görə, Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı kəskin böyrək çatışmazlığı və preklampsiya diaqnozu ilə xəstəxanaya gətirilib.

"Biz Sabirabad Perinatal Mərkəzi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, xəstəni mərkəzə ağır vəziyyətdə gətirsək, yolda vəziyyəti pisləşə bilər. Bu səbəbdən xəstə təcili əməliyyata alındı. Qeysəriyyə əməliyyatından sonra uşaq Sabirabad Perinatal Mərkəzinə göndərildi, amma orada dünyasını dəyişdi. Ana isə əməliyyatdan 6 gün sonra rəhmətə getdi". 

A.Hüseynovun sözlərinə görə, əməliyyatdan sonra ana sidiyə gedə bilmədiyindən vəziyyəti ağırlaşıb: "Bakıdan həkimlər çağırdıq. 6 gün reanimatoloji tədbirlər görüldü. Ancaq nəticəsi olmadı. Ananın bundan əvvəl iki dəfə hamiləliyində düşük olub. Onlar da böyrək problemi ilə bağlı olub. Hamiləlik zamanı ana müayinəyə mütəmadi getməyib. Dəfələrlə həkimlər evə gəlib, müraciət etsə də, müayinələrdən vaxtlı-vaxtında keçməyib".

----------

12:26

Ağcabədi rayonunda doğuş zamanı ana və körpə ölümü baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ağcabədi rayon Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı ötən gecə Ağcabədi  Mərkəzi Rayon Xəstəxanasının Doğum Evinə daxil olub. Doğuş zamanı əvvəlcə ana, daha sonra dünyaya gətirdiyi körpə həyatını itirib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Mili.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.